Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yaşa ki, ürəkləri yaşadasan

11 Avgust 2017
 

Müqəddəs peşə deyəndə ilk növbədə müəllim, həkim, xalqın tarixi qaynaqlarını tədqiq edib öyrənən elm adamları təsəvvürə gəlir. Bu insanlar həyatımızdan, taleyimizdən, milli-mənəvi irsimizdən, keçmişimiz, bu günümüz və sabahımızdan kənarda görünə bilmirlər. Ən əsası isə, ziyalılıq onların qanına, canına hopur, böyüklüyü ilə hamının hörmət-izzətini, inam və etibarını qazanırlar. Bu dəyərlərin ən fəal daşıyıcılarından biri də görkəmli alim, həkim, Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, Azərbaycan Tibb Universitetinin Kliniki farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Adil Baxşəliyevdir. O, bu peşəkarlıq zirvəsinə, vəzifə yüksəkliyinə laborant-həkimlikdən başlayaraq seçdiyi yola sədaqət, xarakterindəki yorulmazlıq, məqsədyönlülük, qətrə-qətrə topladığı zəngin bilik və böyük təcrübə sayəsində nail olub. Daim axtarışlar aparıb, oxuyub, öyrənib, eyni zamanda bütün hərəkətlərində humanizmə, ədalətə, obyektivliyə söykənib. Peşə vəzifəsini yerinə yetirdikcə vətəndaşlıq vəzifəsini də yüksək məsuliyyətlə və ciddiyyətlə həyata keçirib. Nəcib davranışı, mədəniyyəti, sadəliyi, təvazökarlığı, insanlara diqqəti, qayğı və məhəbbəti ilə bütün xəstələrinin və onu tanıyanların sevimlisinə çevrilib. Bax, əsl həkimliyin qayəsi də budur!

Hər dəfə onunla görüşəndə ilk sözü bu olur: “Səhhətinlə bağlı narahatlığın yoxdur ki?.. Ürəyinə fikir ver. Ürəyə ürəklə yanaşmaq, ona qarşı rəhmli olmaq lazımdır. Çünki o, insan bədənində ən zəhmətkeş orqandır. Gecə-gündüz dayanmır. Biz əsəbiləşirik - ürək reaksiya verir. Sevinirik - ürək şiddətlə döyünür. Bütün bunlara dözən ürəkdir”. Söhbət əsnasında soruşduq:
- Xəstələriniz çoxdur...
- Cərrahiyyə əməliyyatına getmək istəməyənlərin əksəriyyəti yanımdadır. Çətindir, amma çox çalışırıq ki, onları müalicə edək. Nəticə də var. Bu gün bütün dünyada ölümlərin əsas səbəblərindən biri ürək-damar xəstəlikləridir. Nə qədər acınacaqlı olsa da, ürək xəstəlikləri cavanlaşıb. İnsanlarda stress, narahatlıq, həyəcan hissləri çoxalıb. Bunlara paralel olaraq kardioloqlara müraciət edənlərin sayı da artıb. Yəni onların işi, qayğıları, problemləri günbəgün üst-üstə gəlir. Amma xəstələrimi gümrah görəndə sevinirəm.
Professor A.Baxşəliyevin xəstələri sırasında yüksək vəzifə sahibləri, alimlər, ədəbiyyat və incəsənət xadimləri, qaçqın və məcburi köçkünlər, sadə peşə adamları, himayəsiz, köməyə ehtiyacı olan insanlar var. O, bunların hamısına həkim vicdanı ilə yanaşır. Bununla da həm həkimlik və insanlıq, həm də vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirir.
