Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məqsəd məlum, hədəf bəlli

11 Avgust 2017
 

Prezident İlham Əliyev ölkə iqtisadiyyatının qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatının inkişafına kökləndiyini bir daha təsdiqlədi

 

Bütün hallarda Azərbaycan neft-qaz ölkəsi olaraq qalır. Lakin hələlik. Hələlik ona görə ki, artıq neçə ildir ölkə iqtisadiyyatı qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına köklənmiş, başqa sözlə, iqtisadiyyatımızın güvənliyinin ağırlığı bu sahənin çiyninə düşmüşdür. İndi qalır onu daşıya bilmək, daha doğrusu, qarşıya qoyulan məqsədə çatmaq üçün işləmək, işləmək və yenə də işləmək.
Xəbər verildiyi kimi, avqustun 4-də Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilmişdir. Həmin müşavirəni ilk növbədə Azərbaycanın kənd təsərrüfatında vaxtilə sanballı yeri olan, eləcə də yaxşı qazanc gətirən sahələri dirçəldib inkişaf etdirmək üçün mühüm tədbir kimi qəbul etmək lazımdır. Bununla belə, sözügedən müşavirə indiki mürəkkəb zamanda ölkə iqtisadiyyatının neft-qaz ixracından asılılığını azaltmaq istiqamətində atılan növbəti addım da sayıla bilər. Hər iki halda isə dövlət başçısının sədrliyi ilə keçirilən Qax müşavirəsi bundan əvvəlki tədbirlərin davamı olaraq Azərbaycanın nəinki kənd təsərrüfatının, eləcə də bütünlükdə iqtisadiyyatının hazırkı dövrü, xüsusən yaxın gələcək üçün inkişaf istiqamətlərini özündə ehtiva edən çox ciddi toplantı idi və orada haqqında söhbət gedən məsələlər, qaldırılan problemlər, hədəflənən perspektivlər mərkəzi və yerli icra orqanları üçün, sözün birbaşa mənasında, əsl fəaliyyət proqramıdır.
“Bugünkü müzakirə bu bölgəyə xas olan ənənəvi kənd təsərrüfatı məhsullarının inkişafına həsr edilib. Tütünçülük, baramaçılıq, fındıqçılıq bu bölgədə əsrlər boyu inkişaf etmişdir. Bu sahələrin ölkəmizdə çox böyük və zəngin ənənələri vardır. Burada mövcud olan torpaq şəraiti, torpağın münbitliyi, iqlim, coğrafi vəziyyət, xarici bazarlara yaxın olmağımız və qədim İpək yolu üzərində yerləşməyimiz - bütün bunlar bu sahələrin inkişafına təkan vermişdir” deyən Prezident müşavirənin məqsədini də açıqlamışdır: “Bugünkü müşavirənin əsas məqsədi ondan ibarətdir ki, görülmüş işlərə yekun vuraq - çünki son iki il ərzində bu sahələrin inkişafı üçün çox böyük işlər görülmüşdür - eyni zamanda, gələcək fəaliyyətimiz üçün konkret tədbirlər planı hazırlayaq. Dövlət proqramları da qəbul ediləcək, bu ənənəvi sahələr Azərbaycanda daha geniş vüsət alsın”.
Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı üzrə dövlət proqramlarının qəbul olunması yeni deyil. Bundan əvvəl üzümçülük və pambıqçılıqla bağlı dövlət proqramlarının qəbulu, taxılçılığın və heyvandarlığın inkişafı istiqamətində mühüm tədbirlərin (subsidiyaların, güzəştli kreditlərin verilməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, texnika ilə təchizat, məhsul istehsalçılarının hər cür vergilərdən azad olunması və s.) görülməsi sübut edir ki, dövlət Prezidentin timsalında qeyri-neft sektorunun vacib və aparıcı sahəsi kimi bütünlükdə kənd təsərrüfatının inkişafında maraqlı və bu marağın təmin edilməsi üçün qərarında israrlıdır. Belə olmasaydı, təkcə cari ilin 6 ayı ərzində ölkə üzrə qeyri-neft məhsullarının ixracı 27, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracı 40 faizdən çox artmazdı. Əgər belə olmasaydı, cəmi 2 ilə barama istehsalı 200 kiloqramdan 244 tona, fındıq bağlarının sahəsi 32 min hektardan 55 min, pambıq əkini sahələri 17 min hektardan 136 min hektara çatmazdı. Belə olmasaydı, məhsul istehsalçıları qarşısında ölkəyə yalnız cari ildə 10 min kənd təsərrüfatı texnikası gətirmək (bunun 7 mini artıq gətirilmişdir) kimi öhdəlik götürülməzdi və s.
