Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İşğalçı Ermənistanın hədəfi dinc Azərbaycan əhalisidir

09 Avgust 2017
 

2 yaşlı Zəhranın qətli, 13 yaşlı Raminin ağır yaralanması erməni vandalizminin bariz göstəricisidir

 

Günahsız dinc sakinlərin, xüsusilə də azyaşlı körpənin qətlə yetirilməsi beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həm də insanlığa qarşı törədilən vəhşi cinayətdir. Tarix boyu məkrli niyyətilə tanınan işğalçı Ermənistan heç vaxt vəhşi cinayətlərindən əl çəkməyib. Dünya tarixində mövcud olan soyqırımı hadisələrindən heç biri ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi məhvetmə siyasəti qədər dəhşətli olmayıb.
Ötənilki aprel döyüşlərində ağır itkilərə məruz qalan işğalçı rejim ölkədəki itmiş “nüfuzunu” bərpa etmək üçün bir ildən artıqdır ki, müxtəlif təxribatlara əl atırlar. Gah dinc əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutur, gah da sosial şəbəkələrdə məqsədli şəkildə təxribatla məşğul olurlar. İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində törətdikləri dəhşətli faciə isə bunun tərkib hissəsi idi. Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində 50 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhranın öldürülməsi Ermənistan hərbi-siyasi rejiminin terrorçu mahiyyətini bir daha sübut etdi. 2 yaşlı bir körpənin vəhşicəsinə qətlə yetirilməsinin isə yalnız bir adı var: bəşər övladına qarşı qeyri-insani cinayət əməli.
Avqustun 7-də Tovuz rayonunun Qaralar kəndinin atəşə tutulması və kənd sakini 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğlunun yaralanması da növbəti erməni təxribatıdır. Xatırladaq ki, bir neçə gün əvvəl ermənilər Qaralar kəndində mülki şəxsləri atəşə tutaraq onların əkin sahələrində təsərrüfatla məşğul olmalarına maneçilik törətmişdilər. Güllələr yaşayış evlərinin dam örtüklərinə də ziyan vurmuşdu.
Dinc əhalini hədəf seçməklə Ermənistan özünün də imzaladığı BMT-nin Cenevrə Konvensiyasının tələblərini, o cümlədən uşaq hüquqlarına dair beynəlxalq sənədləri ciddi şəkildə pozur və bu, erməni silahlılarının törətdikləri ilk belə hadisə deyil. Bu vəhşi hərəkətlər erməni cəlladlarının Xocalıda törətdikləri amansız qətliamın davamıdır. İnsanlığa yaraşmayan bu hərəkət erməni terrorçularının uşaq qatilləri olduğunu bir daha sübuta yetirir. Qadın, uşaq, yaşlı, gənc demədən hər kəsi xüsusi qəddarlıqla qətlə yetirən erməni faşistlərinin müasir dünyada da eyni əməllərindən geri qalmamaları onların çirkaba bulaşmış cəlladlıqlarının göstəricisidir.
Hərbçilərin, yəni silahlı qüvvələrin bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığı yaşayış məntəqəsində mülki əhalinin hədəf seçilməsi, əlbəttə ki, erməni terrorunun tərkib hissəsidir. Bu, bir daha sübut edir ki, işğalçının əsas hədəfi dinc Azərbaycan əhalisidir.
Ermənistanın hərbi-kriminal rəhbərliyi öz uğursuzluqlarını, o cümlədən gənclərin kütləvi şəkildə ölkəni tərk etmələrini, hərbi xidmətdən boyun qaçırmalarını, eyni zamanda, aprel döyüşlərindəki məğlubiyyətini belə çirkin, amansız və insanlığa sığmayan cinayətlərlə ört-basdır etməyə çalışır. Ermənistan ordusunda artmaqda olan ölüm hallarından və digər ağır cinayətlərdən erməni ictimaiyyətinin diqqətini yayındırmaq məqsədilə işğalçı rejim planlaşdırılmış müxtəlif təxribatlar həyata keçirir.
Bir tərəfdə danışıqlar görüntüsü yaradaraq özünü “sülh istəyən” kimi qələmə verib, digər tərəfdə dinc əhalinin yaşayış məntəqələrini ağır artilleriya ilə atəşə tutan uşaq qatillərinin Tovuzda törətdikləri son təxribat ölkəmizin ictimaiyyətini hiddətləndirib. Qeyd edək ki, Alxanlı kəndindəki faciədən sonra beynəlxalq birlik Ermənistanın növbəti qanlı cinayətinə sərt reaksiya göstərdi və Azərbaycanın ərazi bütövlüyünə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək ifadə etdi. Dünyanın aparıcı beynəlxalq təşkilatları, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək əsas günahkarın məhz Ermənistan olduğunu göstərdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri faktiki olaraq qeyd edirlər ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı danışıqlar prosesinin və həmsədrlərin səylərinin pozulmasına hesablanıb.
Ermənistanın bu təxribatı nəticəsində bir neçə dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlığını ifadə edən ABŞ Dövlət Departamenti işğalçı ölkəni pozucu və təxribatçı fəaliyyətdən çəkinməyə çağırdı. Dünyanın aparıcı KİV-i - “Assosiated Press”, BBC, “Euronews”, “New York Times”, “Washington Post”, “Le Monde” və digər bu kimi media orqanları hadisəni obyektiv işıqlandıraraq, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yaydılar.
Ən nəhayət, beynəlxalq birliyin reaksiyası, xüsusilə də ATƏT-in Minsk qrupunun ikinci dəfə bəyanat yayaraq baş vermiş hadisəyə dair obyektiv mövqe ifadə etməsi görünür, işğalçı rejimə həmişəki kimi təsir etməyib. Ona görə də beynəlxalq təşkilatlar bu məsələdə susqun qalmamalıdırlar. Əgər Ermənistanın növbəti təxribatına laqeyd münasibət göstərilərsə, növbəti faciələr qaçılmaz ola bilər. Ona görə də beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı Ermənistana qarşı ciddi və sərt addımlar atmalıdırlar.
Uşaq qatilləri yaxşı anlamalıdırlar ki, vəziyyət belə davam etsə, aprel döyüşləri təkrarlana bilər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin münaqişəni sülh yolu ilə həll etmək cəhdlərinə Ermənistan hərbi təcavüzlə cavab verir. Azərbaycan münaqişənin həllinə nə qədər səy göstərirsə, Ermənistan da bir o qədər müharibəni qızışdırmağa çalışır. Tarixlərini belə saxtakarlıq üzərində quran ermənilər artıq yalana, böhtana, şərə ən yaxşı silah kimi baxırlar.
Hər kəsə bəllidir ki, hərb çərçivəsində Azərbaycanla ayaqlaşa bilmədiyini anlayan Ermənistan cılız oyunlara əl atmaqla məşğuldur. Azərbaycanın Müdafiə Nazirliyi işğalçı ölkəyə xəbərdarlıq edərək bu cür təxribatların davam edəcəyi təqdirdə düşmənə vurulacaq zərbələrin daha ağır və sərt olacağını bildirir. Təxribat törətdiyinə görə Ermənistan peşman olacaq. Aprel döyüşlərində olduğu kimi.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”