Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadi modelimizin başlıca prinsipi bütün sahələrin bərabər inkişafına nail olmaqdır

12 Avgust 2017
 

Dünya iqtisadiyyatının əsasını təşkil edən sərbəst iqtisadiyyatın ümumi oxşarlıqları ilə yanaşı, hər ölkə üzrə özünəməxsus inkişaf istiqamətləri də var. Son dövrlər iqtisadiyyatı sürətlə inkişaf edən Çin, Sinqapur, Malayziya və Cənubi Koreya və digər ölkələrin ümumi oxşarlıqları ilə bərabər, özünəməxsus inkişaf dəst-xətləri mövcuddur. Bu baxımdan ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra iqtisadi inkişaf yolu kimi sərbəst bazar iqtisadiyyatını seçsə də, ötən dövrə diqqət yetirdikdə aydın görərik ki, Azərbaycanın da özünəməxsus iqtisadi inkişaf konsepsiyası var.

Sirr deyil ki, ölkəmizin iqtisadiyyatında neft sektoru başlıca rol oynayır. Buna görə də müstəqilliyimizin ilk illərində ulu öndər tərəfindən yeni neft strategiyası işlənib hazırlandı. Bu strategiyanın əsas məqsədi ölkə iqtisadiyyatına xarici sərmayə cəlb etməklə neft sənayesini müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək idi. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmaqla bu strategiyanın həyata keçirilməsinə start verildi. Dünyanın transmilli neft şirkətləri ilə bağlanan müqavilə qısa müddətdə öz bəhrəsini verdi. Belə ki, bir neçə ildən sonra, həmin müqavilənin şərtlərinə görə, ölkəmiz hasil edilən neftdən maliyyə vəsaiti almağa başladı.
Sonrakı mərhələdə əsas məsələ həmin vəsaitdən düzgün istifadə edib ölkənin sosial-iqtisadi problemlərini həll etmək idi. Beləliklə, neftdən əldə edilən vəsait ilk dəfə Azərbaycanda nəhəng infrastruktur layihələrin həyata keçirilməsinə sərf edildi. Ona görə ki, mükəmməl infrastrukturu olmayan ölkə iqtisadi cəhətdən inkişaf etmiş ölkə sayılmır. Həm də infrastrukturun inkişafı iqtisadiyyatın inkişafına stimul verən başlıca amildir.
Artıq bu sahədə görülən işlər sayəsində beynəlxalq əhəmiyyətli layihələr icra olunub və hazırda bir sıra layihələr də uğurla icra edilir. Bununla yanaşı, ölkədaxili əhəmiyyətli layihələrin icrası həyata keçirilir. Həmin layihələrə əsasən ölkəmizin ucqar rayon və kəndlərinin yolları asfaltlanır, elektrik xətləri çəkilir, içməli və təsərrüfat əhəmiyyətli su ilə təmin edilir. Eyni zamanda, həmin bölgələrdə bir sıra sosial obyektlər - məktəblər, xəstəxanalar tikilərək istifadəyə verilir.
Neft kapitalından iqtisadiyyatın inkişafı üçün istifadə edilən yollardan biri də özəl sektorun maliyyələşdirilməsidir. Bu, Azərbaycanın inkişaf modelinin əsas xüsusiyyətlərindən biridir. Belə üsuldan istifadə edilməsi təsadüfi deyil. Çünki sovetlər dönəmində xüsusi mülkiyyətçilik dövlət tərəfindən qadağan edilmiş, Azərbaycanda sahibkarlıq sinfi sıradan çıxarılmışdı. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi isə sahibkarlar və özəl sektordur. Bu iki anlayış bir-biri ilə sıx bağlıdır. Dövlət özəl sektorun inkişafı üçün sahibkarlıq sinfini formalaşdıraraq onun başlıca sponsoru oldu. Belə ki, sahibkarlara milyardlarla manat güzəştli kredit verilib, müxtəlif subsidiyalar ödənilib, aşağı qiymətlə texnika, damazlıq heyvan və toxum satılıb. Nəticədə Azərbaycanda qısa müddət ərzində özəl sektor inkişaf edib, sahibkarlıq sinfi formalaşıb. Statistik rəqəmlər də ölkədə sahibkarlığın inkişafını təsdiq edir. Dövlət Statistika Komitəsinin cari ilin yanvar-iyun ayları üzrə olan məlumatına görə, sənayedə qeyri-dövlət sektorunun payı 79,7 faiz olub. Beləliklə, bu ilin 6 ayı ərzində ümumi daxili məhsulun 60,6 faizi iqtisadiyyatın qeyri-neft sahələrində istehsal edilib. Məlumdur ki, bu sahədə də üstünlük özəl sektora məxsusdur.
Baxmayaraq ki, artıq ölkəmizdə sahibkarlıq sinfi formalaşıb, iqtisadiyyatda aparıcı rola malikdir, bununla belə, dövlət cari ilin birinci yarısında onlara 63 milyon manat həcmində güzəştli kredit verib.
Hazırda ölkə iqtisadiyyatına dəstək məqsədilə investisiya təşviqi mexanizmi uğurla həyata keçirilir. Bu mexanizm işə düşdükdən sonra ölkə iqtisadiyyatına 1,6 milyard manat dəyərində investisiya qoyulub. İnvestisiya təşviqi mexanizmi sahibkarların hərtərəfli dəstəklənməsinə istiqamətlənmiş iqtisadi siyasətin bir hissəsidir.
