Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Günvurmadan necə qorunmalı?

01 Avgust 2017
 

Bakıda və bölgələrdə yaradılan yaraşıqlı parklar, fəvvarəli və bulaqlı istirahət guşələri isti havalarda insanların ən çox üz tutduqları yerlərdəndir. Buna yayın qızmar günlərində harasa gəzintiyə, istirahətə gedə bilməyənlər daha böyük önəm verirlər. 

Son vaxtlar Bakıda və respublikanin bəzi bölgələrində yüksək hava temperaturu müşahidə olunur. Belə isti havalarda insanların tez-tez rastlaşdığı hallardan biri də günvurmadır.
Günvurma - orqanizmin ətraf mühitin yüksək temperaturuna patoloji reaksiyadır. Yayın qızmar günlərində günəş daha çox ultrabənövşəyi şüalar saçdığına görə günvurma halları çoxalır. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası isti və qızmar günəşli havalarda əhalini diqqətli olmağa çağırır. Stansiyanın böyük həkimi Bənövşə Quliyeva bildirir ki, anomal isti günlərdə açıq havada çox vaxt keçirmək olmaz. Xroniki xəstələr, yaşlı və körpələr, həssas insanlar saat 12-dən 17-dək bayıra çıxmasalar, daha yaxşı olar.
Respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, iyunun 1-dən indiyədək Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə əlaqədar 50 müraciət daxil olub. Onlardan 23 nəfəri xəstəxanalara yerləşdirilib, qalanlarına yerindəcə ilkin tibbi yardım göstərilib.
Günvurmanın əlamətlərini, ona qarşı hazırlıq tədbirlərini, günvurmadan necə qorunmağı və baş verdiyi zaman zərərçəkənə ilkin tibbi yardımın necə göstərildiyini maraqlananlara çatdırmaq üçün ali dərəcəli həkim-terapevt Həsən Məmmədova müraciət etdik. O dedi:
- Günvurma günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Bu halın yaranmasını tezləşdirən amillərdən biri atmosferdə nəmliyin yüksək olması, bədənə kip yapışan paltar geyinilməsi, alkoqollu içkilər qəbulu və ürək-damar xəstəlikləridir. Günvurma başıaçıq şəkildə xeyli müddət gün altında qaldıqda baş verir. Belə hallarda günəş şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bəzən xırda beyin qan damarlarının qırılması baş verir ki, bu da mərkəzi və periferik əsəb sisteminin pozulmasına gətirib çıxarır. Günvurma zamanı bədənin istiliyini nizamlayan sistem pozulur, həddən artıq su və duz itirilir. Qızdırma, təzyiqin düşməsi, nəbzin sürətlənməsi, yorğunluq, halsızlıq, bədən ağrıları, ürəkdə ritm pozuntuları, başağrısı və narahatlıq baş verir. Bəzən burundan qanaxma və görmə qabiliyyətinin pozulması halları da müşahidə edilir. Günvurma ilə əlaqədar yaranmış ağır hallarda qıcolmalar və huşun itirilməsi də ola bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra baş verir. Günvurma yüngül, orta və ağır dərəcəli olur.
- Bəs bunu adi insanlar necə fərqləndirə bilərlər?
- Bu, o dərəcədə çətin iş deyil. Yüngül dərəcəli günvurmada başağrıları, ürəkbulanma, gicəllənmə və ümumi zəiflikdən şikayət edilir. Təzyiq normal, bədənin temperaturu isə norma daxilində olur. Bəzi hallarda bəbəyin genişlənməsi müşahidə edilir.
Orta dərəcəli günvurmada ürəkbulanma və qusma ilə müşayiət olunan başağrısı, kəskin halsızlıq və qulaq batmasından şikayət olunur. Bədənin temperaturu 38-40 dərəcəyə kimi qalxır. Ürək döyüntülərinin sayı artır, nəfəsalmada tezləşmə baş verir, təzyiq artır, özündəngetmə halları müşahidə olunur.
