Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Söhbət gələcəyimizdən gedirsə...

02 Avgust 2017
 

Uşaqlar üçün əyləncə vasitəsi düzgün seçilməyəndə o, təhlükə mənbəyi olur

 

Heç kimə sirr deyil ki, uşaqlar dünyaya göz açdığı ilk gündən valideynlər onlar üçün yaşamağa başlayırlar. Bu azmış kimi, hər bir valideyn övladının sağlam, hərtərəfli böyüməsini istədiyindən uzun müddət onların nazı ilə oynayır. Bu zaman onlar, xüsusən nənələr, babalar balacalar üçün çoxlu hədiyyələr - müxtəlif oyuncaqlar alırlar. Və ətrafı yenicə dərk etməyə başlayan balacalar üçün bu oyuncaqlar onların ən yaxın dostlarına çevrilir.
Körpələr dilsiz, cansız “dost”ları ilə oynaya-oynaya ətrafla ünsiyyət qurur, öz kiçik dünyalarını onlarla dərk etməyə başlayırlar.
Sözsüz, balacalar üçün “dost” seçimində əsas missiya valideynlərin üzərinə düşür. Odur ki, onlardan hər yaşa uyğun oyuncaq, bir neçə il sonra isə cizgi filmlərini, telekanallardakı əyləncəli uşaq verilişlərini düzgün seçmək tələb olunur. Əgər valideynlər bunu bacarmazlarsa, o zaman onun fəsadlarını yaşaya bilərlər.
Çoxumuzun sadəcə uşaq əyləncə vasitəsi kimi baxdığımız oyuncaqlar, cizgi filmləri və uşaq verilişləri balacaların mənəvi-psixoloji baxımdan formalaşmasında, sağlamlığında və nitqinin inkişafında böyük rol oynayır. Psixoloqlar və uşaqların inkişafı üzrə ekspertlər uşaqları iki yaş qrupuna bölürlər: birincisi erkən (bu, əsasən, 2-6 yaş arasındakı uşaqları əhatə edir), digəri isə məktəb yaşında (6 yaşdan 12 yaşa qədər) olan uşaqlardır.
Biz bu yazımızda erkən uşaqlıq dövründə olan balacalardan bəhs edəcəyik. Bu dövrlərdə, əsasən, uşaqların əzələlərinin inkişafı, dərketmə qabiliyyətlərində dəyişikliklər, danışıq qabiliyyətinə yiyələnmə, yetkinlikdə olan emosiyalar və digər vacib əlamətlər formalaşmağa başlayır. Erkən uşaqlıq illərini bəzən “oynamaq illəri” də adlandırırlar. Bütün uşaqlar bu mərhələdə olarkən oyaq olduqları vaxtlarını oynamaqla keçirir və həmin oyunlar uşaqların böyüməsinə və inkişafına səbəb olur. Sözsüz, bu yaşdakı uşaq maraqlarını oyuncaqsız təsəvvür etmək mümkün deyil. Onlar sözün həqiqi mənasında, ilk olaraq həyatı oyuncaqlar vasitəsi ilə dərk etməyə başlayırlar. Psixoloqlar deyirlər ki, uşaqlarda təxəyyül yüksək olduğu üçün onlar oyuncaqlarda gördüklərini tədricən real həyatlarında tətbiq etməyə başlayırlar. Bu illərdə oyuncaqlar uşağın davranışına, ətrafı müşahidə etməsinə və dinləməsinə, əl hərəkətlərinin inkişafına kömək edir. Həmçinin oyuncaq rəngləri fərqləndirməyə, əşyaların formasını və materialını müəyyən etməyə, nitqin formalaşmasına təsir edir. Oyuncaqla rahat ünsiyyətə girən uşağın böyüklərlə də ünsiyyəti, fiziki və əqli inkişafı normal olur. Hətta düzgün seçilmiş oyuncaqlar uşaqların özünə xidmətetmə bacarığının formalaşmasında da rol oynayır.
“Loqos” Pisixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva deyir ki, oyuncaqlar ilk növbədə uşaqların yaşlarına uyğun olmalıdır: “Balacalara oyuncaq alarkən rənglərinə xüsusi diqqət yetirmək lazımdır, reallığa uyğun və daha çox açıq rənglərə üstünlük verilməlidir. “Əcaib, qorxunc hislər yaradan oyuncaqları uşağa sevdirmək olmaz. Bu, estetik cəhətdən də uşağa heç bir zövq bağışlamır. Üstəlik, nağıllarda olan mənfi personajları oyuncaqlar vasitəsi ilə uşaqlara tanıtmaq ciddi fəsadlara yol açır. Təəssüf ki, yanlış seçilmiş oyuncaqlar vasitəsi ilə uşaqlara şiddət, öldürmək, kəsmək kimi emosiyaların təlqin edilməsi halları indi geniş yayılıb. Uşaqlarda bu əlamətlər evdə, bağçada, məktəbdə və digər yaşıdları ilə rəftarda özünü aydın büruzə verir. Uşaq oyuncağa necə yanaşırsa, başqalarına da elə yanaşır. Təbii ki, bu, onların gələcək həyatlarına da təsirsiz ötüşmür”.