Adil Baxşəliyev 45 ilə yaxındır həyat və fəaliyyətini kardiologiya sahəsi ilə bağlayıb. Bu sahəni o qədər sevir ki, çoxları ürək həkimliyinin onun alın yazısı olduğunu söyləyirlər. Bəlkə də haqlıdırlar. Çünki Adil həkim görkəmli iqtisadçı Baxşəli Baxşəliyevin ailəsində dünyaya göz açıb. Yaşlı nəsil Baxşəli müəllimin rəhbər vəzifələrdə çalışdığı, o cümlədən 19 il respublikanın maliyyə naziri olduğu dövrü yaxşı xatırlayır. Altı övladının heç də hamısı Baxşəli Baxşəliyevin çalışdığı sahəni seçməsə də, xalqa məhəbbət, peşəyə sədaqət, elmə, təhsilə həvəs, səxavət, məsuliyyət və bir çox digər xüsusiyyətlərinə görə ataya çəkiblər.
1975-ci ildə A.Baxşəliyev N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirdikdən sonra əmək fəaliyyətinə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda başlayır. 1976-cı ildə Terapiya kafedrasında böyük laborant kimi çalışır. Növbəti iki ildə isə institutun Mərkəzi elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi olur.
Bu həmin dövr idi ki, respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyev istedadlı və savadlı azərbaycanlı gəncləri Sovet İttifaqının müxtəlif böyük şəhərlərində fəaliyyət göstərən nüfuzlu ali məktəblərə təhsil almağa göndərirdi. 1978-ci ildə Adil Baxşəliyevin qismətinə Moskva şəhərindəki Ümumittifaq Elmi-Tədqiqat Kardioloji Mərkəzdə daxili xəstəliklər ixtisası üzrə məqsədli aspiranturada təhsil almaq düşdü. Gənc həkim etimadı doğruldaraq 1981-ci ildə tibb elmləri namizədi elmi dərəcəsini aldı. Yenidən Bakıya qayıdaraq əvvəlki iş yerində, lakin bu dəfə Birinci terapiya kafedrasında assistent vəzifəsində çalışdı.
1984-cü ildə Adil Baxşəliyev fəaliyyətini artıq Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə bağlayır. Ona institutun Arterial hipertoniya şöbəsinin müdiri vəzifəsini etibar edirlər. Lakin daha dərin biliklər qazanmaq, elmi axtarışlar aparmaq həvəsi cavan mütəxəssisi rahat buraxmır. Odur ki, məqsədlərini gerçəkləşdirmək üçün yenidən Moskvaya yollanır. 1985-ci ildən başlayaraq beş il N.İ.Piroqov adına İkinci Moskva Dövlət Tibb İnstitutunda kardiologiya ixtisasi üzrə doktorant olur. Moskvadakı fəaliyyətinin bu dövrü də uğurla yekunlaşır. Adil Baxşəliyev müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edir. 38 yaşlı elmlər doktorunu artıq Moskva klinikalarının bir çoxunda böyük perspektivlər vəd edən kardioloq kimi tanıyırdılar. Onlar bir-birinin ardınca Adil Baxşəliyevə o zaman böyük SSRİ-nin paytaxtı olan bu şəhərdə qalıb işləməyi təklif edirlər.
Adil müəllim vətəninə, xalqına bağlı insandır. Üstəlik də, o zaman 1990-cı il idi. Azərbaycanda tənəzzül, böhran təkcə iqtisadiyyatı, istehsal sahələrini deyil, tibb və səhiyyəni də bürümüşdü. Siyasi vəziyyətin gərginliyi də öz yerində... Əlbəttə ki, belə çətin dövrdə Adil Baxşəliyev Azərbaycan oğlu olaraq Moskvada rahatca yaşayıb işləyə bilməzdi. Onun ürəyindən vətənə qayıtmaq keçirdi. Bu məqsədlə də yenidən Bakıya qayıtdı.
Qazandığı biliklər və topladığı təcrübə kardioloq-alimə imkan verir ki, Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinin Birinci daxili xəstəliklər kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqədən keçərək həmin vəzifəyə təyin olunsun.
Adil Baxşəliyev 2004-cü ildə professor elmi adını alır.
