Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Balet də milli rəqslərimiz kimi sevilir

06 Avgust 2017
 

Rəqs də musiqi kimi, sərhəd tanımır. Hər bir xalqın rəqsi həm də onun milli kimliyini qoruyub saxlayan və mənəvi dəyərlər sırasında olan sənətlərdəndir. Rəqslərin müxtəlif növləri var ki, onlardan biri də baletdir. Əslində, Avropadan dünya coğrafiyasına ayaq açan balet bu gün hər bir xalqın milli rəqsləri kimi sevilərək ifa edilməkdədir. Balet rəqslərinin səhnə və ekran əsərlərində özünə beynəlxalq status qazanması da inkarolunmazdır.

Azərbaycan xalqının milli rəqslərinin al-əlvanlığının səbəblərindən biri də ölkəmizdə multikultural dəyərlərə xüsusi önəm verilməsidir. Müxtəlif azsaylı xalqların, etnik qrupların belə öz milli adət-ənənələrinin qorunub saxlandığı Azərbaycanda rəqslərin də növlərinin çox olması təbiidir.
Milli rəqslərimizin tarixinin qədimlərə, hətta, meydan tamaşalarınadək gedib çıxması barədə kifayət qədər məlumatlar var. Lakin, əlbəttə, Avropada daha çox yayılmış rəqslərdən biri kimi balet ölkəmizə ötən əsrin əvvəllərində gətirilib. Fərdi qaydada bu rəqsdən istifadə edilsə də, rəsmi qaydada Bakıda ilk balet studiyası Əli Bayramov adına Mərkəzi Klubun nəzdində 1922-ci ildə yaradılıb. Bir il sonra, avqustun 18-də isə Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən açılan “Balet studiyası” Bakı Xoreoqrafiya Məktəbinə çevrilib. Azərbaycanın ilk böyük ustad balerinası, xalq artisti Qəmər Almaszadə məhz 1925-1929-cu illərdə burada həmin sənətin sirlərini öyrənib.
Məktəbin keçdiyi yola qısa ekskursiyadan məlum olur ki, 1933-cü ildə burada 157 şagird təhsil alıb. Əvvəlcə təhsil müddəti 4 il idisə, sonradan 9 ilə çatdırılıb. Sənət beşiyinə sözün əsl mənasında sənətkarların cəlb edilməsindən sonra balet səhnəsi üçün mütəxəssislər hazırlanması sistemli şəkildə formalaşıb, məktəbdə maraqlı tədris tamaşalarının nümayişinə başlanılıb.
Bu təhsil müəssisəsinin adı və statusu bir neçə dəfə dəyişdirilib ki, bu da onun fəaliyyəti ilə bağlı olub. O, 1935-ci ildə xoreoqrafiya məktəbi, sonra texnikumu, 1962-ci ildə isə Mədəniyyət Nazirliyi nəzdində yenidən Bakı Xoreoqrafiya Məktəbi adlandırılıb. O zaman məktəbdə çalışan Qəmər Almaszadə xalq artistləri Leyla Vəkilova, Rəfiqə Axundova, Tamilla Şirəliyeva, Çimnaz Babayeva, əməkdar artist Tamilla Məmmədova, Vera Tsiqnadze kimi məşhur balet ustalarını yetişdirib.
Məhz həmin illərdə milli rəqs ənənələrinin qorunması və təbliği, gənclərdə bu səhnə sənətinin professional öyrənilməsi hissinin aşılanması zərurətindən burada xalq bölməsi yaradılıb. Azərbaycanın xalq artistləri Xumar Zülfüqarova, Afaq Məlikova, Cəmilə Bayramova, Roza Cəlilova, əməkdar artistlərdən Nailə Mahmudova, Səbinə Qasımova, Elizbar Osmanov və başqaları həmin bölmədə təhsil alıblar.
Xatırladaq ki, iyirminci yüzilliyin 50-70-ci illərində Bakı Xoreoqrafiya Məktəbini əməkdar artistlər Ramazan və Olqa Arifulinlər, Nelli Bokovets, Gülbacı Hacıyeva, Nailə Nəzirova, Rimma Məmmədova, Rüfət və Valentina Zeynalovlar, Sima Feyzullayeva, Lyubov Filippova, Ella Almazova və digər balet ustaları bitiriblər. Onu da qeyd edək ki, adıçəkilən məktəbin məzunları olmuş xalq və əməkdar artistləri yüksək ixtisaslı, professional kadrlar qismində müəyyən müddətdən sonra təhsil aldıqları doğma ocağa qayıdaraq pedaqoji fəaliyyətə qoşulublar. Həmin fəaliyyətin uğurlu nəticəsi məhz XX əsrin 60-70-ci illərində Azərbaycan milli balet sənətinin beynəlxalq səviyyədə təbliğ olunmasına şərait yaradıb.
Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılaraq fəaliyyətə başlayıb. Akademiya ümumi təhsil (ibtidai, ümumi orta və tam orta təhsil), orta ixtisas və ali təhsil (bakalavr, magistr, doktorantura) pillələri üzrə təhsil proqramı və əlavə təhsilin müvafiq istiqamətlərini (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi) həyata keçirir.
