Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qəbələdə keçirilən XIII Dünya Skaut Gənclər Forumu başa çatıb

10 Avgust 2017
Avqustun 7-dən başlayaraq Qəbələ rayonunda keçirilən XIII Dünya Skaut Gənclər Forumuna yekun vurulub. Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Skaut Hərəkatı Təşkilatının və Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən forumda 133 ölkədən 320 gənc skaut iştirak edib.

AZƏRTAC xəbər verir ki, Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelində “Arzula, inan və hərəkət et” devizi altında keçirilən forum 18-26 yaşlı skautlar arasında ünsiyyətin qurulması və gənc liderlərin ideyalarının mübadiləsi platforması hesab edilir. Bu forum iştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük toplantısı olub. Belə ki, sonuncu forum Sloveniyada 95 ölkədən olan skautların iştirakı ilə keçirilmişdi. Qəbələ forumunda gənc skautlar fəal vətəndaş mövqeyi və liderliyə həsr olunan sessiyalarda və təqdimatlarda iştirak ediblər.

Dünya Skaut Gənclər Forumu lider olmaq və hərəkatın gələcəyinə töhfə vermək istəyən gənc nəsil üçün unikal imkanlar yaradıb. İştirakçılar Qəbələdə sosial fəaliyyəti, cəmiyyətin inkişafındakı uğurları və fərdi layihələri barədə təqdimatlar ediblər. Tədbirdə iştirakçı gənclər dünyada baş verən proseslərə təsir məqsədilə müxtəlif mövzular üzrə müzakirələr aparıblar. Avqustun 10-da başa çatan forum çərçivəsində gənc skautlar arasında təşkil edilən “Mədəniyyət axşamı”nda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirə bilib. Gənclər asudə vaxtlarında idman və bilik yarışlarında iştirak edib, Qəbələnin gəzməli-görməli yerlərinə ekskursiya edib, xatirə şəkilləri çəkdiriblər. Forumun iştirakçıları plenar iclaslarda gənc liderlik, fəal vətəndaşlıq mövqeyi və digər mövzularda müzakirələr aparıb, eləcə də gənclər proqramının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi ediblər.

Forumda 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinin İdarə Heyətinə yeni üzvlər, gənc məsləhətçilər seçilib. Gənc məsləhətçilərin əsas məqsədi Dünya Skaut Hərəkatı Təşkilatında qərarların verilməsi prosesində gənclərin rolunun artırılmasına imkan yaratmaqdır. XIII Dünya Skaut Gənclər Forumundan sonra gənc liderlin iştirakı ilə gələn həftə, yəni avqustun 14-18-də Bakı Konqres Mərkəzində 41-ci Dünya Skaut Konfransı keçiriləcək.

Qeyd edək ki, Dünya Skaut Hərəkatı dünyanın 224 ölkəsi və regionunda fəaliyyət göstərir və 40 milyon üzvü öz ətrafında birləşdirir. 1907-ci ildə yaradılan Skaut Hərəkatının məqsədi gənclərin özlərini şəxsiyyət kimi formalaşmasına və cəmiyyətdə konstruktiv rol oynamasına, onların ən yaxşı dünyanın qurulması işində iştirakına kömək edir. Azərbaycan Skautlar Assosiasiyası isə 1997-ci ildə fəaliyyətə başlayıb və 2000-ci ildə Dünya Skaut Hərəkatına üzv qəbul edilib. Ölkəmizdə gənc nəslin tərbiyəsində mühüm rol oynayan Azərbaycan Skautlar Assosiasiyasının 16 bölgədə 1750-dən çox üzvü var.