Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Yay məktəbləri”

03 Avgust 2017
 

Məqsəd intellektual gənclərin formalaşdırılmasıdır

 

Gərgin tədris ilindən sonra şagirdlərin yay tətilinin necə təşkil olunması yalnız məktəb kollektivlərini deyil, həmçinin ictimaiyyəti, QHT-ləri və valideynləri də ciddi düşündürür. Çünki tətil zamanı fiziki və mənəvi dinclik, yaxşı istirahət sonrakı mərhələdə yeni uğurların əsası sayılır. Məktəblilər yay tətilində istirahət etməli, öyrənməli, əylənməli, yoxsa keçirilən proqramı təkrarlamalıdır? Bu vacib sualın düzgün cavabı məktəb psixoloqları ilə yanaşı, tədrislə məşğul olan pedaqoji kollektivləri də maraqlandırır. Əlbəttə bu onların həm də yay qayğılarıdır.
AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı, məktəb psixoloqu Cəmilə İsbəndiyarovanın fikrincə, şagirdlərin yay tətilinin səmərəli təşkili üçün müvafiq şəkildə düzgün qurulmuş təlim-tərbiyə, o cümlədən mədəni-idman proqramı, sağlam mühit və münbit şərait olmalıdır: “Yay aylarında şagirdlər müəyyən qədər müstəqil olmaq imkanı qazanırlar. Buna görə də ətrafda baş verən hadisələri daha çox müşahidə edirlər. Lakin bu imkan bəzən onları düzgün istiqamətləndirmir, müşahidə etdiklərinin neqativ təsiri altına da düşə bilirlər. Ona görə də şagirdlərin öz yaşıdları ilə əhatə olunmaları və müntəzəm şəkildə müşahidə altında istirahət etmələri arzuolunandır. Bu baxımdan “Yay məktəbi” təlim-tədris proqramı çox vacibdir”.
Bu il də şagirdlərin yay istirahətinin səmərəli keçirilməsinin təşkili unudulmayıb. İyulun 3-də “Məktəblinin dostu” layihəsi çərçivəsində “Yay məktəbi”nin Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 276 nömrəli tam orta məktəbdə açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin, Bakı şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) nümayəndələrinin və təhsil ekspertlərinin iştirak etdiyi tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaqla, əyləncəli proqramlar təşkil etməklə yeni nəsil intellektual və sosial aktiv gənclərin - gələcəyin liderlərinin formalaşdırılmasıdır.
“Yay məktəbi”nin təşkil olunmasını dövlətin və QHT-lərin məktəblilərə qayğısının nəticəsi olduğunu diqqətə çatdıran nazir müavini onu da qeyd edib ki, bu layihə Bakı şəhərində 18 ümumtəhsil məktəbi əhatə edəcək. 6 həftəlik “Yay məktəbi” zamanı 1000 nəfərdən çox şagird üçün təlim, seminar və informativ sessiyalar keçiriləcək, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunacaq. “Yay məktəbi” iki mərhələdə keçiriləcək. İyulun 3-dən 28-dək olan birinci mərhələdə 18 məktəbin 5-6-cı sinif şagirdləri üçün nəzərdə tutulmuşdu. Avqustun 1-dən 31-dək keçiriləcək ikinci mərhələdə isə 7-8-ci sinif şagirdləri iştirak edəcəklər.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev “Yay məktəbi”nin şagirdlərin gələcək həyatına müsbət təsir edəcəyini və daha çox uğur qazanmalarına səbəb olacağını vurğulayıb.
Xatırladaq ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki bəzi ümumtəhsil müəssisələrində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparılmasıdır.
Pilot layihəyə daxil olan Bakı şəhərinin məktəblərində bu tədbirlərin təşkilində məqsəd həmçinin gərgin keçən dərs ilindən sonra şagirdlərin yeni biliklər əldə etməsi üçün müəyyən təlim-tədris proqramlarından istifadə edilməklə, şagirdlərdə öyrənməyə rəğbət və həvəs yaratmaqdır. Əlbəttə, bunun üçün qeyri-formal tədris metodu olan təlimlərdən istifadə zəruridir. Təlimçilərin, mövzuların və məkanın düzgün seçimi də vacib amillərdən biridir.