Artıq 20 ilə yaxındır C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktorudur, eyni zamanda ATU-nun Kliniki farmakologiya kafedrasının müdiri kimi fəaliyyət göstərir. Elmi-Tədqiqat Kardiologiya İnstitutunun son illərdə qazandığı nailiyyətlər ona rəhbərlik edən görkəmli alimin adı ilə bağlıdır. Adil müəllim isə institutun tarixini vərəqləməyi, indiyədək keçdiyi yola nəzər salmağı da çox sevir. Deyir ki, institut fəaliyyətə başladığı 1980-ci ildən kardiologiyanın ən vacib problemlərinə həsr olunmuş elmi tədqiqatların aparıldığı praktik səhiyyə müəssisələri üçün kadrların hazırlandığı məkana çevrilib.
Əslində, bu institut həm elm, həm tibb müəssisəsidir. Təsadüfi deyil ki, burada uşaqların və böyüklərin kardiologiyası, ürək çatışmazlığı, arterial hipertoniya, miokard infarktı, xroniki işemiya şöbələrində ürək və qan-damar xəstəliklərinin geniş problemləri araşdırılır və həll olunur.
İnstitutda kardioloji xidmətin çoxşaxəli şəbəkəsinin yaradılması, poliklinikalarda kardioloji kabinetlərin təşkili, təcili yardım briqadaları, rayonlararası kardiologiya mərkəzləri, kardioloji məsləhət-diaqnostika kabinetləri, xəstəxanaların nəzdində ixtisaslaşmış şöbələr... Belə geniş bir sistemin səmərəli fəaliyyət göstərməsində professor A.Baxşəliyevin rolu böyükdür. Burada geniş spektrdə elmi-təqdqiqatlar aparılır ki, onlar da, əsasən, ateroskleroz, ürəyin işemiya xəstəliyi, kəskin miokard infarktı, arterial hipertoniya, ürək ritmlərinin pozulması kimi aktual xəstəliklərin öyrənilməsi, diaqnostikası, profilaktikası və müalicəsinə yönəldilib. Ürək xəstəliklərinə aid ən vacib problemlərin çözülməsi üçün mühüm tədbirlər həyata keçirilir. Qısaca desək, professor A.Baxşəliyevin rəhbərlik etdiyi Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutu ölkəmizin baş kardioloji müəssisəsi olaraq üzərinə düşən bütün vəzifələri müvəffəqiyyətlə yerinə yetirir.
Həkim bacardığını edir, lakin hər bir insan da özünün həkimi olmalıdır. Bu fikir də A.Baxşəliyevə məxsusdur. Onun sözlərinə görə, xəstəliklərin artması, əsasən, sosial amillərlə bağlıdır. Burada xarici mühitin və ekologiyanın təsiri, orqanizmdə gedən müəyyən proseslər heç də az rol oynamır. Psixo-emosional gərginliyin mənfi təsiri də dərin olur. İnsan orqanizmi həmin gərginliyi dərhal qəbul və həzm etmək çətinliyi qarşısında qalır.
Dediklərini izah edərək həkim bildirir ki, ümumiyyətlə, insan gün ərzində müxtəlif səbəblərdən əsəb gərginliyi keçirir. Bu zaman isə qanda toksiki maddələr, həyəcan hormonları artır. Bütün bunların da nəticəsində ürək-damar xəstəlikləri gizli formadan aşkar formaya keçir. Qəfil ölümə, əsasən, ürək aritmiyası səbəb olur. Kardioloq deyir ki, əsəb gərginliyinin getdikcə artması qəfil ölüm hallarının baş verməsinə daha çox imkan yaradır. Azərbaycan kardioloqları hazırda bütün bu problemlərin həllinə ən müasir üsullarla nail olmağa çalışırlar...
