Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Texnoparklar və sənaye məhəllələri

11 Avgust 2017
 

Onlar ölkənin iqtisadi inkişafında mühüm rol oynayacaq

 

Qeyri-neft sektorunun inkişafında ən önəmlisi müasir texnika və texnologiyalar əsasında fəaliyyət göstərən texnoparklar və sənaye müəssisələridir.
Bu məqsədlə 2009-cu ilin 14 aprel tarixində “Xüsusi iqtisadi zonalar haqqında” qanun qəbul edilib. Həmin sənəd xüsusi iqtisadi zonaların (texnoparkların) yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləyir, sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
Texnopark strukturlarının yaranması müasir, qloballaşan dünyada, iqtisadiyyatın inkişafının hazırkı mərhələsində elm və biznesin qarşılıqlı fəaliyyətinin obyektiv qanunauyğunluğudur. Çünki müasir dövrdə yüksəkkeyfiyyətli məhsul istehsalı yalnız elmin son nailiyyətlərindən istifadə etməklə mümkündür. Belə məhsullar dünya bazarında rəqabətə davamlı olur, istehsalçının gəlirini artırmaqla onun inkişafını təmin edir. Buna görə də texnoparkları bəzən elmi şəhərlər də adlandırırlar. Texnoparklar həmçinin universitetləri və digər ali məktəbləri, elmi-tədqiqat institutlarını, eləcə də sosial infrastrukturla təchiz edilən yaşayış rayonlarını özündə ehtiva edən iri müasir elmi sənaye kompleksləridir. Hazırda ABŞ-da texnoparkların sayı 700-dən çoxdur. Burada texnoparkların əksəriyyəti baza universitetləri əsasında təşkil olunur. Son illər texnoparkların əhatə dairəsi genişlənərək təkcə ABŞ-ı yox, həm də Böyük Britaniyanı, Almaniyanı, Fransanı, Yaponiyanı, Belçikanı, Niderlandı, Cənubi Koreyanı, Çini və digər ölkələri əhatə edir.
Texnoparklar müxtəlif ölkə və regionlarda özünəməxsus xüsusiyyətlərə malikdir. Avropa modelinin birinci xüsusiyyəti ondan ibarətdir ki, yeni yaradılan kiçik innovasiya formalarının yerləşməsi üçün binalar nəzərdə tutulur və nəticədə kiçik və orta innovasiya binaları 2-3 il ərzində formalaşmağa başlayır. Eyni zamanda, texnopark layihəsi həyata keçirilən zaman ilk olaraq inkubator binası tikilir. İkinci xüsusiyyəti innovasiya müəssisəsini təşkil edən şirkətlərdən toplanan sadə və mürəkkəb servisdən ibarət olan təkmilləşmiş xidmət sahəsinin olmasıdır. Üçüncü xüsusiyyəti tamamilə Fransaya məxsus olmasıdır. Belə ki, Fransada elmin ölkənin zəif inkişaf etmiş regionlarına yayılması üçün “Texnopol” konsepsiyası hazırlanmışdır. “Texnopol” bir tərəfdən bütün təhsil və elmi müəssisələr arasında, digər tərəfdən, elmi parkın şirkətləri arasında elmi və texniki əməkdaşlığı nəzərdə tutur.
Dünya təcrübəsindən də görünür ki, hər bir regionun və ölkənin texnoparklar barədə özünəməxsus planları var. Texnoparkların Azərbaycan modeli hazırlanarkən bu amilə xüsusi diqqət yetirilir. Məsələn, ölkəmizdə bu sahədə lokomotiv olan Sumqayıt Kimya Sənaye Parkını göstərə bilərik. Azərbaycan neft ölkəsi olduğu üçün neftdən əldə edilən xammalla ölkəmizdə texnoparkın yaradılması iqtisadi cəhətdən səmərəlidir. Qeyd etdiyimiz kimi, xammal yerli olduqda məhsulun maya dəyəri aşağı düşür. Bu da həmin müəssisədə istehsal edilən məhsulun dünya bazarında rəqabətqabiliyyətliyini artırır. İndi dünya bazarında kəskin rəqabətin mövcud olduğu bir vaxtda bu faktor çox önəmlidir.
Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye Parkından savayı Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları yaradılıb. Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 1,2 milyard dollar təşkil edən 10 müəssisəyə rezident statusu verilib. Sənaye parkında bu il daha 5 müəssisə, 2018-ci ildə isə 3 müəssisə fəaliyyətə başlayacaq. Bu da 900-ə yaxın yeni iş yerinin açılması deməkdir.
Balaxanı Sənaye Parkında isə 23 milyon manat investisiya yatırmaqla tullantıların təkrar emalı üzrə 5 müəssisə fəaliyyətə başlamağa hazırdır və bu müəssisələrdə çalışmaq üçün 400-ə yaxın yeni iş yeri yaradılıb.
Qeyd etdiyimiz kimi, ölkəmizdə texnoparklar yaradılarkən xüsusi yanaşma mövcuddur. Məsələn, Mingəçevir Sənaye Parkının yaranma səbəblərinə diqqət yetirək. Bu sənaye parkında istifadə ediləcək əsas xammal pambıq, ipək və dəri olacaq. Məlumdur ki, bu məhsullar ölkəmizin aqrar sektorunda istehsal olunur. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda pambıqçılıq və ipəkçilik qədim zamanlardan inkişaf etməyə başlayıb. Burada pambıqçılığın əhəmiyyətini də qeyd etmək lazımdır. Pambıq ölkədə iplik, toxuma və tikiş sahələrinin inkişafında əsas xammaldır. Deməli, Mingəçevir Sənaye Terxnoparkının inkişafı eyni zamanda aqrar sektorun inkişafına əlavə təkan verəcək. Beləliklə, qeyri-neft sektorunun iki sahəsi - yüngül və aqrar sektor paralel olaraq inkişaf edəcək. Bu da ölkənin ümumi inkişafında, əhalinin işlə təminatının coğrafiyasının genişlənməsində mühüm rol oynayacaq.
Ölkəmizdə sənaye parkları ilə yanaşı, sənaye məhəllələrinin yaradılması istiqamətində də müəyyən işlər görülür. Bu layihələrin həyata keçirilməsi üçün Prezident tərəfindən 2014-cü il oktyabrın 8-də “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərman imzalanıb. Məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əhalinin istehsal və xidmət sahələrində məşğulluğunun artırılmasıdır. Sənaye məhəllələrinin istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məsələlərinin həlli baxımından böyük əhəmiyyət kəsb edir.
Sənaye məhəllələri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Bu sahələrin üstünlüyü ondadır ki, sahibkar öz müəssisəsi üçün infrastrukturun yaradılmasına pul xərcləmir. Bu funksiyanı dövlət öz üzərinə götürür və sahibkara bizneslə məşğul olmaq üçün əlverişli şərait yaradır.
Artıq ölkəmizdə 2 sənaye məhəlləsi mövcuddur. Bunlar Neftçala və Masallı sənaye məhəllələridir. Bu sahədə ilk təcrübə Neftçalada həyata keçirilir. Neftçala Sənaye Məhəlləsində 3 müəssisə fəaliyyətə başlayıb, 6 müəssisənin də cari ildə işə düşməsi gözlənilir. Masallı Sənaye Məhəlləsinə də yerli və xarici sahibkarlar böyük maraq göstərirlər. Artıq sahibkarlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Sənaye məhəlləsində layihələndirmə işləri tamamlanıb. Yaxın vaxtlarda infrastrukturun yaradılmasına başlanacaq.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, ölkənin bütün rayonlarında sənaye məhəllələrinin yaradılmasına nail olacağıq. Dövlət başçısının 25 iyul 2017-ci il tarixli “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” sərəncamı da bunun təsdiqidir. Sənaye məhəlləsində qeyri-neft sənaye sahələri üzrə müəssisələr və xidmət müəssisələri fəaliyyət göstərəcək. Burada infrastrukturun yaradılması üçün Prezidentin Ehtiyat Fondundan 4 milyon manat vəsait ayrılıb.

Rüstəm KAMAL,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”