Mütəxəssislər bu qənaətdədirlər ki, yay tətili zamanı ən çox diqqət yetirilməli məqamlardan biri də şagirdin fiziki və zehni fəaliyyətinin tarazlaşdırılmasıdır. Düzgün qurulmuş mədəni-idman proqramları şagirdin həm istirahətini, həm fiziki fəaliyyətini təmin edir, həm də bir fərd kimi yetişməsi üçün həyati vərdişlər qazandırır. Əlbəttə, bütün bunlarla yanaşı, rahatlıq və təhlükəsizlik amili nəzərdən qaçmamalıdır.
Respublikamızın yay məktəbləri, adətən, dərs ili başa çatdıqdan dərhal sonra təşkil edilir. Məktəbin peşəkar təcrübəyə malik müəllim və təlimçi heyətinin təşkilatçılığı ilə həyata keçirilən yay məktəblərində hər günün ayrıca proqramı, yəni fəaliyyət cədvəli əvvəlcədən hazırlanır. Cədvəl elə tərtib olunur ki, şagirdlərin fiziki və zehni inkişafının balanslaşmasına imkan yaratsın.
Paytaxt Bakının yüksək göstəriciləri ilə diqqətçəkən orta ümumtəhsil müəssisələrinin sayının son illər xeyli artması bir sıra amillərə əsaslanır. Belə məktəblərdən biri də Nizami rayonundakı 12 nömrəli tam orta məktəbdir ki, kollektiv hər ötən tədris ilini uğurlu göstəricilərlə yola salıb. Məktəbin direktoru Əli Alıyev bildirdi ki, şagirdlərin saatlarla əyləşib hər hansı bir dərsi dinləməsinin mümkün olmamasını nəzərə alaraq mövzuların tədrisi üçün təlimlərdən istifadə edilir: “VII-X sinif şagirdləri üçün daha çox fərdi qabiliyyətlərin inkişafına, şəxsiyyətin formalaşmasında mühüm amil hesab edilən məsələlərə diqqət yetirilir, eyni zamanda əyləncəli oyunların təşkili həyata keçirilir. XI sinif şagirdləri üçün gücləndirilmiş ali məktəblərə hazırlıq proqramları, ixtisas seçimi, universitetlər haqqında məlumatlandırma kursları təşkil olunur. Burada onlar gələcəkdə təhsil alacaqları ali məktəblər haqqında dolğun məlumata sahib olurlar. İnteraktiv qaydada keçilən fərdi inkişaf təlimlərinin mövzuları şagirdlərin dünyagörüşünü zənginləşdirir, onlara akademik biliklərdən əlavə bacarıqlar da aşılayır. İxtisas seçimi, debat, natiqlik, zamanın idarə edilməsi, liderlik kimi mövzuları əhatə edən təlimlər şagirdlərin gələcək həyatına müsbət təsir göstərir”.
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İltimas İsmayılova isə qeyd etdi ki, “Yay məktəbi”ndə həmçinin şagirdlərin asudə vaxtını dəyərləndirmək üçün intellektual, komandaqurucu (təşkilatlandırıcı) oyunlar, idman yarışları və ekskursiyalar təşkil olunur. Üzgüçülük, futbol, voleybol, şahmat kimi oyunlar şagirdlərin zehni yorğunluğunu aradan qaldırır və gümrahlıq gətirir: “Yay məktəbi”nin üstünlükləri çoxdur. Unutmamalıyıq ki, təlim-tərbiyə ilə asudəlik, dinclik kompleks proqramla təşkil edildiyi üçün çox təsirli olur. Burada yalnız tədrisdən, yaxud təlimdən ayrıca söhbət getmir. Şagirdlər kollektiv şəkildə ölkəmizin gəzməli, görməli və öyrənilməli tarixi yerlərinə ekskursiya edir, mədəni-kütləvi tədbirlərin iştirakçıları olur ki, bunlar da onların dünyagörüşünü zənginləşdirir və vətənpərvərlik hissi aşılayır”.
Bu müddət ərzində qidalanma cədvəli də xüsusi tərtib olunur. Cədvəl tərtib olunarkən şagirdlərin ləziz milli xörəklər dadması, onların gündəlik qida tələbatı nəzərə alınır. Əlbəttə, gigiyenik normalara riayət olunmasına xüsusi diqqət yetirilir. “Yay məktəbi” çərçivəsində bütün fəaliyyət müəllim və tərbiyəçilərin nəzarəti, koordinasiyası altında həyata keçirilir.
Bütün bunlarla yanaşı, hər bir “Yay məktəbi” şagirdlər üçün yeni dostlar və vərdişlərin qazanılması deməkdir.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”