Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı parkları əsl istirahət yeridir

11 Avgust 2017
 

Yay aylarında məzuniyyət və istirahət günlərini səmərəli keçirmək üçün kimi ölkəmizin bölgələrində təbiətin qoynunda fəaliyyət göstərən istirahət yerlərinə, kimi sanatoriya və müalicəxanalara, hətta xarici ölkələrə, uzaq şəhərlərə gedirlər. 

Bəs yayın bu qızmar günlərində Bakıda ailə qayğıları və ya işi ilə əlaqədar gedə bilməyənlər isti günləri yola vermək üçün nə edirlər? İşdən sonra istirahət saatlarını, şənbə və bazar günlərini necə keçirirlər? Onu da deyək ki, yay mövsümündə istər bölgələrdən, istərsə də qonşu xarici ölkələrdən Bakıya gələnlərin sayı Bakıdan gedənlərdən qat-qat çoxdur. Çünki Bakı və onun ətraf qəsəbələri gündən-günə gözəlləşir, abadlaşır, insanların sosial şəraitinin hərtərəfli təmini və istirahətlərinin mənalı keçməsi üçün lazımi infrastruktur yaradılır. Son illər Bakı və onun ətraf qəsəbələrində 45 yeni mədəniyyət və istirahət parkı salınmış, 84-ü isə əsaslı təmir olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də paytaxtın Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanış olarkən demişdir: “Son illər ərzində Bakı şəhərində bir çox parklar, ictimai yerlər, istirahət guşələri yaradılmışdır. İndi Bakı parklar, bağlar şəhəridir”.
Artıq bu parklar, bağlar Bakı sakinlərinin və qonaqların əsl istirahət məkanına çevrilmişdir. Yeni parklardan birində - Heydər Əliyev Sarayının arxasından Akademik Milli Dram Teatrına qədər uzanan park-fəvvarə kompleksində olduq. Günün qüruba gedən çağı, hava bürkü, parka gələnlərin ardı-arası kəsilmir, əksəriyyəti də hiss olunur ki, yaxınlıqdakı binalarda yaşayan sakinlərdir. Respublika Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, tibb elmləri namizədi, ali kateqoriyalı həkim-travmatoloq Əli Davıdovla da burada tanış olduq. O dedi:
- Hər il bu vaxtlar məzuniyyətimi Yesuntukidə keçirirdim. Amma bu il bir həftə Lənkəranda, sonra Bakıda qalmalı oldum. İstilər düşəndən demək olar, hər gün səhər də, axşam da bu bağa gəlirəm. Bir çox ölkələrdə, şəhərlərdə olmuşam. Amma Bakıda salınan parklar, yaşıllıqlar, istirahət guşələri gördüklərimdən qat-qat üstündür. Bu parkda yaradılan səliqə-sahman, yarlı-yaraşıqlı dekorativ kollar, qol-budaq atmağa başlayan Gəncə çinarları, müxtəlif ölkələrdən gətirilmiş ağaclar, müasir işıqlandırma sistemi, oturacaqlar göz oxşayır, Lazım gələndə uşağa bir stəkan sərin su içirməyə, yeri gələndə bir çaynik pürrəngi çay içməyə, uşaqların gəzintisini daha maraqlı etmək üçün əyləncə yerləri var. Bunlar valideynlərin uşaqlarla birgə gəzintisi və istirahəti üçün çox vacib şərtlərdəndir. Bir faktı da deyim ki, sovetlər dönəmindən fərqli olaraq bu gün Bakıda çoxlu park, istirahət-gəzinti yerləri olduğu kimi, müasir səhiyyə ocaqları da fəaliyyət göstərir. Son vaxtlar şəhərimizdə neçə-neçə xəstəxana, poliklinika istifadəyə verilib, neçəsi əsaslı təmir olunub. Onlar da insanların sağlamlığına və istirahətinə dövlət qayğısıdır.
Rusiyada, Uzaq Şərqdə yaşayan və son 20 ildə ilk dəfə Bakıya səfər edən Mehman Həsənovla “Zabitlər parkı”nda görüşdük.
Bura şəhərin ən köhnə parklarından biridir, alman faşizminə qarşı döyüşlərdə həlak olan əsgərlərin xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adı verilib. Əsaslı yenidənqurmadan sonra “Zabitlər parkı” 2011-ci ildə yenidən açılıb.
4 hektar sahəsi olan “Zabitlər parkı”nın siması tamamilə dəyişib. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bürünc heykəllər qoyulub: fikrə dalan şahmatçı öz gedişini planlaşdırır, yaxud çayxana girişində gülərüz çayçı qonaqları salamlayır. Fəvvarənin yaxınlığında, skamyaların birində yorğun bürünc fotoqraf oturub. Bir az aralıda bir qız yoldan ötənlərə çiçək satır. Başqa bir qız isə “xana-xana” oynayır, ondan arxada bir dəstə uşaq əl-ələ verərək coşqun rəqs ritmində donub. Parkda 700 kvadratmetr sahəsi olan qapalı buz meydançası, görünüşü və orijinal dizaynı ilə diqqəti cəlb edən qeyri-adi “buz” kafesi var...
