Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İnam bəslədiyi rejimin qurbanı

06 Avgust 2017
 

Fədakar fəaliyyəti, ideyaları, xidmətləri ilə yaddaqalan simalardan biri də dövrünün cəfakeş ziyalısı, ictimai-siyasi xadim Ələsgər Abbas oğlu Şahbazov idi. O, 1920-ci il aprel işğalından sonra partiya-sovet işinə irəli çəkilmiş, Göyçay Qəza Komitəsinin, Naxçıvan Ölkə Komitəsinin, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin, Qarabağ Mahalının, Lerik, Lənkəran rayonlarının katibi, Yardımlının İcraiyyə Komitəsinin sədri, Yüngül Sənaye Komissarı və digər məsul vəzifələrdə çalışmışdır. Xidmətlərinə görə “Lenin” ordeni ilə təltif edilmişdir. Təəssüf ki, bu dövrdə onlarla Azərbaycan ziyalısı kimi Ələsgər Şahbazov da inam bəslədiyi rejimin qurbanına çevrilmişdir. 

1898-ci ildə Bakının Mərdəkan kəndində doğulan, ömrünün ən çılğın və işgüzar illərini şura hökumətinin quruculuğu yolunda fəda edən Ə.Şahbazov son anda həmin hökumət tərəfindən təqiblərə məruz qalmışdır. Ələsgər gənc yaşlarından mürəkkəb ictimai-siyasi hadisələrlə üzləşmişdir. Vətənpərvər və millətsevər ruhda böyüdüyündən bəzi həmyaşıdları kimi o da xalqını azad, vətənini müstəqil görmək istəmişdir. Bu amal uğrunda ən uzaq yolun yolçusu olmağı özünə borc bilmişdir.
Ötən əsrin əvvəllərində xalqın azadlıq və müstəqillik duyğuları Bakını tətillər, inqilablar meydanına çevirmişdi, yüz illərlə gah bu, gah da digər imperiyanın əsarətində yaşayan xalq çar Rusiyasının müstəmləkəsindən qurtulmaq üçün ayağa qalxmışdı. Müxtəlif qruplar, təşkilatlar, firqələr, cəmiyyətlər yaranmışdı, camaat hansısa yeni quruluşa ümid bağlayaraq milli dövlət qurmaq və azad yaşamaq üçün əlindən gələni əsirgəməmişdi. Bu zaman fəhlələr arasında bolşevik “Hümmət” təşkilatına da böyük rəğbət var idi. Mixaylovsk xəstəxanasının mühasibatında işə düzələn Ələsgər baş hesabdar bolşevik İsrafilbəyovun köməyi ilə “Hümmət” təşkilatının fəaliyyətində yaxından iştirak edir, tez-tez fəhlələr arasında olur, verilən tapşırıqları böyük həvəslə yerinə yetirirdi. Sıralarında olduğu gənc “Hümmət”çilər dəstəsi ilə neft mədənlərinə və zavodlara gedir, yığıncaqlar keçirir, fəhlələri bolşeviklərə dəstək olmağa çağırırdı.
1919-cu ilin əvvəllərində Müsavat hökuməti tərəfindən orduya səfərbər olunmaqla Ələsgər Şahbazovun ömür yolu, fəaliyyət dairəsi başqa bir səmtə yön alır. Milli ordunun rabitə xidməti bölüyündə sıravi əsgər, sonra isə kargüzar olur. O, burada inqilabi fəaliyyətini daha da genişləndirir. Əsgərlər arasında milli dövlətçiliyi qoruyub-saxlamaq və möhkəmləndirmək baxımından fəal təbliğat işi aparır. Lakin 1920-ci ilin aprel ayında Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldıqdan sonra Ələsgər Şahbazov təkrarən xidmət etdiyi ordunun tərkibində qalır. 1917-ci ildən sıralarında olduğu bolşeviklər partiyasının xalqına, millətinə ağ günlər bəxş edəcəyi ümidilə XI ordunun sıralarına qoşulur. Az müddətdən sonra Ə.Şahbazovun təcrübəsi, siyasi hazırlığı, əsgərlər arasında iş aparmaq bacarığı nəzərə alınmaqla AK(b)P MK-nın hərbi şöbəsi tərəfindən Qızıl Ordunun baş qərargahının inzibati-təsərrüfat şöbəsinin hərbi komissarı vəzifəsinə təyin edilir. Beləliklə, Ə.Şahbazov Qızıl Ordunun baş qərargahında və Siyasi İdarəsində müxtəlif məsul vəzifələrdə çalışır.
