Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kapital qoyuluşu iqtisadi inkişafa dinamizm verir

03 Avgust 2017
 

Bu həm də yeni iş yerlərinin açılması deməkdir

 

İqtisadi inkişafın təməl daşlarından biri kapital qoyuluşudur. Yatırılan sərmayə yeni istehsal və xidmət sahələrinin, yeni iş yerlərinin açılması ilə nəticələnir. Bu da məhsul istehsalını artırır, göstərilən xidmətlərin keyfiyyəti yaxşılaşır. Bu məqsədlə ölkəmizdə xarici və daxili investisiyaların iqtisadiyyata cəlb edilməsi üçün müxtəlif proqramlar həyata keçirilir. Buna görə də Azərbaycan kapital qoyuluşunda nəinki MDB məkanında lider dövlətdir, hətta bir çox Şərqi Avropa ölkələrindən öndədir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə iqtisadiyyatına kapital qoyuluşunun əhəmiyyətini vurğulayaraq demişdir: “Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki. bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədarlar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək”.

Dövlət başçısı həmin tədbirdə vurğuladı ki, qoyulan sərmayənin çox hissəsi xarici kapitala məxsusdur. Lakin bununla yanaşı, daxili sərmayələrin iqtisadiyyata qoyulmasının sürətləndirilməsinin də vacib olduğunu bildirdi. Bu sahədə milli sahibkarların üzərinə böyük məsuliyyət düşür. Çünki Azərbaycanda artıq mükəmməl sahibkarlıq sinfi formalaşıb, onların əlində müəyyən qədər kapital var. Həmin kapitalın sərmayə şəklində iqtisadiyyata qoyulması ümumi inkişafımızın xeyrinə olacaq. 

Kapital qoyuluşunun bir forması da dövlət tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsidir. Cari ilin 6 ayında bu məqsədlə 63 milyon manat kredit verilib. Ümumiyyətlə, bütövlükdə sahibkarlar güzəştli şərtlərlə 2 milyard manat kredit alıblar.

Ölkəmizdə investisiya təşviqi mexanizmi uğurla icra olunur. Bu mexanizm işə düşəndən sonra ölkə iqtisadiyyatına 1,6 milyard manat dəyərində investisiya qoyulub.

Sözsüz ki, kapital qoyuluşu, sahibkarlara güzəştli kreditlərin verilməsi və investisiya təşviqi mexanizmlərinin işə düşməsi nəticəsiz qala bilməzdi. Buna görə də cari ildə 122 min yeni iş yeri açılıb ki, onun da 101 mini daimidir. 

Ölkənin iqtisadi inkişafının müxtəlif sahələrinə dövlət tərəfindən ardıcıl olaraq kapital qoyulur. Bu, xüsusilə infrastruktur layihələrində özünü daha qabarıq göstərir. Görülən tədbirlərin nəticəsidir ki, qazlaşdırmanın səviyyəsi 93 faizə çatıb. Kənd yolları layihələri uğurla icra edilir. Yüzlərlə kəndi birləşdirən yollar abadlaşaraq gediş-gəlişi asanlaşdırıb. Bölgələrdə içməli su layihələri də uğurla icra edilir, sudan korluq çəkən şəhər, qəsəbə və kəndlərdə bu problem birdəfəlik həll edilib.

Ölkənin paytaxtında da quruculuq işləri uğurla davam etdirilir. Xüsusilə son dövrlər “Sovetski” adlanan ərazidə aparılan infrastruktur layihələri şəhərin simasını dəyişəcək, yol infrastrukturunda mövcud olan tıxacların aradan qaldırılmasına imkan yaradacaq. Eyni zamanda şəhərin bu hissəsində gözəl parklar salınacaq, istirahət mərkəzləri yaradılacaq, səliqəsizliyə son qoyulacaq.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat vəsait yönəldilib. Bu vəsaitin çox hissəsi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub, sonrakı yerlərdə xidmət və mənzillərin tikintisi gəlir. Yatırılan sərmayənin 69,8 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Bu da ölkədə sahibkarlar tərəfindən iqtisadiyyata kapital qoyuluşunda fəallaşmanın təzahürüdür. Beləliklə, daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 40 faizini təşkil edib. Əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatlar, banklar, büdcə tərəfindən ödənilən vəsaitlər, büdcədənkənar fondların sərmayələri, əhalinin şəxsi vəsaitləri önəmli yer tutur.

Qeyd edildiyi kimi, ölkədə olan münbit investisiya mühiti, xarici kapitalın qanunla qorunması əcnəbi sahibkarları iqtisadiyyatımıza vəsait qoymağa həvəsləndirir. Hesabat dövründə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4282,7 milyon manat vəsait yönəldilib. Qoyulan sərmayənin 83,7 faizi İngiltərə, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Kapital qoyuluşu, eyni zamanda tikinti sektorunda canlanmaya səbəb olub. Belə ki, yanvar-may aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 93,8 min nəfər olub. Onların orta aylıq əməkhaqqı 821,4 manat təşkil edib. Bu sahədə əməkhaqqını daha çox binaların tikintisində və mülki təyinatlı inşaat işlərində çalışanlar alıb. 

 

“Azərbaycan”