Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Türkmənistan: iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər var

11 Avgust 2017
 

Yaxşı qonşu olmaq üçün başlıca şərt dinc, yanaşı yaşamaqdır. Azərbaycan xalqı da həm yaxşı və həm pis qonşunun nə demək olduğunu tarix boyu bugünün özünədək həyat və təcrübəsində aydın görüb. Azərbaycanın və Türkmənistanın qonşuluqları əsrlərin sınağından keçib, bu iki ölkənin xalqları bir-birinə həmişə dost, qardaş münasibəti bəsləyiblər.

Bu iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafına da münbit zəmin yaranıb. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəri bunun daha bir təsdiqinə çevrildi. Aparılan danışıqlar və imzalanan sənədlər sübut etdi ki, dinamik inkişaf edən bu iki ölkənin bir sıra iqtisadi sahələrdə əməkdaşlığı genişləndirməsi üçün böyük perspektivlər var. Prezident İlham Əliyev Türkmənistanın dövlət başçısının Azərbaycana səfərinin qarşılıqlı əlaqələrə yeni dinamika gətirəcəyinə inamını ifadə edərək demişdir: “Biz bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq dərinləşəcək. Siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat və digər sahələrdə inkişaf və əməkdaşlıq üçün çox yaxşı imkanlar var”.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da müasir dövrdə Azərbaycan-Türkmənistan münasibətlərinin özünün yeni mərhələsini yaşadığını və yeni məzmun kəsb etdiyini vurğulamışdır.

Əməkdaşlığın strateji istiqamətləri energetika və nəqliyyatdır. Hər iki ölkə enerji daşıyıcılarının istehsal həcminə görə Avrasiyada lider mövqelər tutur və müasir infrastruktura malikdir. Türkmənistan Prezidenti bunun birgə layihələr həyata keçirmək üçün imkanlar yaratdığını qeyd edərək demişdir: “Söhbət nəinki Avrasiya və regiondan gedir, mən söyləyə bilərəm ki, bütün dünyada ölkələrimiz məhz enerji daşıyıcılarının istehsal həcminə görə lider mövqeyindədir. Müvafiq infrastrukturumuz var, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası ilə bağlı ümumi rəyimiz mövcuddur. Enerji və nəqliyyat axınlarının şaxələndirilməsi baxımından biz öz potensialımızın davamlı istifadəsi, yeni, birgə layihələrin reallaşması üçün bütün imkanlardan istifadə edəcəyik”.

Təsadüfi deyil ki, danışıqlar və görüşlər zamanı iki ölkə arasında energetika sahəsində əməkdaşlıq məsələləri üzərində xüsusi dayanılmışdır. Hər iki ölkə bu əməkdaşlığı daha da dərinləşdirmək əzmindədir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Azərbaycan həm çoxtərəfli, həm də ikitərəfli formatda müzakirələri davam etdirərək Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyin tərəfdarıdır”.

Nəqliyyat sahəsində əməkdaşlıq da xüsusi önəm kəsb edir. Yaxın zamanlarda istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı kimi ölkələrimiz üçün yeni tranzit imkanları yaradacaq.

Bu sahədə əməkdaşlığın daha bir təkanverici qüvvəsi Bakı və Türkmənbaşı  limanları vasitəsilə birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınması haqqında  sazişə əlavə və dəyişikliklər edilməsi barədə protokolda nəzərdə tutulan məsələlərin gerçəkləşməsi olacaq.

Azərbaycan və Türkmənistan arasında ticarət sahəsində tərəfdaşlıq, qarşılıqlı mal dövriyyəsinin artırılması və şaxələndirilməsi də xüsusi diqqət mərkəzindədir. Ticarətin genişləndirilməsi, sənaye, xidmətlər və aqrar kompleks sahələrində geniş birgə layihələrin həyata keçirilməsi üçün sərmayə siyasətinin fəallaşdırılması məqsədilə tədbirlərin nəzərdən keçirilməsi qarşıda duran məsələdir. Bu işdə hər iki ölkənin biznes qurumlarının üzərinə də mühüm vəzifələr düşür.

Bir sözlə, iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq inkişaf edir. Türkmənistan rəhbərinin ölkəmizə rəsmi səfəri zamanı imzalanmış sənədlərdən olan “Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş” qarşılıqlı iqtisadi əlaqələrin getdikcə genişləndiyini və yeni-yeni sferalarını əhatə etdiyini təsdiqləyir.

Azərbaycan və Türkmənistan prezidentlərinin Bakı görüşləri bu iki qonşu, dost ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın böyük perspektivlərə malik olduğunu göstərmiş, bunun gələcəkdə öz bəhrələrini verəcəyinə dərin İnam yaratmışdır. Məhz bu inamı ifadə edərək Türkmənistanın dövlət başçısı demişdir: “Biz Sizə minnətdarıq ki, Siz Türkmənistanın neytral statusa əsaslanan siyasətini həmişə dəstəkləyirsiniz. Ticari-iqtisadi münasibətlərə gəldikdə, bu gün həm Türkmənistan, həm də Azərbaycan energetika, nəqliyyat və digər sahələrdə iri layihələri reallaşdırmaqla nəinki regionda, həm də dünya miqyasında xüsusi yer tutur. Bu, təkcə iki ölkənin, yalnız regionun inkişafına töhfə verməklə məhdudlaşmır, ölkələrimizin reallaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edir və dünyada da müəyyən rol oynayır”.

 

Flora SADIQLI,

“Azərbaycan”