Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Könüllülər Yurdu Azərbaycan” layihəsinə start verilib

11 Avgust 2017
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə respublikanın 24 şəhər və rayonunu əhatə edəcək “Könüllülər Yurdu-Azərbaycan” layihəsinə start verilib.

“ASAN Könüllüləri” Təşkilatından AZƏRTAC-a bildiriblər ki, Bakıda başlayan layihə avqustun 25-də Qəbələdə başa çatacaq.

Könüllülük fəlsəfəsi və dəyərlərinin təbliği məqsədilə ilk tədbir Bakıda reallaşıb, təlim və aksiya keçirilib.

Avqustun 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində layihənin açılış mərasimi təşkil olunub. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşalara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim Şöbəsinin müdir müavini Cahangir Hacıyev və “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov çıxış edərək, təşkilatın fəaliyyət istiqamətlərindən danışıblar.

“ASAN Könüllüləri” Təşkilatı Könüllülərlə İş Departamentinin rəhbəri Həsənxan Həsənxanlı 150-yə yaxın gəncə könüllülüyün və könüllülərin cəmiyyətə aşıladıqları dəyərlər haqqında söz açıblar.

Daha sonra iştirakçıların sualları cavablandırılıb.

Avqustun 11–də Dövlət Yol Polisi və “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı şəhərində “Təhlükəsiz yol, ASAN yol”, “Diqqətli ol! Ailəniz sizi gözləyir!” devizləri altında sosial-maarifləndirici aksiya keçirilib. Məqsəd cəmiyyətin diqqətini yollarda insan həyatının və sağlamlığının qorunmasına yönəltmək, yol-nəqliyyat hadisələri ilə bağlı maarifləndirmə işini gücləndirmək, yollarda hərəkət iştirakçılarının intizamını yüksəltmək olub.

Aksiya çərçivəsində könüllülər hərəkət iştirakçılarını yollarda intizamlı olmağa dəvət edib, yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara yol polisi əməkdaşlarının tövsiyəsi ilə məsləhətlər veriblər.

Layihə çərçivəsində könüllülər tərəfindən “Yol hərəkəti qaydaları”, “Heyvanların qorunması”, “Kitab oxuma”, “Hüquqi maarifləndirmə”, “Siqaretə qarşı mübarizə”, “Kitab mübadiləsi”, “Ətraf mühitin təmizlənməsi”, “Bərpa işləri” adlı sosial aksiyalar keçiriləcək.

Tədbirlərdə 1000-dən çox gəncin təlim və sosial aksiyalarda iştirakı, 80 mindən artıq vətəndaşın könüllülük fəaliyyəti haqqında məlumatlandırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Könüllülər Yurdu Azərbaycan” ilk dəfə 2015-ci ildə keçirilib.