Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sahibkarlar gömrükçülərin fəaliyyətindən razıdırlar

04 Avgust 2017
 

Kənd təsərrüfatı məhsullarının ixrac və idxalı ilə məşğul olan iş adamlarının uğurunu, eyni zamanda bu sektorun iqtisadiyyata faydasını  şərtləndirən əhəmiyyətli amillərdən biri də gömrük münasibətləri, tənzimləmələridir.

Son illər Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları əsasında gömrük sistemində əsaslı islahatlar aparılmış, malların bəyan olunmasının elektron qaydada həyata keçirilməsi təmin edilmiş, gömrük nəzarəti və sənədləşdirmə prosedurları yeni tələblər əsasında qurulmuşdur. “Bir pəncərə”, “Elektron bəyannamə”, “Yaşıl dəhliz” və digər yeniliklər idxal-ixrac əməliyyatlarının sürətlə, eyni zamanda şəffaf şəkildə həyata keçirilməsinə səbəb olmuşdur. İqtisadi təhlükəsizliyimizin təmin olunması, daxili bazarın qorunması, ticarətin, həmçinin gömrük əməliyyatlarının  asan, dəqiq və tez bir zamanda aparılması istiqamətində gömrük orqanlarının fəaliyyəti diqqətçəkəndir. Bakı Baş Gömrük İdarəsinin (BBGİ) fəaliyyəti bu xüsusda seçilir.

BBGİ-də idxal-ixrac əməliyyatları ilə məşğul olan biznes subyektləri ilə vaxtaşırı görüşlər keçirilir. Belə görüşlərdə gömrükçülər biznesmen-gömrük əməkdaşlığının inkişaf etdirilməsindən, qarşılıqlı işgüzar münasibətlərin qanunvericiliyin tələbləri çərçivəsində  qurulmasının vacibliyi və  əhəmiyyətindən söz açır, mövcud vəziyyəti öyrənir, irad və təklifləri dinləyir, birgə müzakirələr aparırlar.  İdarə əməkdaşları sahibkarları narahat edən məsələlərlə maraqlanır, sualları cavablandırır, problemlərin operativ və obyektiv şəkildə aradan qaldırılması  üçün əllərindən gələni əsirgəmirlər. Sahibkarlar da öz növbələrində gömrük orqanlarının bu sahədəki məsuliyyətli və peşəkar yanaşmasını yüksək qiymətləndirirlər.  Gömrük idarəsinin bütün işçiləri  peşəkarlıqları və mənəvi keyfiyyətləri ilə fərqlənirlər.   Onlar xidməti vəzifələrinin icrası zamanı prinsipial, qərəzsiz,  ədalətli olmağa çalışır, qanunun  aliliyini rəhbər tuturlar.

Bakı Baş Gömrük İdarəsinin kollektivi Azərbaycan Respublikasının, gömrük xidmətinin nüfuzunu möhkəmləndirməyə, gömrükçü  adını və şərəfini uca tutmağa çalışır. Bir vətəndaş və sahibkar olaraq  idxal və ixracla bağlı bu idarəyə  müraciət etdiyim zaman  bürokratik əngəllə, süni maneə ilə rastlaşmamışam. Əksinə, hər dəfə idarənin hər bir işçisindən  diqqət və qayğı görmüşəm. Bu səbəbdən Bakı Baş Gömrük İdarəsinin kollektivinə, gömrük əməkdaşlarına bir sahibkar kimi təşəkkür etmək istəyirəm. Əminəm ki, onlar bundan sonra da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, ölkəmizin iqtisadi yüksəlişinin  təmin olunmasına, gömrük münasibətlərinin müasir və mütərəqqi platformada inkişafına  yeni-yeni töhfələr verəcəklər.

                                              

Həmid MƏMMƏDOV,

“NNM GROUP” MMC-nin təsisçisi və rəhbəri