1923-cü ilin yaz günlərinin birində Ələsgər Şahbazovun ömür yolunda ikinci bir cəbhə açılır. O, 1923-cü ilin aprel aynda partiya işinə məsul vəzifəyə irəli çəkilir - Göyçay Qəza Komitəsinin katibi təyin edilir. Üç il bu vəzifədə çalışdıqdan sonra AK(b)P Naxçıvan Ölkə Komitəsinin katibi vəzifəsinə göndərilir. 1928-ci ildə Bakıya çağırılaraq “Azərsənətbirliyi”nin sədri vəzifəsində çalışmalı olur. Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. Növbəti ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin katibi seçilir. Burada bir ay yeddi gün işlədikdən sonra onu Qarabağ Mahal Partiya Komitəsinin katibi vəzifəsinə təyin edirlər. Çox çəkmir ki, partiya komitəsi ləğv olunur və Ələsgər Şahbazov yenidən Bakıya çağırılır, bir müddət Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasının sədri, Yüngül Sənaye Komissarı vəzifələrində çalışır.
Ələsgər Şahbazov respublikanın ictimai həyatında yaxından iştirak edir, partiyanın tapşırıqlarını vaxtında və yüksək səviyyədə yerinə yetirir. Savadına, qabiliyyətinə və işgüzarlığına görə böyük nüfuz sahibinə çevrilir. Məsul vəzifələrdə çalışdığı vaxtlarda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilir, AK(b)P MK-nın və ÜİK(b)P Zaqafqaziya Nəzarət Komissiyasının üzvü olur, AK(b)P X qurultayında Azərbaycan partiya təşkilatının nümayəndəsi kimi iştirak edir. Partiya və xalq qarşısındakı, habelə inqilabi hərəkatda və sosializm quruculuğundakı xidmətləri nəzərə alınmaqla o, “Lenin” ordeninə layiq görülür.
1933-cü ildə Ə. Şahbazov Naxçıvan MTS-ə siyasi şöbənin rəisi göndərilir. Bir neçə aydan sonra MTS ləğv olunur. Bu dəfə Ə.Şahbazov Yardımlı Rayon İcraiyyə Komitəsinin sədri, az sonra isə Lerik Rayon Partiya (bolşevik) Komitəsinin katibi təyin edilir və 1936-cı ilə kimi bu vəzifədə çalışır. Sonra Lənkəran Rayon Partiya (bolşevik) Komitəsinə katib göndərilir. Burada da az müddət işlədikdən sonra Bakıya çagrılır və “Aztorq”a direktor müavini təyin edilir.
Ələsgər Şahbazovun həyatının faciəli günləri bundan sonra başlayır. Aşağılarda camaat arasında xətirli-hörmətli olmasını, yuxarılarda bilikli-bacarıqlı kadr kimi tanınmasını bolşevik-erməni qüvvələri həzm edə bilmirlər. Son vaxtlar ara-sıra ünvanına söylənən şayiələrdən özü də bunu hiss edirdi, amma inana bilmirdi ki...
1937-ci ilin avqust ayında qəfildən onu başqa bir ünvana çağırırlar. Antisovet təşkilatın üzvü olduğu üçün XDİK (NKVD) tərəfindən həbs edilir. Xüsusi təhlükəli cinayətkar kimi SSRİ Xalq Daxili İşlər Komissarlığının zirzəmilərində dörd ilə yaxın işgəncələrə məruz qalır. Milliyyətcə erməni olan baş müstəntiq, mayor Avanesovun uydurma sual-cavabları əsasında, antisovet təbliğati işlərlə məşğul olması tam “sübut”a yetirilir. Üçlüyün qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilməklə Uzaq Sibirə, islah əmək düşərgəsinə göndərilir.
Ölüm və qan qoxulu səkkizillik sürgünlük həyatında Ələsgər Şahbazovun dadına çatan, sağ qalmasına səbəb özünün də etiraf etdiyi kimi rus dilini yaxşı bilməsi olmuşdur. 1945-ci ilin qızmar avqust günlərində həbsxanadan buraxılır. Təəssüf ki, bir vaxtlar xalılı-xalçalı kabinetlərdə qırmızı örtüklü stollar arxasında əyləşən, nazirlərlə oturub-duran Ə.Şahbazova Bakıda, hətta anadan olduğu Mərdəkan kəndində yaşamağa icazə vermirlər. Sovet hökumətinin “müqəddəs” qanunlarına əsasən Ağdama getməli, orada yaşamalı və işlə təmin olunmalı idi.
Bu ərəfədə Ələsgər gizlin də olsa ailəsi, yaxın qohumları ilə görüşə bilir və bir neçə gündən sonra tələb olunan ünvana gedir. Burada Ələsgərə iş tapılmır və çox çək-çevirdən sonra müəyyən razılıq əsasında onu Qutqaşen (indiki Qəbələ) rayonunda yaşamaqla oradakı meşə təsərrüfatı idarəsinə hesabdar göndərirlər. Ələsgər ötən illər ərzində çox şeylər görüb-götürdüyündən buna da çox şükür edir, azadlığı ən böyük nemət bilir, Allah-təaladan onu xətadan-bəladan, şərdən-böhtandan qorumağı arzu edir. Taleyin qismətinə ikiqat razı olan Ələsgər beləcə öz gündəlik iş-gücü ilə məşğul olur. Kollektivdə yaxşı hörmət qazanır.