Qeyd edildiyi kimi, ölkə iqtisadiyyatının əsas sahəsini neft sənayesi təşkil edir. Neft sənayesinin inkişafı və onun gəlir gətirməsi ümumi inkişafımızın başlıca faktorudur. Lakin vaxtında ölkənin neftdən asılılığının aradan qaldırılması üçün düzgün iqtisadi konsepsiya işlənib hazırlandı. Bu, qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Belə strategiyanın seçilməsi də təsadüfi deyil. Son illərin təcrübəsi göstərir ki, dünya bazarında neftin qiyməti qısa zaman kəsiyində kəskin şəkildə artıb-azala bilir. Bu da iqtisadiyyatda müxtəlif kataklizmlər yaradır. Buna görə də iqtisadiyyatın neft amilindən asılılığının aradan qaldırılması zərurəti yarandı.
Sənayenin qeyri-neft sektorunun inkişafı üçün görülən işlər də yuxarıda qeyd edilən amillərlə bağlıdır. Belə ki, ölkə iqtisadiyyatının neft asılılığından qurtulması üçün qeyri-neft sektorunun inkişafı vacib idi. Dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən iqtisadi siyasətin başlıca amili də ölkənin hərtərəfli inkişafını təmin etməklə neft asılılığına son qoymaqdır. Hazırda sənayedə qeyri-dövlət sektorunun payının 79,7 faiz olması bu siyasətin uğur qazanmasını təsdiq edir. İndi əsas məsələ ixracatda bu sektorun payını artırmaqdır. Cari ilin 6 ayının göstəricilərinə görə, qeyri-neft sektorunun ixracatda payı 27 faiz təşkil edir. Bu, sözsüz ki, neft ölkəsi üçün yüksək rəqəmdir. Nəzərə almalıyıq ki, qeyri-neft sektorunun inkişafı istiqamətində ilkin mərhələdəyik, qarşıda daha böyük işlərin görülməsi planlaşdırılıb.
İqtisadi siyasətimizin prioriteti müasir texnologiyalara əsaslanan, dünya bazarına məhsul ixrac edə biləcək müəssisələrin yaradılmasıdır. Bu istiqamətdə müəyyən işlər görülüb. Sumqayıtda Texnologiya Parkı fəaliyyət göstərir. İndi Mingəçevir Sənaye Parkının tikilməsi istiqamətində işlər görülür. Burada 9 zavod tikiləcək. Həmin müəssisələrin fəaliyyəti sayəsində 5 mindən çox adam işlə təmin olunacaq. Balaxanı parkında isə 5 zavod fəaliyyətə hazırdır. Neftçala sənaye zonasında da yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında 2 dərman zavodunun təməli qoyulub. Masallı sənaye zonasında isə torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib. Bütün bunlar ölkədə qeyri-neft sektorunun inkişafını təmin etməklə ixracatda payın artmasına imkan yaradacaq.
Qeyri-neft sektorunda ən böyük çəkiyə sahib olan sahələrdən biri aqrar sektordur. Aqrar sektor ölkənin ərzaq təhlükəsizliyini təmin etməklə bərabər, digər sahələrin də inkişafına təkan verir. Pambıqçılıq və ipəkçiliyin inkişafı yüngül və toxuculuq sənayesinin inkişafının başlıca xammal bazasıdır. Elə Mingəçevirdə tikilən sənaye parkının da əsas fəaliyyəti aqrar sektorla bağlı olacaq. Belə ki, burada istehsal edilən məhsullarda pambıq, ipək və dəridən istifadə olunacaq.
Aqrar sektor həm də məhsul ixrac etmək və ölkəyə valyuta gətirmək imkanına malikdir. Son dövrlərin statistikası göstərir ki, aqrar sektorun inkişafı ölkəyə valyuta gətirilməsində müəyyən rol oynamağa başlayıb. Əsas məsələ bu sektorun inkişafını artırmaq, eyni zamanda ərzaq təhlükəsizliyini təmin edib ölkəyə valyuta axınına nail olmaqdır.
Ölkədə iqtisadiyyat inkişaf etdikcə sosial məsələlər öz həllini tapır. Ölkənin paytaxtı ilə bərabər, bölgələrdə də geniş quruculuq, abadlıq işləri görülür. Bunun sayəsində minlərlə məktəb, xəstəxana, uşaq bağçası, olimpiya mərkəzləri və digər obyektlər tikilərək əhalinin sərəncamına verilib. Əhalinin başlıca sosial qayğısı isə işlə təminatıdır. Bu sahədə də uğurlu addımlar atılır, yaxşı nəticələr əldə edilir. Təkcə cari ildə 122 min yeni iş yeri açılıb ki, onun da 101 mini daimidir. İş yerlərinin açılması isə yeni müəssisələrin fəaliyyətə başlamasından asılıdır. Cari ilin yanvar-iyun ayları ərzində müəssisə və təşkilatların sayı 4,9 faiz artıb. Bu da yeni iş yerlərinin açılmasına imkan yaradır.
Əhalinin güzəranının yaxşı olmasının digər göstəricisi onun aldığı əməkhaqqının artmasıdır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artaraq 520,1 manat təşkil edib. Bu rəqəm neft sektorunda 3083,4, qeyri-neft sektorunda 459,8 manatdır. Dövlət müəssisələri ilə müqayisədə özəl sektorda çalsan işçilərin əməkhaqları isə daha yüksəkdir.

Rüstəm KAMAL,
“Azərbaycan”