Bütün bu və qeyd etmədiyimiz digər rəqəmlərdən də görünür ki, bu gün Azərbaycanın aqrar sektorunun qarşısında təkcə ərzağa olan daxili tələbatı yerli istehsal hesabına ödəmək yox, həmçinin ölkənin ixracatında kənd təsərrüfatı məhsullarının çəkisini artırmaq kimi ciddi vəzifə durur və çox diqqətçəkən haldır ki, həmin vəzifə ilbəil daha uğurla icra olunur. Cəmi 10-15 il əvvəl əksər kənd təsərrüfatı, o cümlədən ərzaq məhsullarını xaricdən alan Azərbaycan indi nəinki bu anormal balansı öz xeyrinə dəyişib, hətta o vaxt idxal etdiyi məhsulları özü ixrac etməyə başlayıb. Bu baxımdan hazırda Azərbaycanın daxili istehlak bazarında heyvandarlıq və bitkiçilik məhsullarına olan tələbatın təxminən 80-100 faizinin yerli istehsal hesabına ödənilməsi təqdirəlayiq reallıqdır. Təqdirolunası reallıq həm də bizim məhsulların əksəriyyətinin keyfiyyətinin yüksək olmasıdır. İndi bizdə çox az alıcı tapılar ki, öz meyvə, tərəvəz, süd və ət məhsullarımızı qoyub xaricdən gətirilənlərə üstünlük versin.
Bəlkə də kimin üçünsə adi görünən bu mənzərə, əslində, çox da uzun olmayan bir dövrdə görülmüş işlərin nəticəsidir. Bu baxımdan heç kəsin dağılmış kolxoz və sovxozların yerində qısa müddətə yaranan fərdi təsərrüfatların uğurunu sıradan bir fakt kimi qəbul etməyə haqqı yoxdur. Ən azından ona görə ki, dünənki kolxozçu bugünkü fermerə asanlıqla çevrilməmişdir. Azərbaycan dövləti və hökuməti hər zaman kəndlinin yanında olmuş, imkan yarandıqca onun bütün problemlərini həll etməyə çalışmışdır. Məhz bunun sayəsindədir ki, bu gün Azərbaycan kəndinin elektrik enerjisi, suvarma suyu, təbii qaz, kəndlinin isə toxum, texnika və maddi vəsait problemi, demək olar ki, yox dərəcəsindədir. Bu gün fermerə, torpaq sahibinə nəyi nə qədər əkmək göstərişini də verən yoxdur. Dövlət bu sahədə yalnız stimullaşdırıcı tədbirlər görür: sərf edirsə, buyur, bu vəsait, bu da şərait - ək, yetişdir, sat və qazan. Prezident İlham Əliyevin Qax müşavirəsində dediyi sözləri bu fikrin davamı kimi də qəbul etmək olar: “O ki qaldı kənd təsərrüfatının ümumi inkişafına, Azərbaycan dövləti müntəzəm olaraq bu sahəyə çox böyük vəsait ayırır, investisiyalar qoyulur. Bu gün reallaşan və növbəti illərdə həyata keçiriləcək infrastruktur layihələri də o cümlədən kənd təsərrüfatının inkişafına xidmət edir... Kənd təsərrüfatının inkişafı üçün çox böyük işlər görülür. Fermerlər bütün vergilərdən azaddırlar. Ölkəmizə xüsusən son illər ərzində ən müasir texnika alınıb gətirilir. Azərbaycan dövləti bu məqsədlər üçün yüz milyonlarla vəsait ayırır... Sahibkarlara 2 milyard manat səviyyəsində güzəştli şərtlərlə kreditlər verilir, onların da böyük əksəriyyəti fermerlərin işini yüngülləşdirmək üçün kəndlərə gedir... Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün görülən işlər, inanmıram ki, hansısa başqa ölkədə görülsün”.
Yəqin ki, ölkəmizdə aqrar sektorun inkişafı üçün dövlət tərəfindən görülən çoxsaylı tədbirləri bundan dəqiq və bundan qısa sadalamaq mümkün deyil. Elə isə qarşıya qoyulan məqsədə - Azərbaycanın tezliklə həm də kənd təsərrüfatı inkişaf etmiş ölkəyə çevrilməsinə niyə şübhə etməliyik ki?! Xüsusən də bu zaman məqsəd məlum, hədəf bəllidirsə...

Raqif MƏMMƏDOV,
“Azərbaycan”