Ağır dərəcəli günvurmada mərkəzi sinir sistemində ciddi dəyişikliklər müşahidə olunur. Qan-damar sisteminin fəaliyyəti pozulur. Arterial təzyiq aşağı düşür. Ürək, böyrək, ağciyər kimi həyati vacib orqanların fəaliyyəti çətinləşir. Yüngül özündəngetmədən komaya qədər hallar, sayıqlama, qarabasma, bədən temperaturunun 40 dərəcədən yüksək olması müşahidə olunur, hətta ölüm halı da baş verə bilər.
- Vəziyyətin ağırlaşmaması ilə əlaqədar ilk tibbi yardım üçün nə edilməlidir?
- Günvurma zamanı ilk tibbi yardım göstərmək üçün qeyd etdiyimiz əlamətlər müşahidə olunan insanı ilk növbədə kölgəli yerə çəkmək, bədəninə havanın rahat daxil olması üçün geyiminin yaxasını açmaq və sərinləşdirici maye içirtmək, üzünü və sinəsini soyuq su ilə silmək lazımdır. Havanın ağciyərlərə sərbəst daxil olması üçün zərərçəkənin başının altına hansısa əşya qoymaq məsləhətdir. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə buz qoymaq və ya bu, mümkün olmadıqda, soyuq suda isladılmış parça ilə kompres etmək lazımdır. Əgər temperaturu yüksəkdirsə, bədəni soyuq suda isladılmış parçaya və ya dəsmala bükmək, başına isə buz qoymaq vacibdir. Həmin insanda halsızlıq, huşunu itirmə və ya dəridə həddindən artıq quruluq müşahidə olunarsa, dərhal təcili tibbi yardım xidmətinə müraciət olunmalı və ya ilk tibbi yardım göstərdikdən sonra mümkün qədər tez bir zamanda xəstəxanaya aparılmalıdır. Huşunu itirdiyi halda zərərçəkənə naşatır spirti iylətmək, nəfəs almadıqda isə süni tənəffüs vermək vacibdir.
Günvurmadan qorunmaq üçün havanın temperaturunun yüksək olduğu gündüz saatlarında açıq havada az hərəkət etmək məsləhətdir. İsti günlərdə çoxlu maye qəbul edilməlidir. Qızmar günəş şüalarından özünüzü qorumaq üçün geniş kənarlı papaq və ya baş örtüyündən, çətir və günəş gözlüyündən istifadə edilməlidir. Baş örtüyünün açıq rəngdə olması məsləhətdir. Çölə çıxarkən dərinizin rahat nəfəs alması üçün açıq rəngli pambıq, ya da kətan parçalardan tikilmiş yüngül və tərlətməyən rahat geyimlərdən istifadə etmək lazımdır. Çimərliyə günəş vannası qəbul etmək üçün səhər saat 11-dək, axşamüstü isə saat 17-dən sonra getmək məsləhətdir. Suya girməzdən əvvəl sahildə əlinizin dərisinə, sifətinizə və bədəninizə krem, gel və s. qoruyucu vasitələrdən sürtün. Çimərlikdə olduğunuz zaman heç bir halda spirtli içki qəbul etməyin. Qoca və uşaqları havanın çox isti vaxtlarında günəşin yandırıcı şüasından qorumaq, çimərliklərdə və açıq havada olmaqdan çəkinmək də mühüm şərtlərdən biridir.
Həkimlərin məsləhət və tövsiyələrinə görə, qızmar yay günlərində insanlar istirahət və gəzinti saatlarını elə bölməlidirlər ki, günvurma ilə əlaqədar problemlə üzləşməsinlər. Bundan əlavə, qida rejiminə xüsusi diqqət yetirilməli, xüsusilə də meyvə-tərəvəzə, müxtəlif şirələrə və rahat həzm olunan qidalara üstünlük verilməlidir.
Günəşin və istinin mənfi təsirlərindən qorunmaq üçün verilən tövsiyələrə laqeyd qalmayın. Unutmayın ki, adi bir diqqətsizlik, səhlənkarlıq insanın həyatına son qoya bilər.

Rəhman SALMANLI,
“Azərbaycan”