Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avstraliya KXDR raket zərbəsi endirəcəyi təqdirdə ABŞ-a yardım göstərməyə hazır olduğunu bildirib

11 Avgust 2017
Avstraliyanın Baş naziri Malkolm Ternbul bəyan edib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-a məxsus istənilən obyektə raket zərbəsi endirəcəyi təqdirdə onun ölkəsi ABŞ-a yardım göstərəcək.

Bu ərəfədə ABŞ Prezidenti Donald Tramp KXDR-ə xəbərdarlıq edərək bildirib ki, onun ölkəsinə qarşı təhlükə yaranacağı təqdirdə qarşı tərəf “atəş və qəzəbə” tuş gələcək. Bunun cavabında Koreya Mərkəzi Teleqraf Agentliyi bəyan edib ki, KXDR hərbiçiləri ABŞ-ın Sakit okeanın qərbində yerləşən Quam adasındakı hərbi obyektlərinə raket zərbəsi endirilməsinin mümkünlüyünü araşdırırlar.

M.Ternbul qeyd edib ki, Astraliya Sakit okean Təhlükəsizlik Paktı adlanan ANZUS hərbi müqaviləsinə sadiq qalaraq ABŞ qarşısında öz müttəfiqlik öhdəliklərini yerinə yetirəcək.

Baş nazirin sözlərini sitat gətirən “Sydney Morning Herald” qəzeti yazır: “Biz ANZUS müqaviləsinə malikik və Avstraliyaya və ya ABŞ-a hücum olacağı təqdirdə biri digərinin köməyinə gələcək. Tam açıqlığı ilə danışmaq lazımdır. KXDR hər hansı bir hücum törədərsə, ANZUS müqaviləsi işə düşəcək və Avstraliya ABŞ-a yardım edəcək”.

M.Ternbul, həmçinin bəyan edib ki, KXDR tərəfindən təhdidlər fonunda Avstraliya hökuməti THAAD kimi raketdən müdafiə sistemlərinin ölkədə yerləşdirilməsi planını müzakirə etmək niyyətində deyil. Baş nazirin sözlərinə görə, bu sistem ölkə ərazisinin yalnız məhdud bir hissəsini müdafiə etmək iqtidarındadır.

 

AZƏRTAC