Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vəkil Elman Paşayev: Oleq Kuznetsova cinayət işi açılmayacaq

11 Avgust 2017

 

Bu yaxınlarda ermənilərin tanınmış rus tarixçisi Oleq Kuznetsova qarşı yeni kampaniya başlatdıqları məlum oldu. Kuznetsovun erməni terrorizmi barədə yazdığı “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabı ona qarşı məhkəmə iddiasının qaldırılmasına səbəb olub. Məzmununda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutulan etnik nifrət hissini alovlandıran əlamətlərin olduğunu iddia edərək monoqrafiyanı yoxlamaq üçün cinayət işinin açılması barədə Moskva hüquq mühafizə orqanlarına müraciət olunub. 2015-ci ildə kitabın araşdırılmasına dair dörd ay çəkən analoji prosedur nəticəsində heç bir qanun pozuntusu aşkarlanmayıb.

Oleq Kuznetsov bildirib ki, onu tanınmış moskvalı vəkil Elman Paşayev müdafiə edəcək.

AZƏRTAC xəbər verir ki, Eurasia Diary-nin müxbiri Elman Paşayevlə əlaqə saxlayaraq onunla görüşüb. Ailəsi ilə birlikdə Bakıda olan Elman Paşayev Eurasia Diary-nin suallarını cavablandırıb.

-Siz Oleq Kuznetsovla necə tanış olmusunuz?

-Özbək tarixçisi, publisist Şöhrət Barlası ermənilərin hücumlarından müdafiə etmiş beynəlxalq dərəcəli vəkil, yaxın dostum Muxtar Mustafayev Oleq Kuznetsovu müdafiə etməyimi məndən xahiş etdi. Şübhəsiz, mən Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bir insanı müdafiə etməkdən imtina edə bilməzdim, bu, mənim üçün şərəfdir. Düşünürəm ki, azərbaycanlı olan hər kəs mənim yerimdə olsaydı belə edərdi.

Oleq Kuznetsovla görüşənə kimi çoxları mənə onun erməni xalqının əleyhinə yazılar yazdığını demişdi. Lakin o, kifayət qədər elmi əsaslarla danışan savadlı insan təəssüratı yaratdı. O, özündən nəsə yazmır, yalnız çoxsaylı mənbələrin təsdiqlədiyi tarixi faktlarla danışır.

Oleq Kuznetsovu sosial şəbəkədə həmişə oxumuşam. Əslində, onun problemini başa düşürdüm. Hamı erməni lobbisinin dünyadakı fəaliyyətindən xəbərdardır. Məsələn, Rusiyada bütün dövlət strukturlarında hətta ən yüksək vəzifələrdə etnik ermənilər çalışır. Həmçinin KİV-in də faktiki olaraq onlar tərəfindən idarə edildiyini demək olar. O, millətin deyil, terrorizmin əleyhinə yazır. Tariximiz bizim sərvətimizdir. Biz ondan qopa bilmərik.

Bizim uzun söhbətimiz oldu, ona hüquqi məsləhət verdim. Elə hesab edirəm ki, yalnız borcumu yerinə yetirmişəm.

Kuznetsovun əsaslandırılmış cavablarından sonra məhkəmə iddiasından imtina edilmişdi. Lakin müstəntiqlə görüşdən iki saat sonra “yalançı rus siyasətçisi”nin “yalançı azərbaycan vəkili”nin müdafiə etdiyi deyildiyi sifarişli məqalə dərc olundu. Belə ki, erməni lobbisinin dəstəklədiyi ağır proses başlamış oldu. Beləcə, şəxsiyyətin ləkələnməsinə yönələn təxribatçı mexanizm işə düşdü.

Vəkil kimi bəyan edirəm ki, Oleq Kuznetsovu təmənnasız müdafiə edirəm. Bundan əlavə, onun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabı ilə tanış olduqdan sonra Kuznetsova monoqrafiyasının ABŞ-da, xüsusilə də etnik ermənilərin çoxluq təşkil etdiyi Kaliforniyada nəşriyyat xərclərinin ödənilməsi təklifini verdim.

-Kuznetsovun məsələsi öz həllini tapıb?

-Yaxın zamanda Moskvanın Qərb dairəsi üzrə İstintaq Komitəsinin cinayət işini qaldırmasından rəsmi şəkildə imtina etməsi barədə bəyanatını gözləyirik.

-Kuznetsov erməni təqibindən əziyyət çəkən yeganə adam deyil. Yəqin ki, buna bənzər hallar sizə tanışdır...

-Moldovanın sabiq ombudsmanı və hüquq müdafiəçisi Aureliu Qriqoriuya da qarşı ölkənin erməni əhalisi arasında ayrı-seçkilik salması ittihamı irəli sürülmüşdü.

Özbəkistanın tanınmış tarixçisi Şöhrət Barlas da 10 maddə üzrə cinayət məsuliyyətinə cəlb olunmuşdu. Yüksəkixtisaslı vəkillər Fatimə Piriyeva və Muxtar Mustafayev onun hüquqlarını müdafiə edirdilər. Özbəkistan prokurorluğu cinayət işinin açılmasından imtina etdi.

Bu yaxınlarda sumqayıtlı Rusiya vətəndaşı politoloq Denis Korkodinova Dağlıq Qarabağ münaqişəsini işıqlandırdığı üçün təhdid dolu zənglər edilib.

-Onların hamısını nə birləşdirir və siz nə məsləhət görərdiniz?

-Erməni lobbisinin hücumlarına məruz qalan istənilən şəxsə öz hüquqlarını müdafiə etmək və qanunsuzluğun qarşısını almaq üçün peşəkar vəkilə müraciət etməyi məsləhət görərdim. Çünki onların fəaliyyəti rəsmi xarakter daşımır və insan amilinə söykənir.

Vəkilin vəzifəsi odur ki, müdafiə edilən şəxs üçün maksimum rahat şərait yaratsın. Vəkil çalışmalıdır ki, müstəntiq bir sualı iki dəfə və hətta bir az da olsa yüksək tonda verməsin. Müstəntiqlə olan söhbət mütləq sənədləşdirilməlidir.

Müdafiə incə sənətdir. Dünyada və eləcə də Rusiyada qüvvədə olan qanun normalarını tətbiq etmək lazımdır.