Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sənayenin qeyri-neft sektorunda 4,6 faiz artım var

12 Avgust 2017
 

Cari ilin yanvar-iyul aylarında ölkə üzrə 21,8 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,6 faiz artmış, neft sektorunda isə 7,1 faiz azalmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə sənaye məhsulunun 70 faizi mədənçıxarma, 24,8 faizi emal, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Mədənçıxarma sektorunda neft hasilatı 8,9, əmtəəlik qaz hasilatı 1,3 faiz azalsa da, emal sektorunda bir sıra məhsulların istehsalında artım baş vermişdir. Belə ki, hesabat dövründə qida məhsullarının istehsalı 2,3, içkilərin istehsalı 30, toxuculuq sənayesi məhsullarının istehsalı 98,5, geyim istehsalı 49, ağacın emalı və ağacdan məmulatların istehsalı 83,3, kağız və karton istehsalı 0,7, kimya sənayesi məhsullarının istehsalı 20,3, rezin və plastik məmulatların istehsalı 57,3, tikinti materiallarının istehsalı 38,3, kompüter və elektron məhsulların istehsalı 57,6, elektrik avadanlıqlarının istehsalı 69, maşın və avadanlıqların istehsalı 19,1, digər nəqliyyat vasitələrinin istehsalı 19,3, mebel istehsalı 26,1 faiz və əczaçılıq məhsullarının istehsalı 2,2 dəfə artmışdır.