Kardioloqun fikrincə, xəstələnib sağalmağa cəhd göstərməkdənsə, insan ilk növbədə səhhətini qorumalıdır. Bunun üçün sağlam həyat tərzi keçirməyin başlıca şərt olduğunu vurğulayır: “Fiziki aktivliyi artırmalıyıq. Düzgün və vaxtında qidalanma, yuxu, istirahət, iş şəraiti önəmlidir”.
Söhbət zamanı günün vacib problemlərindən olan kardiocərrahiyyə barədə də professorun fikirlərini öyrənmək istədik. O qeyd etdi ki, Azərbaycanda artıq güclü kardiocərrahiyə bloku yaradılıb. Lənkəran, Naxçıvan, Siyəzəndə artıq neçə vaxtdır ki, müasir tələblərə cavab verən diaqnostik mərkəzlər, kardioloji dispanserlər açılıb. Orada kardiocərrahiyyə ilə bağlı əməliyyatlar yerinə yetirilir. Yaxın bir neçə ildə bu məsələnin ölkədə tam uğurlu həllini tapacağı şübhəsizdir.
Professor eyni zamanda belə hesab edir ki, kardiocərrahiyyə xəstənin müalicəsində yalnız bir mərhələdir. Ürək xəstəsinin müalicəsini ilk nöqtədən sona qədər kardioterapevt aparmalıdır: “Xəstəliyin düzgün diaqnoz qoyulmaqla vaxtında müalicəsi daha çox səmərə verir. Onun fəsadları üzə çıxandan sonra müalicənin effekti də gec görünür. Məsələn, miokard infarktı yaradan risk amillərini tez aşkara çıxarıb müalicə etmək sonrakı çətinlikləri bəri başdan dəf etmək deməkdir. Ürəyi duyan kardioloqdur. Əsl kardioloq kimi yetişmək üçün isə çox böyük zəhmət tələb olunur. Bunun üçün həkimin özünün fundamental biliyi, müasir tibbi texnika ilə işləmək bacarığı və yüksək düşüncə qabiliyyəti olmalıdır. Azərbaycanda bu sahədə elə bir mərhələ gəlib çatıb ki, artıq kəmiyyət yox, keyfiyyət barədə fikirləşməliyik”. Odur ki, professor Adil Baxşəliyev hər bir həkimin bacarığının, biliyinin yüksək səviyyədə olmasını günün tələbi adlandırır.
Budəfəki söhbətimizdə də professor özü barədə çox danışmadı. “Həkimlik fəaliyyətimi davam etdirirəm”, - dedi. Bu isə o deməkdir ki, Adil Baxşəliyev səriştəli, yüksək intellektli tədqiqatçı olaraq çalışdığı tibb və elm sahəsinin ayrı-ayrı məsələlərinə öz prinsipial mövqeyi, peşəkarlıq səviyyəsi, potensialı ilə yanaşmaqda davam edir. Kardiologiya elminin inkişafında kifayət qədər xidmətləri olsa da, ürək, qan-damar xəstəliklərinin diaqnostikası və müasir müalicə metodlarının təkmilləşdirilməsi, yeni dərman preparatlarının rolunun dəqiqləşdirilməsi, ölkədə ürək xəstəliklərinin yayılmasının qarşısının alınması və profilaktikası sahəsində yenə də geniş fəaliyyət göstərir. Buna görə də, əlbəttə ki, söhbət dönə-dönə ürək barədə düşür.
Əgər həkim öz biliklərini və təcrübəsini həmkarları ilə bölüşürsə, deməli, insanlara daha çox xidmət etmiş olur. Adil Baxşəliyev həkim üçün əvəzsiz sərvət sayılan bu bilik və təcrübəni istər gənc həkimlərdən, istərsə də çiyin-çiyinə çalışdığı həmkarlarından əsirgəmir. Həm də bu paylaşmanın özü də çoxşaxəlidir.
