Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kitabı sevin və sevdirin...

04 Avgust 2017
 

Hər ilin yay aylarında Qusarda kitab bayramı keçirilir. Sayca doqquzuncu olan builki bayramda minlərlə kitabsevər iştirak etdi. Mən də onların arasında idim.

Ali təhsilim olmasa da, uşaqlıqdan kitaba bağlanmışam. Rayon yerində axşamlar, əsasən də qışda  kitab oxumaq insana ruh yüksəkliyi gətirir.

Düzdür, internet əsridir, kompüter və ya mobil elektron cihazlar vasitəsilə haradan istəsən, məlumat toplamaq, nə haqqında desən, informasiya almaq mümkündür. Bununla belə, N.Nərimanov adına istirahət parkında keçirilən növbəti kitab bayramında da  minlərlə insan iştirak edirdi. Bircə diqqəti çəkən onların arasında  gənclərin sayının nisbətən az olması idi. Amma uşaq və yeniyetmələr  çox idi.  Valideynlərin uşaqlarını bu bayrama gətirməsi onların övladlarında  mütaliəyə maraq yaratmaq istəyindən xəbər verirdi. Bu da, əlbəttə, təqdirəlayiqdir.

Tədbirdə müxtəlif mövzularda 3 mindən çox kitab nümayiş edildi. Kitab bayramının təşkilində məqsəd mütaliəyə marağı artırmaqdır. Bu baxımdan elə tədbir zamanı 100-ə yaxın rayon sakininin  kitabxanaya üzv yazılması əlamətdar haldır.

Bir də üzümü valideynlərə tutub demək istəyirəm ki, yay - istirahət, tətil aylarında uşaqların kitab oxumasına nail olun. Özü də bunu düşünülmüş, planlı  şəkildə edin. Nəzərə alın ki, mütaliə uşaqların söz ehtiyatının artmasında, bədii təxəyyüllərinin,  zövqlərinin, o cümlədən dünyagörüşlərinin  yüksəlməsində müstəsna əhəmiyyətə, təsirə malikdir. Kitab oxumayan, söz ehtiyatı kasad insanlar hiss və düşüncələrini belə düzgün və dolğun izhar etməkdə çətinlik çəkirlər. Odur ki, kitabı həm sevin, həm də başqalarına, xüsusən də uşaqlara  sevdirin.

 

Dilarə ŞAXVERDİYEVA,

Qusar