Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bərəmum arı ailəsi üçün "qala" rolu oynayır

11 Avgust 2017
Arılar ağaclardan gətirdikləri yapışqan və qətranabənzər maddəni həzm şirələri ilə işləyib bir qədər bal və mum qataraq propolis, başqa sözlə, bərəmum adlanan məhsul hazırlayır və öz yuvalarını, yeşiyin içərisini mikrob, virus və göbələklərdən qorumaq üçün ondan istifadə edirlər. Yuvanı təmiz saxlamaq üçün arılar ayaqlarını onunla silirlər. Arılar pətəkləri yapışdırmaq üçün propolisi yeşiyin giriş yerinə, deşik və künclərinə yığırlar.

Bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verən biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov deyib: "Propolis yunan sözü olub "şəhərin qalası" mənası verir, tünd yaşıl və sarı qəhvəyi rəngi olan acıtəhər dadlı və gözəl ətirli maddədir. Qala şəhəri qoruduğu kimi, bərəmum da arı ailəsini bakteriya və göbələklərin, müxtəlif ekoloji faktorların təsirindən qoruyur. Propolis 40-dan çox xəstəliyin müalicəsində istifadə olunur, kapilyar sisteminə təsir edərək onu möhkəmləndirir, qan dövranını yaxşılaşdırır, damargenişləndirici və hipotenziv təsir göstərir.

Bərəmumun bizim eradan neçə min il əvvəldən müalicəvi əhəmiyyətə malik olduğu qədim Misirdə məlum idi. Ondan xəstəliklərdən çox güclü qorunma vasitəsi kimi, geniş fəaliyyət dairəsinə malik təbii antibiotikdir. Bərəmumun həmin keyfiyyətinə görə ondan soyuqdəymə, yara-xoralar, yanıqlar, donvurmalarda və s. istifadə olunur".

Bioloq-alim bərəmumun digər müalicəvi keyfiyyətlərini də qeyd edib: "Bərəmum təkcə müalicə etmir, həm də orqanizmi cavan və gümrah saxlayır, vaxtsız qocalmanın qarşısını alır. Bu sahədə antioksidant, propolis qəbulu çox mühüm rol oynayır. O, qəbul edilən digər antioksidantlardan altı dəfə güclüdür. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, mədə-bağırsaq sisteminə düşən bərəmum oradakı mikrofloranı balanslaşdırır, patogen bakteriyaları məhv etsə də, faydalı mikroorqanizmlərə müsbət təsir göstərir. Göbələk, kariyes əleyhinə və şüalanmaya qarşı da bərəmum səmərəli vasitə sayılır. Onun ağrıkəsici gücü novokaindən 5,2, kokaindən 3,5 dəfə çoxdur".