Psixoloq həmçinin bəzi oyuncaqların hazırlanmasında kimyəvi maddələrdən çox istifadə edildiyini və bunun sağlamlıq baxımdan balacalar üçün təhlükəli olduğunu bildirdi: “Xüsusilə Çin istehsalı olan oyuncaqların böyük əksəriyyəti zəhərli maddələrdən hazırlanır və onları birmənalı olaraq uşaqlara vermək olmaz. Keyfiyyət baxımından bu oyuncaqlar heç bir standarta uyğun gəlmir. Onlardan gələn kəskin iy də sağlamlıq üçün çox təhlükəlidir. Odur ki, oyuncaq seçərkən valideynlər diqqətli olmalıdırlar”.
E.Mirzəyeva oyuncaqlarla yanaşı, balacaların yaşına uyğun olmayan əcnəbi uşaq cizgi filmlərinin də onlara çox pis təsir etdiyindən danışdı. O, bu cür xarici cizgi filmlərinin uşaqların psixi inkişafına, əqli düşüncəsinə təsirsiz ötüşmədiyini bildirdi: “Bizim uşaq cizgi filmlərimiz az, bəzənsə zəif olduğuna görə balacalarımız əsasən xarici cizgi filmlərinə baxırlar. Onlar hətta bəzən dublyaj edilərək yerli telekanallarda yayımlanır ki, bu da uşaqlarda çox vaxt stress, qəddarlıq və aqressiya yaratmaqla yanaşı, həm də əqli geriliyə, nitqin inkişafında problemlərə səbəb olur. Bu animasiyalar uşaqların psixikasına o qədər təsir edir ki, onlar orada gördükləri zorakılıqları ətrafla ünsiyyətdə olarkən tətbiq etməyə çalışırlar. Məsələn, hər hansı bir animasiyada birinin digəri tərəfindən başının kəsilməsini görən uşaq onu ixtiyarsız olaraq bacısına, qardaşına və dostlarına tətbiq etmək istəyir. Mən deyərdim ki, bu, əcnəbi uşaq cizgi filmləri bizim gələcəyimizə qarşı zorakılıqdır. Digər tərəfdən, həmin əcnəbi filmlər uşaqları bizim ənənələrə yox, yad dəyərlərə kökləyir. Davamlı şəkildə milli ruhdan uzaq olan cizgi filmlərinə baxan uşaqlarda yadlaşma prosesi gedir”.
Psixoloq kompüter və smartfonların da uşaqların həyatına həddindən artıq daxil olmasının ciddi bir problemə çevrildiyini dedi: “Onların ziyanı heç də qeyd etdiyimiz oyuncaqların və animasiyaların zərərindən az deyil ki, çoxdur. Kompüter və smartfonlar uşaqlarda asılılıq yaratmaqdan əlavə, onlardan ayrılan şüa uşaqlar üçün çox zərərlidir. Həmin şüalar xüsusilə balacaların görmə qabiliyyətinə ciddi təsir edir. Bir də görürsən ki, körpə uşağın əlinə telefonu verirlər, uşaq da başlayır oynamağa, istəsən də telefonu onun əlindən ala bilmirsən. Bu, artıq asılılıq halına çatma deməkdir. Hətta belə neqativ halların, necə deyərlər, qurbanı olan uşaqlar da var. İndi bu problem çox aktualdır. Təsadüfi deyil ki, oxşar problemlərlə bağlı bizə müraciət edən valideynlərin sayı gündən-günə artır”.
Göründüyü kimi, bu məsələlərdə ən ciddi məsuliyyət valideynlərin üzərinə düşür. Hər bir valideyn övladına oyuncaq, yaxud uşaq cizgi filmləri, verilişləri seçərkən övladının yaşını, sağlamlığını, inkişaf səviyyəsini nəzərə almalıdır. Eyni zamanda, uşaqların televiziya və ya kompüter qarşısında nə qədər oturmaları, nələrə baxmaları ciddi nəzarət altında olmalıdır. Sözsüz ki, seçim düzgün olarsa, bu, uşaqların sağlam böyüməsində və tərbiyəsində valideynlərin özləri qədər böyük rol oynayar. Balacaların mobil cihazlarla, kompüterlərlə təmas qurmasına isə ümumiyyətlə ehtiyac yoxdur. Xüsusilə 1-5 yaşlarında olan körpələr üçün bu, çox təhlükəlidir.
Görünür, bu sahədə valideynlərin özləri arasında maarifləndirmə işi aparmaq lazımdır. Hər bir valideyn başa düşməlidir ki, sağlam övlad böyütmək üçün onların hər cür nazını çəkmək azdır, körpə üçün nəyin ziyanlı və xeyirli olduğunu da bilmək lazımdır. Bir də valideynlərin nəzərinə çatdıraq ki, bu gün Azərbaycanda kifayət qədər uşaq psixoloji mərkəzləri var və onlarla əlaqə qurmaq, hansısa problemi mütəxəssislə aydınlaşdırmaq lazım yox, vacibdir. Belə mərkəzlərin internet səhifələrini, portalları incələməklə də müəyyən bilgiləri əldə etmək, hətta sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıb yaranan suallara cavab almaq mümkündür. İstənilən halda bunları etməyə dəyər, çünki söhbət övladlarımızın sağlamlığından, onların gələcək həyatından gedir.

Elnur HADIYEV,
“Azərbaycan”