Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Raxit və raxitəbənzər xəstəliklərin fərqi

10 Avgust 2017
Raxit intensiv böyüməkdə olan uşağın ümumi xəstəliyidir. Raxitlə uşaqlar həyatlarının ilk aylarından etibarən 1-2 yaşa qədər üzləşirlər. Bu xəstəliyə qış aylarında və ya yarımçıq doğulanlar, qeyri-düzgün qidalananlar arasında daha çox rast gəlinir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının endokrinoloq-genetik pediatrı, assistent Adilə Çernik-Bülənd raxit və raxitəbənzər xəstəliklər haqqında universitetin mətbuat xidmətinə məlumat verib.

A.Ç.Bülənd deyib: “Bu xəstəlik sümük, əzələ, sinir sistemi, ağır hallarda isə daxili orqanların dəyişikliyi ilə xarakterizə olunur. Əsasən kalsium-fosfat mübadiləsinin pozulması nəticəsində sümüklərdə osteomalyasiya, yani sümük yumşalması, əmgəklərin gec bağlanması, dişlərin gec çıxması, gec oturması və gəzməsi, tez-tez xəstələnməsi müşahidə olunur. Raxitəbənzər xəstəliklər qeyd etdiyim kimi, raxitlə intensiv böyüməkdə olan uşaqlar xəstələnir. Bu hal bir sıra genetik determinə olunmuş xəstəlikləri özündə birləşdirərək, mineral duzların, xüsusilə kalsium-fosfat mübadiləsinin pozulması nəticəsində əmələ gəlir. Rəxitəbənzər xəstəliklər qruplara ayrılır.

D vitamininin metabolizminin pozulması nəticəsində əmələ gələnlərə D vitaminindən asılı raxit, malabsorbsiya, yəni həzm pozğunluğu nəticəsində, uzun müddət nevroloji müalicə, öd yolları və qaraciyər xəstəlikləri nəticəsində əmələ gələn raxitlər daxildir.

Böyrək raxiti-tubulopatiyadır. Bu xəstəliklər böyrək toxumasının müəyyən bir hissəsinin fermentativ pozulması nəticəsində əmələ gəlir. Tubulopatiyalar bir sıra nozoloji xəstəlikləri özündə birləşdirir. Bunlardan nisbətən daha çox rast gəlinəni vitamin D rezistentli raxit-fosfat diabet-irsi hipofasfatemiyadır. Xəstəlik irsi ola bilər. Belə ki, xəstəlik X-xromosomu vasitəsilə ilişkənli yolla nəsildən nəslə ötürülür, oğlanlar xəstələnir, qızlar isə daşıyıcı olurlar. Xəstəliyin sporadik şəkildə ən çox qız uşaqlarında rast gəlinən növü də var.

Raxitəbənzər xəstəliklər raxitdən fərqli olaraq 1,5-2 yaşdan sonra başlayır. Bu zaman ayaq açmış uşaq yeriməməkdə çətinliklər çəkir, çox su içir, sidiyə gedir, tərləyir. Bundan əlavə belə uşaqların skeletində, xüsusilə aşağı ətraflarında əyilmələr müşahidə edilir, dişləri çürüyərək vaxtından əvvəl tökülməyə başlayır, boydan geri qalır.

Onu da qeyd edim ki, respublikamızda, xüsusilə Bakı kəndlərində vitamin D-rezistentli raxitə-fosfat diabetə daha çox rast gəlinir. Belə uşaqların ailələrində qısaboyluluq, müxtəlif deformasiyalar müşahidə olunur. Bu problemlə üzləşən uşaqların əksəriyyətini qohum nikahları nəticəsində dünyaya gələn uşaqlar təşkil edir”.