Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ukraynanın Azərbaycandakı səfiri Bilik Fondunun qonağı olub

02 Avgust 2017
 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ölkə əhalisinin elmi biliklərinin atrırılması, dünya elminin əldə etdiyi nailiyyətlərlə tanış edilməsi, Azərbaycan həqiqətlərinin, azərbaycançılıq məfkurəsinin, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin xarici ölkələrin yüksək rütbəli nümayəndələri vasitəsilə dünya ictimaiyyətinə çatdırılması məqsədilə beynəlxalq əlaqələrini genişləndirir. Öz ölkələrini Azərbaycanda təmsil edən səfirlərlə, xarici ölkə nümayəndəliklərinin rəhbərləri ilə Bilik Fondunda işgüzar görüşlər artıq ənənəyə çevrilib.

Avqustun 1-də Bilik Fondunun növbəti qonağı Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko olub.

Fondun icraçı direktoru Oktay Səmədov səfirə rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, əhalinin ictimai-siyasi, sosial-iqtisadi, elmi-texniki, ekoloji və hüquqi biliklərinin artırılması, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği, gənclərin müxtəlif sahələr üzrə maarifləndirilməsi istiqamətində həyata keçirdiyi proqram və layihələr, beynəlxalq elmi və mədəni-kütləvi tədbirlər barədə məlumat verib, fondun nəzdində yaradılmış “Səfir saatı” klubunun fəaliyyətindən danışıb. Bildirilib ki, Bilik Fondu Ukraynanın bir sıra elm və təhsil ocaqları ilə əməkdaşlıq edir, Poltavanın İqtisadiyyat və Ticarət Universiteti ilə əməkdaşlıq sazişi çərçivəsində tədbirlər həyata keçirib və gələcəkdə bu əlaqələri genişləndirmək və möhkəmləndirmək niyyətindədir.

Ukrayna Respublikasının Azərbaycandakı səfiri A.Mişenko dövlət başçısının fərmanı ilə yaradılmış və üç il ərzində əhalinin maarifləndirilməsi, elmi biliklərin təbliği işində mühüm nailiyyətlər əldə etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyətini yüksək dəyərləndirdiyini bildirib. Səfir fondla səfirlik arasında sıx əlaqələrin qurulmasının, ukraynalı alim və mütəxəssislərin Bilik Fondunun maarifləndirici tədbirlərinə, elmi biliklərin müxtəlif sahələri üzrə mühazirələrə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev hüquqi maarifləndirmə ilə bağlı birgə tədbirlərin təşkili, Beynəlxalq layihələr sektorunun müdiri Aqşin Rüstəmov Ukrayna ali məktəbləri ilə əməkdaşlıq, Ukrayna səfirliyinin birinci katibi Taras Tumçuşin birgə tədbirlər planının hazırlanması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Səmimi və işgüzar şəraitdə keçən görüşün sonunda qonağa Bilik Fondunun hədiyyələri, kitablar təqdim olunub və xatirə fotoşəkli çəkilib.

 

“Azərbaycan”