Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadi sahələrdə 1,5 milyondan çox adam işləyir

12 Avgust 2017
 

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 527,7 min nəfər olmuşdur.

Onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət, 646,6 min nəfəri qeyri-dövlət sektorlarında fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 21,7 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi tikinti, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,7 faizi isə digər sahələrdə məşğul olmuşlar.

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatına muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 522 manata çatmışdır. Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.