1947-ci ilin payızında idarəyə meşədə boşalan ərazilərdə və digər boş sahələrdə yeni tinglər salmaq, meşəçiliyi inkişaf etdirmək üçün hökumət tərəfindən xeyli vəsait buraxılmışdı. Ələsgər görür ki, idarənin işçiləri, xüsusilə qarovulçular meşənin qalın yerindən və digər sahələrdən əllərinə nə keçdi ağac tingləri gətirib müəyyən boş-tala yerlərə əkirlər. Tinglərin alınmasına və bu yöndə görüləcək işlərə ayrılan pulları isə idarənin rəisi onun-bunun adına yazdırmaqla mənimsəyir və s.
Ə.Şahbazov vəzifədə olanda da, Sibirdə sürgündə kiprikləri ilə od götürəndə də düzlüyü, təmizliyi, halallığı hər şeydən üstün tuturdu. İşin nə yerdə olduğunu görən Ələsgər məqam tapıb bu barədə müdirə etirazını bildirir. Məsələ düzəlmək əvəzinə növbəti aylarda daha geniş vüsət alır. Ələsgər bu barədə rayon rəhbərliyinə, hüquq mühafizə orqanlarına məlumat yazır. Çox keçmir ki, yoxlama gəlir, şikayətçinin özünü günahkar çıxarırlar. Hətta bu “yalançılığa” görə Ələsgəri çox ciddi tənbeh də edirlər.
Haqqın ağzına daş basıldığını görən Ələsgər bu dəfə Bakıya, baş idarəyə rəsmi məktubla müraciət etməli olur. Gələn yoxlama maliyyə sənədləri və Ələsgərin məlumatları əsasında yazılanların doğru olduğunu, maliyyə pozuntularına yol verildiyini bildirir və bu narazılıqların həllinin ancaq “barışıq” yolu ilə mümkün olduğunu məsləhət verib geri qayıdır.
Yoxlamadan sonra heç nə olmayıbmış kimi, hamı əvvəlki münasibətlərdə, hərə öz işi ilə məşğul idi. Necə deyərlər, meşədə qurd quzu ilə otlayırdı. Altı-yeddi ay idi ki, qarşılıqlı hörmət və həmrəylik kəllə-çarxa çıxmışdı. Belə sakit günlərin birində 1948-ci il sentyabr ayının 8-də Qutqaşen meşələrində sanki tufan qopur, idarədə hamı bir-birinə dəyir. Hökumət adamları gəlib Qutqaşen Rayon Meşə Təsərrüfatının hesabdarı Ələsgər Şahbazovu tutub aparırlar ki, sən meşədə sovet hökumətinin əleyhinə təbliğati işlərlə məşğulsan. Ə.Şahbazovun adına 251 saylı “Cinayət işi” açılır.
Ondan sentyabrın 11-də 5 dəfə, 14-ündə 6 dəfə, 20-də 4 dəfə, oktyabrın 18-də 3 dəfə, 23-də 2 dəfə, dekabrın 6-da 3 dəfə ifadə alırlar. Hər dəfə də çalışırlar ki, Ələsgər Şahbazov desin ki, “bəli, siz deyəndi, antisovet fəaliyyətlə məşğul olmuşam, üstəlik, hələ başqa işləri də mən eləmişəm...”
Ancaq Ə.Şahbazov son anadək əqidəsindən dönmür, mövqeyini dəyişmir. Bütün bunlara baxmayaraq, Şahbazov antisovet millətçi təşkilatın üzvü kimi cinayət fəaliyyəti “sübuta” yetirilməklə Üçlüyün 1948-ci il 1 fevral tarixli qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilir. Uzaq Şərqin buzlu ölüm düşərgələrindən birinə gedər-gəlməzə göndərilir.
1953-cü ildə Stalin öləndən sonra, haradansa gecələri zillət, gündüzləri zülmət olan insanların üzərinə azadlıq günəşi doğur. Qaranlıq zirzəmilərin ən dərin qatlarına işıq salan bu azadlıq günəşi Ələsgər Şahbazovun taleyinə də xoş bir naxış vurur: davamlı olaraq yazdığı ərizələrə baxan tapılır. 1954-cü ilin sonlarında Ələsgər Şahbazovu Uzaq Şərqdən azadlığa buraxırlar. Onun tərcümeyi-halına düşən bu ləkə 1956-cı ildə elə sovet hökumətinin öz əli ilə silinir: həmin il fevralın 15-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyası Ələsgər Abbas oğlu Şahbazovun işinə yenidən baxır, fəaliyyətində cinayət tərkibi olmadığına görə ona bəraət verilir.
Ələsgər Şahbazov 1973-cü ildə Bakıda haqq dünyasına qovuşur.

Rəhman SALMANLI,
“Azərbaycan”