Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Torpağa bağlı ömür

12 Avgust 2017
 

Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində iştirak edəcəyini biləndə Mirzə Cümşüdov sanki rahatlığa qovuşdu. Fikir, xəyal onu neçə-neçə illərə apardı...

Elə bil hər şey dünən olmuşdu. Erməni separatçıları havadarlarının köməyi ilə Laçın camaatını doğma ev-eşiyindən, isti ocağından perik saldı. Köç karvanı əsasən Bakıya istiqamət götürsə də, Mirzə şəhərdə qərar tuta, rahatlıq tapa bilməyəcəyini düşünüb doğma yurddan çox da uzaqlaşmamağa qərar verdi. Yolunu cəbhə bölgəsi olan Tərtər rayonunun İsmayılbəyli kəndinə saldı.

Kənd camaatı onları doğmaları kimi qarşılasalar da, Mirzə bütün günü fikirli dolanır, kimsəyə yük olmamaq, kimsədən kömək ummamaq üçün düşünüb-daşınır, yollar arayırdı. Dost-tanışları ailəsini dolandırmaq üçün ona ticarətlə məşğul olmağı məsləhət görsələr də, razılaşmadı. Torpaq  həsrətlisi olduğu üçün  torpağa mehr saldı, halal zəhmətinə güvəndi. Yurd nisgili ürəyini göynətsə də, günlərini torpaqla ünsiyyətdə keçirdi, dərdini, nisgilini, şirin arzularını toxuma qarışdırıb torpağa səpdi, yaşıl tarlaların, bol məhsullu  zəmilərin başına pərvanə kimi dolandı. Bu qayğıdan, nəvazişdən sanki torpaq da xoşhal olur, Mirzənin çəkdiyi zəhmətin, axıtdığı alın tərinin əvəzini səxavətlə qaytarır, yetirdiyi məhsulun bərəkətini birəmin edirdi. Beləcə, torpaq nəfəsli, zəhmət qoxulu illər bir-birini əvəz edir, Mirzə halal zəhmət adamı kimi İsmayılbəyli camaatının nəzərində ucalır, hörmət- izzət sahibinə çevrilirdi...

Qaxa xoş duyğularla yollanan Mirzə Cümşüdov Prezident İlham Əliyevin müşavirədəki nitqini maraqla dinlədi. Bu barədə Mirzə özü belə deyir:

- Bir daha şahid oldum ki, Prezident İlham Əliyev dövlətimizin iqtisadi qüdrətinin artırılması, xalqımızın firavan yaşaması üçün necə əhəmiyyətli tədbirlər görür, qayğı və diqqətini əsirgəmir. Dərin minnətdarlıq hissi ilə deyə bilərəm ki, dövlət başçısının qayğısından biz qaçqın və məcburi köçkünlər bunu hər addımda görür, hiss edirik. Təəssüflə onu da demək istəyirəm ki, əhatə olunduğumuz, hərtərəfli qayğı bəzilərini tənbəlləşdirir, onlarda ələbaxımlıq xarakteri yaradır. Belə halları heç zaman qəbul etmirəm. Gəlin etiraf edək ki, işləmək istəyən üçün hər yerdə iş var. Sadəcə, bəziləri zəhmət çəkmək, tər axıtmaq istəmir. Axı nəyə görə biz dövlətə yük olmalıyıq. Yaxşı dolanışıq üçün, firavan yaşamaqdan ötrü ən sərfəli və ən etibarlı iş yerlərindən biri torpaqdır. Torpaq heç zaman borclu qalmır, çəkilən zəhmət hədər getmir. Qazaxda keçirilən müşavirədə Prezidentin tapşırıq və tövsiyələrini son dərəcə maraqla dinlədim. Dövlət başçısının qarşıya qoyduğu vəzifələr mənə əlavə güc verdi. Əmək qabiliyyətli hər kəs ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməlidir.

Hazırda Mirzə Cümşüdovun istifadəsində 120 hektar torpaq sahəsi var. Bunun 50 hektarı özünündür. 70 hektarı icarəyə götürüb. Əsasən taxıl toxumçuluğu ilə məşğuldur. Bu il buğda əkdiyi zəmilərin hər hektarından 50 sentner məhsul götürüb. 10 hektar arpa sahəsində məhsuldarlıq 46 sentner olub. Bacarıqlı əkinçi taxılın yerinə 6 hektar təkrar qarğıdalı əkib. Fermer təsərrüfatının üzvləri cari ildə 5 hektar sahədə şəkər çuğunduru, 4 hektar sahədə soya, 6 hektar sahədə isə dən qarğıdalısı becərirlər. Keçən il əkilmiş çəkil tingləri artıq gələn il məhsul verəcək. Fermer təsərrüfatının sahəsində 16.500 çəkil tingi əkilmişdir. Mirzə bu il ipəkqurdundan 113,5 kiloqram barama istehsal etmişdir. Yaradılan yem bazası növbəti illərdə barama istehsalını artırmağa imkan verəcək.

Mirzə onu da dedi ki, Prezidentin fındıqçılığı inkişaf etdirmək barədə müşavirədə verdiyi tapşırıqlar da ürəyincə olub. Bu, səbəbsiz deyil. Mirzə cari ilin yazında 5100  fındıq tingi əkib, böyük bir bağ salıb.

Beləcə həyatının mənasını halal zəhmətdə görən Mirzə torpağa əyildikcə torpaq onu ucaldır, sayılanlardan, seçilənlərdən olur.

 

Lazım QULİYEV,

“Azərbaycan”