Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsmayıllıda fındıq, barama və tütün istehsalını artırmaq üçün tədbirlər görülür

10 Avgust 2017
 

İsmayıllı Rayon İcra Hakimiyyəti Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ilə əlaqədar İsmayıllıda tütün, barama və fındıq istehsalının  daha da artırılmasına həsr olunmuş geniş tərkibdə yığıncaq keçirib. Burada baramaçılıq, tütünçülük, fındıq istehsalçıları, sahələr üzrə mütəxəssislər, kənd təsərrüfatı  və onunla bağlı müəssisələrin işçiləri iştirak ediblər.

Yığıncağı açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, şimal-qərb zonası, o cümlədən İsmayıllı üçün tarixi-ənənəvi istehsal sahələri olan baramaçılıq, tütünçülük və fındıqçılığın bərpası və inkişafına Prezident İlham Əliyev hərtərfli yardım edir, valyutagətirici sahələrə dövlətin maliyyə dəstəyinin artırılması üçün sərəncamlar verir. Bütün bunlar ölkə iqtisadiyyatının neftdən asılılığını azaldır, insanların həyat şəraitinin yaxşılaşması üçün imkanları artırır. Baramaçılıq və tütünçülüyü ölkə rəhbərinin tələb və tapşırıqları səviyyəsinə çatdırmaq üçün  keçmişdəki nəticələri təhlil etməli, hər bir istehsalçıya, sahibkara geniş fəaliyyətləri üçün imkanlar yaradılmalı, inzibati idarəetmədən çox, elmi idarəetməyə üstünlük verilməlidir. Aparılan müzakirələr, verilən təkliflər bu üç vacib sahənin yüksək tempdə inkişafına xidmət etməlidir. İsmayıllı barama, tütün və fındıq istehsalında da öz sözünü deməlidir.

Müzakirələrdə baramaçılar Pərvizə Həsənova, Aslan Muradov, fındıqçılıqla məşğul olan sahibkar Fizuli Bağıyev, şitilçilik üzrə sahibkar  Əvəz Nəbiyev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin layihə  koordinatoru Aydın İnciyev (layihə Əhən kəndi ərazisində həyata keçirilir. Erroziyaya uğramış torpaqlarda, dağ yamaclarında fındıq və qoz ağacları əkilir) və başqaları çıxış ediblər.

Baramaçılıq, tütünçülük və fındıqçılığın  2017-2025-ci illərdə inkişafını təmin etmək məqsədilə ayrı-ayrılıqda hazırlanmış tədbirlər planı yığıncaqda təsdiq edilib. İstehsalçıların çoxsaylı təklif və məsləhətləri dinlənilib, tədbirlər planında nəzərə alınıb.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

 

“Azərbaycan”