Əvvəla, professorun çalışdığı sahəyə aid bir çox əsərləri var. Belə ki, alim 300-dən çox elmi əsərin, o cümlədən 3 dərsliyin, 10 metodik tövsiyənin, 11 tədris vəsaitinin və 2 ixtiranın müəllifidir. Bu əsərlər alimi bacarıqlı tədqiqatçı, praktik həkim, dərin biliyə malik nəzəriyyəçi kimi səciyyələndirir. A.Baxşəliyev “Ürək-qan-damar sistemi xəstəlikləri” adlı dərslikdə indiyədək bu sahədə qazanılmış nəzəriyyə və təcrübəyə əsaslanaraq proqramlaşdırılmış şəkildə kardioloji xəstəliklər və onların ayrı-ayrı sindromları haqqında əhatəli məlumat verir.
Bundan başqa, professor A.Baxşəliyevin “Antiaritmik vasitələr, ürək qlükozidləri” (1993), “Hipotenziv dərman maddələri” (1995, digər müəlliflərlə birlikdə), “Klinik farmakologiya” (Dərslik, 2004 və yeni nəşr, 2009), “Mədə-bağırsaq sistemi xəstəliklərinin farmakoterapiyası” (2006), “Kardiologiya” monoqrafiyası və eyniadlı dərsliyi, “Ürək-damar xəstəliklərinin diaqnozu və müalicəsi”, “Praktiki kardiologiya”, “Psixotrop dərmanların kliniki farmakologiyası” və s. əsərləri tibb ictimaiyyəti, professor-müəllimlər, tələbələr və gənc alimlər tərəfindən maraqla qarşılanıb. Görkəmli alimin rəhbərlik etdiyi kafedrada “Metabolik sindromun arterial hipertoniya və ÜİX (stenokardiya) zamanı rastgəlmə tezliyi, klinik gedişi və müalicəsinin optimallaşdırılması” mövzusunda ciddi elmi-tədqiqat işləri aparılır.
İkincisi isə, Adil Baxşəliyev uzun illərdir həm də geniş pedaqoji fəaliyyətlə məşğul olur. Onun tələbələr qarşısında oxuduğu mühazirələr elmi informasiyalarla zəngin, eləcə də maraqlıdır. Çünki professor auditoriyanın diqqətini nitqi ilə cəlb etməyi, elmi problemlərin axarını onu dinləyənlərin maraq dairəsinə doğru istiqamətləndirməyi, beləliklə, xəstəliyin aradan qaldırılmasının yollarını aydın izah edir. Güclü məntiq, ən mürəkkəb fikirləri belə anlaşıqlı və yığcam ifadə etmək bacarığı, gözəl nitq professor A.Baxşəliyevin yüksək peşəkarlığını tamamlayan amillərdir.
Alimlə söhbətimiz zamanı məlum oldu ki, o, ədəbiyyatı, xüsusilə poeziyanı, musiqini çox sevir. Demə, professorun indiyədək gizlətdiyi “sirlər”i də varmış. Ara-sıra şeir yazır. Mahnılar da bəstələyir.
Söyləyir ki, Moskvada çalışdığı illərdə ingilis dilini yaxşı öyrənibmiş. Sonra bir qədər unudub. Amma yenidən qarşısına məqsəd qoyaraq bu sahədəki bilgilərini bərpa edib. İngilislərlə tərcüməçiyə ehtiyac duymadan ünsiyyət saxlaya bilir. Hətta son illərdə bir qədər alman dilini də öyrənib. Zarafatla deyir ki, bunu qızının xətrinə edib. Çünki övladlarından biri Almaniyada həm işləyir, həm də magistratura pilləsində təhsilini davam etdirir. Alman, ingilis və fransız dillərini yaxşı bilən bu xanımın atasının həmkarı olub-olmadığı ilə maraqlandıq. Məlum oldu ki, o, iqtisadçıdır, babasına çəkib...
