Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ilə Çin arasında siyasi məsləhətləşmələr aparılıb

12 Avgust 2017
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında siyasi məsləhətləşmələr aparılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın və Çinin xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Li Huilai siyasi məsləhətləşmələr çərçivəsində ikitərəfli münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, regional və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Xələf Xələfov ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırda bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyini bildirərək, Çin ilə münasibətlərin Azərbaycan üçün prioritet istiqamət olduğunu qeyd edib.

Hər iki ölkənin rəhbərləri tərəfindən əsası qoyulmuş siyasi dialoqun yüksək səviyyəli və intensiv xarakterli qarşılıqlı səfərlərlə daha da möhkəmləndirildiyini bildirən X.Xələfov Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfərini xatırladaraq, səfər çərçivəsində imzalanmış çoxsaylı sənədlərin və əldə olunmuş razılaşmaların ikitərəfli münasibətlərin hazırkı səviyyəyə yüksəldilməsinə əsaslı təkan verdiyini vurğulayıb.

Azərbaycanın Çin ilə əməkdaşlığın bütün sahələrində, xüsusilə uzunmüddətli iqtisadi münasibətlər qurmaqda maraqlı olduğunu qeyd edən nazir müavini Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı, həmçinin Azərbaycan şirkətlərinin Çinin iqtisadi subyektləri ilə ticari-iqtisadi əlaqələrinin inkişafının təqdirəlayiq hal olduğunu bildirib. X.Xələfov iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşməsində Hökumətlərarası İqtisadi Komissiyasının fəaliyyətini xüsusi qeyd edib.

X.Xələfov Azərbaycanda qeyri-neft sektorunun inkişafı məqsədilə həyata keçirilən köklü islahatlar barədə danışaraq, energetika, sənaye, nəqliyyat, kommunikasiya, informasiya texnologiyaları, turizm, ticari əlaqələrin genişləndirilməsi və şaxələndirilməsi sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib.

Qlobal xarakterli irimiqyaslı enerji və nəqliyyat layihələrini həyata keçirən və bu layihələrin reallaşdırılmasında etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycanın Çinin irəli sürdüyü “Bir kəmər - bir yol” təşəbbüsünü dəstəklədiyini qeyd edib.

Nazir müavini Azərbaycanın müstəqilliyinin bərpasının ilk günlərindən Çin hökumətinin ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qəti və dəyişməz dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayaraq, respublikamızın “Vahid Çin” prinsipini siyasi münasibətlərin qurulmasının ilk anlarından etibarən birmənalı və ardıcıl olaraq dəstəklədiyini diqqətə çatdırıb. O, müstəqilliyə, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin ən yüksək səviyyədə imzalanmış sənədlərdə də öz əksini tapdığını və siyasi planda ölkələrimiz arasında heç bir fikir ayrılığının mövcud olmadığını əlavə edib. X.Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinə verdiyi qəti dəstəyə görə Çin tərəfinə təşəkkür edib.

Azərbaycanı Çinin ənənəvi tərəfdaş və dostu adlandıran Li Huilai ölkələrimiz arasında münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib, bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsindən məmnunluğunu bildirib. O, Azərbaycan-Çin münasibətlərinin təməlini qoymuş xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan ilə yanaşı, Çin xalqı arasında da böyük rəğbət və ehtiramla anıldığını əlavə edib.

Li Huilai “Vahid Çin” prinsipinin Azərbaycan tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini bildirib və Çin hökumətinin ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, eləcə də Azərbaycan hökumətinin sabitliyin təmin edilməsində həyata keçirdiyi siyasəti dəstəklədiyini bir daha bəyan edib. Li Huilai xüsusilə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum qətnamələrin yerinə yetirilməsinin dəstəklənməsinə dair Çinin mövqeyinin aydın və dəyişməz olduğunu diqqətə çatdırıb. Həmçinin Cənubi Qafqaz regionunda sülh və sabitliyin qorunub-saxlanılmasında Çinin konstruktiv rol oynamağa hazır olduğunu əlavə edib.

Asiya və Avropa arasındakı nəqliyyat qovşağında yerləşən Azərbaycanın “Bir kəmər-bir yol” layihəsi çərçivəsində əsas bağlayıcı rolunu vurğulayan qonaq regionda ölkəmizin iştirakı ilə həyata keçirilən bir çox əhəmiyyətli layihələrin inkişafının məmnunluqla qarşılandığını ifadə edib.

Ölkəsi üçün Azərbaycanın Avrasiya regionunda əsas tərəfdaşlardan biri olduğunu bildirən Li Huilai müasir İpək Yolunun inkişaf etdirilməsində Çinin Azərbaycan tərəfi ilə birgə fəaliyyətə hazır olduğunu qeyd edib.

Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin daha da artırılması üçün böyük potensialın mövcud olduğunu vurğulayan çinli diplomat Azərbaycan məhsullarının Çinə ixracının təşviq edilməsinin vacibliyini bildirdi.