Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təhsil naziri Zaqatalada vətəndaşların müraciətlərini dinləyib

01 Avgust 2017
Avqustun 1-də təhsil naziri Mikayıl Cabbarov Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayonlarının sakinlərini qəbul edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Vətəndaşlar əsasən müəllimlərin yerdəyişməsi və işə qəbulu, tələbə köçürülməsi, işə bərpa olunma, təhsil sənədinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.