Yeri gəlmişkən qeyd edək ki, Adil müəllim ümumən Azərbaycan gənclərinin yüksək intellektə, hərəsinin öz çalışdığı sahədə irəliləməsinə, müvəffəqiyyət qazanmasına çox maraq göstərir. Kardiologiya sahəsini seçən gənclər üçün isə əlindən gələni əsirgəmir. İndiyədək professoru düşündürən ən mühüm problemlərdən biri məhz yüksəkixtisaslı kadr hazırlığı məsələsi olub. Odur ki, yetirmələrinə həmişə hörmət və xüsusi qayğı ilə yanaşı, tam ciddiyyət və böyük tələbkarlıq göstərir. Onun rəhbərliyi altında müdafiə olunmuş dissertasiyalar elmi-nəzəri səviyyəsi və praktiki əhəmiyyəti ilə seçilir. İndi onlarca elmlər namizədi və doktoru ölkənin paytaxtında, eləcə də digər şəhərlərində çalışaraq özlərinin elmi rəhbəri olmuş Adil Baxşəliyevin etimadını doğruldur, xalqa ləyaqətlə xidmət edirlər. Adil Baxşəliyevin rəhbərliyi altında indiyədək 55 namizədlik, 7 doktorluq dissertasiyası müdafiə olunmuşdur.
Sənətinin vurğunu olan alim tələbələri, dissertant və aspirantları ilə işləməyi sevən peşəkar və mahir pedaqoq, tələbkar, qayğıkeş elmi rəhbər və məsləhətçi, ciddi və obyektiv opponent, təmənnasız və səmimi dost imicini qazanmışdır. Hazırda onun yetirmələrinə dünyanın müxtəlif ölkələrində - yaxın və uzaq xaricdə rast gəlmək olar.
Xaric demişkən, bu gün A.Baxşəliyevi təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da yaxşı tanıyırlar. O, Azərbaycanı həmişə ləyaqətlə təmsil edir. Almaniyanın, Yaponiyanın, Kanadanın, Çexiyanın və d. ölkələrin kardioloji cəmiyyətlərinin rəyasət heyətinin üzvüdür. Professor son illərdə Barselonada, Amsterdamda, Stokholmda, Moskvada, Antalyada, MDB dövlətlərinin bir çox şəhərlərində keçirilən elmi konfranslarda, konqreslərdə, beynəlxalq simpoziumlarda maraqlı məruzələrlə çıxış edib. Həmin məruzələrin mətni nüfuzlu elmi jurnallarda dərc olunmuşdur. Görkəmli alimin əsərləri ABŞ, Finlandiya, İspaniya, Çexiya, Hollandiya, İsveç, MDB ölkələri, Türkiyə və digər yerlərdə çıxan nəşrlərdə dərc olunub.
Uzun illərdir ki, Rusiyada çıxan “Terapevt” və “Kardioloq” jurnallarının redaksiya heyətinin üzvü olan professor, əsasən, MDB ölkələrindəki həmkarları ilə sıx əlaqə saxladıqlarını söyləyir.
Daim axtarışda olmaq, arxada qalan illərin bəxş etdiyi zəngin təcrübəyə baxmayaraq, hər gün yeni bir bilgi almaq əsl həkimlərə xas olan xüsusiyyətdir. Mehribanlıq, xeyirxahlıq, insansevərlik də öz yerində... Həkim nikbin olmalı, kömək etməyə tələsməli, xoş əməllərlə və duyğularla yaşamalıdır. Professor A.Baxşəliyev məhz belə həkimdir.
Həkimliyin zirvəsinə çatmış Adil müəllim ömrün də müdriklik zirvəsindədir. 65 yaşı tamam olan görkəmli alimə, gözəl həkimə uzun ömür, möhkəm sağlamlıq, tükənməz güc arzulayırıq ki, yaşayaraq ürəkləri də yaşatsın.

İradə ƏLİYEVA,
“Azərbaycan”