Mehman Həsənov bunlara işarə edərək dedi:
- Bundan öncə mən Bakının bir neçə istirahət parkında - Rixard Zorgenin adını daşıyan parkda, Dədə Qorqud bağında, Heydər Əliyev Mərkəzinin ətrafında yaradılan parkda olmuşam. Elə bil dünyanın hansısa başqa şəhərindəyəm, köhnə parkları tanıya bilmədim, təzə parklar isə lap möcüzədir. Bu, mənim 20 il əvvəl gördüyüm Bakı deyil. Burada hər şey dəyişib, yollar da, binalar da, parklar və xiyabanlar da. Şəhərdəki quruculuq işləri məni heyran etdi. Boş vaxtlarımı, istirahətimi bu gözəl parklarda və gəzinti yerlərində keçirirəm. Çoxlu şəkillər və videoçəkiliş etmişəm, aparıb orada həmyerlilərimizə göstərəcəyəm. Xabarovskda, Ussuriyada məni tanıyanların çoxunu gələn il istirahətə və ya turist gəzintisinə Bakıya gəlmələrini məsləhət görəcəm.
Mehman müəllimin ailə üzvləri - həyat yoldaşı Xanım, qızı Zərifə, oğlanları Əhməd və Murad da Bakının müxtəlif yerlərindən, Dənizkənarı bulvardan, İçərişəhərdən, köhnə “Sovetski” ərazisində aparılan abadlıq və quruculuq işlərindən heyranlıqla danışdılar. Bildirdilər ki, yenə də istirahətə Bakıya gələcəklər.
Bakının ətraf qəsəbələrində də bu mənzərənin şahidi olmaq mümkündür. Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkı buna bariz nümunədir.
Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkı beş il əvvəl əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyevin Bakıətrafı kənd və qəsəbələrdə abadlıq və quruculuq işlərinə dair verdiyi tapşırıqların icrası ilə əlaqədar yenidən qurulan bu parkda yerli arxitektura elementlərini özündə əks etdirən Mədəniyyət mərkəzinin binası təzədən tikilib. Sovetlər dönəmində Dəmiryolçular parkı kimi tanınan bu bağ da sakinlərin rahat istirahəti üçün lazımi avadanlıqla təchiz edilib. Parka axşamçağı gələnlər daha çox olur. Gəzinti iştirakçılarından qızı Elnarə, bacısı Şəfiqə, nəvəsi Yusif və qonşuları ilə parka dincəlməyə gələn Biləcəri dəmir yolu deposunun işçisi Raya Əsgərova ilə həmsöhbət olduq.
O dedi: - Mən uşaqlıqdan Biləcəridə yaşamışam, dəmiryolçu ailəsində böyümüşəm, atam gəncliyindən maşinist-sürücü işləyib, yaxşı işinə görə dəfələrlə orden və medallara layiq görülüb, Bakının Fəxri dəmiryolçularından olub. Elə parkın yaxınlığındakı dəmiryolçular binasında yaşayırıq. Həyətimizin sakinləri, xüsusilə vaxtı ilə dəmir yolu sistemində çalışmış insanların ailələri bu parkı öz həyətləri, öz bağ yerləri bilirlər. Qonşularımdan eləsi var ki, oğlunun, ya qızının dənizqırağı ərazilərdə bağ yeri var, inanırsız, uşaqları nə qədər cəhd etsələr də, onların çoxu istirahət üçün bu parka üstünlük verirlər. Qollu-budaqlı ağacların kölgəsi, rahat oturacaqlar, sakitlik, hər yan gül-çiçək, havası da yüngül və təmiz. Bir azdan müasir işiqlandırma sistemi parkın gecəsini gündüzə çevirəcək.
Sağ olsun dövlətimizin başçısı, onun tapşırığı ilə bu park beş-altı il öncə başdan-başa yenidən qurulub, belə gözəl, rahat şərait yaradılıb. Bu gün Biləcəri qəsəbəsində 75 mindən çox əhali yaşayır, onların qəsəbədə gedəcəkləri yeganə istirahət yeri buradır. Ərazisi 4 hektar olan bu istirahət məkanında gördüyünüz kimi, geniş abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib. Burada 20 min kvadratmetrlik ərazidə yerli şəraitə uyğun müxtəlif ağac və gül kolları əkilib. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi və fəvvarə quraşdırılıb, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün süni örtüklü meydança yaradılıb.
Raya xanımın qonşusu, pensiyaçı, əməkdar müəllim Əntiqə Nəbiyeva, əmək veteranı Bülbül Məmmədov, Şəfiqə Əsgərova və başqaları “Bakı parkları əsl istirahət yeridir, buranı qoyub, uzaq şəhərlərə nə gəzməyə, nə də istirahətə getməyə dəyməz” - dedilər.

Rəhman SALMANLI,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”