Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Strateji yol xəritələri Azərbaycanın iqtisadi inkişafının lokomotividir

04 Avgust 2017
 

Bilik Fondu Binəqədi Rayon İcra Hakimiyyətinin “Məlumat saatı”nda mühazirə təşkil edib

 

Avqustun 3-də Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Rasim Nəbiyevin “Strateji yol xəritəsi: Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin edilməsi və davamlı iqtisadi inkişafa keçid” mövzusunda mühazirəsi keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətində ənənəvi olaraq keçirilən növbəti “Məlumat saatı”nda rayonun icra strukturlarının əməkdaşları, bələdiyyə işçiləri, sahibkarlar, YAP fəalları, “ASAN-xidmət” könüllüləri, gənclər iştirak ediblər.

Tədbiri açan rayon icra hakimiyyəti başçısının müavini Vüsar İsmayılov son illər ümumi məhsul istehsalının həcmindəki artımın, yeni sənaye-istehsal müəssisələrinin yaradılmasının rayon əhalisinin sosial vəziyyətinin yaxşılaşmasına, büdcə gəlirlərinin artmasına öz müsbət təsirini göstərdiyini qeyd edib. Bildirilib ki, əhali arasında təbliğat, maarifləndirmə işləri də daim xüsusi diqqətdə saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər görülür, ayda iki dəfə rayon icra hakimiyyətində günün aktual mövzuları ilə bağlı müzakirə və dinləmələr aparılır. Bilik Fondu ilə birlikdə keçirilən bu tədbir də həmin ənənənin davamıdır.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə  üç il əvvəl yaranan Bilik Fondunun maarifləndirmə sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib, Binəqədi rayonunda əhalinin maarifləndirilməsi ilə bağlı birgə tədbirlərə daim xüsusi diqqət yetirildiyini bildirib. Dövlət başçısının imzaladığı strateji yol xəritələrinin şərhi və son dövrdə iqtisadi inkişaf sahəsində görülən işlərin təbliğinin fondun “İqtisadi maarifləndirmə” proqramının əsas məqsədi olduğu qeyd edilib. Respublika rəhbərinin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanın ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi üçün geniş imkanlar, perspektivlər açdığı faktlarla vurğulanıb. Prezident İlham Əliyevin regionlarda keçirdiyi silsilə görüşlərin ölkəmizin iqtisadiyyatında canlanma yaratdığı və tərəqqiyə yol açdığı, xüsusilə, texnoparkların yaradılmasının respublikamızda son elmi-texniki tələblərə, müasir dünya standartlarına cavab verən məhsulların istehsalına, xaricdən bir sıra strateji malların idxalının azalmasına, ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə şərait yaratdığı qeyd olunub.

Məruzəçi Rasim Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış strateji yol xəritələri çox ciddi təhlillər üzərində qurulub, bu sənədlərdə Azərbaycanda mövcud iqtisadi vəziyyətlə bərabər qlobal və regional amillər də nəzərə alınıb. Strateji yol xəritələrinin Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun sürətli inkişafı  baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayan alim qeyd edib ki, bu strateji konsepsiyalar iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin gücləndirilməsinə və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Bu yol xəritələri həm də onu göstərir ki, Azərbaycan indiyədək yürütdüyü sosial bazar modeli fəlsəfəsini qoruyur və bundan sonrakı strategiyanın mərkəzində də məhz insan amili dayanır. İqtisadçı alim strateji yol xəritələrinin 12 istiqamət üzrə müəyyən edilmiş əsas hədəflərini açıqlayıb, bu hədəflərə çatmaq üçün qarşıda duran vəzifələri ətraflı şərh edib.

Mövzu ilə bağlı çıxış edənlər ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, davamlı inkişafın təmin edilməsi, strateji konsepsiyaların reallaşması üçün öz fikirlərini bildiriblər, Bilik Fondu ilə rayon icra hakimiyyətinin birgə tədbirlərinin davamlı olması, ilin sonunadək keçiriləcək mühazirə mövzuları və məkanları barədə təkliflər veriblər.

Diskussiya şəraitində keçən tədbirdə iştirakçıların çoxsaylı sualları iqtisadçı alim tərəfindən cavablandırılıb.

 

“Azərbaycan”