Azərbaycan Prezidenti İlham Əliyevin xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə “Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında” imzaladığı 30 aprel 2014-cü il tarixli sərəncam bu müəssisənin fəaliyyətinin genişlənməsinə stimul verib. Akademiyada baletmeyster sənəti, balet pedaqogikası, balet artisti, balet tarixi və digər ixtisas və ixtisaslaşmalar üzrə tədris aparılır. Akademiyanın klassik rəqs bölməsində görkəmli balet ustaları, xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər Rimma İsgəndərova, Tamilla Məmmədova, milli rəqs bölməsində xalq artistləri Yusif Qasımov, Rüfət Xəlilzadə, əməkdar artistlər Səbinə Qasımova, Sənan Hüseynli və başqaları pedaqoji fəaliyyətlə məşğuldurlar.
Burada müntəzəm xarakter daşıyan elmi-praktik konfranslar, respublika miqyaslı müsabiqələr, böyük ustad sənətkarların yubiley gecələri keçirilir. Eləcə də tədris planları və proqramları yenidən işlənir, xoreoqrafiya sənətinin ayrı-ayrı sahələri üzrə metodiki vəsaitlər, təlimatlar və digər materiallar hazırlanır, “Elmi əsərlər” toplusu və “Sənət akademiyası” adlı elmi-nəzəri məcmuə nəşr olunur.
Akademiyanın şagird və tələbələri, o cümlədən professional müəllim heyəti ölkədə və respublikanın hüdudlarından kənarda keçirilən beynəlxalq festivallarda, müsabiqə və yubiley gecələrində uğurla çıxış edirlər.
Moskva Dövlət Xoreoqrafiya Akademiyası və Sankt-Peterburq A.Y.Vaqanova adına “Rus Baleti” Akademiyası, Moskva Dövlət İncəsənət İnstitutu, M.K.Çurlyönis adına Litva Milli İncəsənət Məktəbi ilə əməkdaşlıqla bağlı imzalanan saziş də məhz əlaqələrin, əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi məqsədi daşıyır. Bunlardan savayı, daha geniş beynəlxalq əlaqələrin yaradılması istiqamətində, o cümlədən Bakı Xoreoqrafiya Akademiyasında ustad dərslərinin təşkili üçün dünyanın bir çox ölkələrinin xoreoqrafları ilə danışıqlar aparılır.
90 illik professional xoreoqrafiya təhsil ənənələrini yaşadan bu akademiyanın uğur və nailiyyətləri nəinki ölkədə, eləcə də xaricdə kifayət qədər tanınır və rəğbətlə qarşılanır. Akademiyada çalışan elmi-pedaqoji kollektivin xoreoqrafiya, xüsusilə də balet və milli rəqs üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətindəki fəaliyyəti bu sahəyə olan marağın artmasına səbəb olub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında bu il ilk dəfə olaraq dahi bəstəkarımız Qara Qarayevin “Yeddi gözəl” baletinin nümayişi yaddaqalan tədbirlərdən biridir. Akademiyanın tələbələrinin buraxılış-hesabat tamaşası olan “Yeddi gözəl” baleti eyni zamanda “Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili”nə həsr olunan növbəti layihələrdən biridir.
“İslam həmrəyliyi ili”nə həsr olunmuş layihələr çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində keçirilən tədbirlərdən biri də “Səmayi-şəms” rəqs-tamaşasıdır. Tamaşanı möhtəşəm “Davulla rəqs” kompozisiyası açaraq, dünyaya sülh və həmrəylik mesajları göndərib. İslam dünyasının aparıcı dövlətləri sayılan Azərbaycan, Türkiyə, İran, Albaniya, Misir, Qazaxıstan, Özbəkistan, Tacikistan, bir sıra ərəb və digər müsəlman ölkələrinə məxsus milli rəqslərdən ibarət vahid ssenari üzrə hazırlanan rəqs-tamaşanın bədii rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova, rejissoru Cavid İmamverdiyevdir.
Bakı Xoreoqrafiya Akademiyası respublikamızın ictimai-mədəni həyatında fəal iştirak etməklə yanaşı, ölkəmizi beynəlxalq tədbirlərdə də layiqincə təmsil edir. Akademiya qısa müddət ərzində böyük nailiyyətlər əldə edib, mühüm elm, təhsil və sənət layihələrinə imza atıb.

Məhəmməd NƏRİMANOĞLU,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”