Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsmayıllı getdikcə daha da gözəlləşir

12 Avgust 2017
 

Rayonda tikinti-quruculuq işləri genişlənir

 

Son illər İsmayıllı şəhərində səliqə-sahmana ciddi diqqət yetirilir. Bu, İsmayıllının xüsusən yay günlərində qonaq-qaralı olması ilə bağlıdır. Rayon icra hakimiyyətinin memarlıq şöbəsindən aldığımız məlumata görə, ilin əvvəlindən başlayaraq rayonda genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır - yaşayış evləri və digər sosial obyektlər tikilir, yollara asfalt döşənir, səkilərə daşlar düzülür, şəhər ərazisində yerləşən ictimai yaşayış binaları əsaslı təmir olunur.

Artıq Yenikənd kəndində modul tipli məktəb binasının tikintisi başa çatıb. Bazar yaxınlığındakı “Saat meydanı”nın ətrafında vaxtilə köhnə və primitiv üslubda inşa edilmiş obyektlərin köçürülməsi üçün şəhərin baş planına uyğun  obyektlərin tikintisi davam edir. Şəhərin mərkəzi küçələrində  piyada səkilərinin və velosiped yolunun tikintisinə başlanılıb. Mərkəzi meydandakı Heydər Əliyevin abidəsinin ətrafında abadlıq işləri aparılır. Meydanın ərazisinə yeni daşlar düzülür, çəmən və gül kolları dəyişdirilir.

Prezident İlham Əliyevin 11 avqust 2016-cı il tarixli sərəncamı ilə ayrılmış 3 milyon manat vəsait hesabına İsmayıllı şəhərində 30 ictimai yaşayış binasında əsaslı təmir işlərinin aparılmasına başlanıb. Sözügedən sərəncamın icrası ilə əlaqədar rayon icra hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən binalara baxış keçirilib, görüləcək işlərin həcmi müəyyənləşdirilib, müvafiq layihə-smeta sənədləri hazırlanıb. Hazırda çoxmənzilli binaların həyətyanı sahələri abadlaşdırılır, hər bloka giriş qapısı qoyulur, pilləkənlər təmir olunur, fasad üzlükləri təzələnir, dam örtükləri dəyişdirilir.

Bu il İsmayıllı şəhəri ərazisində sutəmizləyici qurğunun tikintisi də başa çatdırılıb. Hazırda şəhər ərazisində kanalizasiya və çirkli suların yeni sistemə qoşulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Rayonun qaz və elektrik enerjisi təchizatını yaxşılaşdırmaq üçün tədbirlər davam edir. Eyni zamanda, kəndlər qazlaşdırılır, yaşayış məntəqələrinin digər sosial infrastruktur problemləri həll olunur.

Bütün bunlarla yanaşı, İsmayıllı şəhərində 170 nəfərin işləyəcəyi xalçaçılıq müəssisəsi, beşmərtəbəli 4 ulduzlu hotel, Tircan kəndi yaxınlığında Bədo istirahət, müalicə və sanatoriya mərkəzi tikilir. Cari ilin sentyabr-oktyabr aylarında hər 3 obyektin açılışı nəzərdə tutulub.

 

Əli SƏLİMOV,

“Azərbaycan”