Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Balıq yağı orqanizmdə serotonin hormonunun artmasına səbəb olur

31 İyul 2017
Balıq yağı orqanizmdə kalsium və fosforun miqdarını tənzimləyir, vitamin mübadiləsini yaxşılaşdırır. Xüsusi iyə malik, şəffaf-sarı rəngdə olan bu yağın tərkibində 350-1000 ME A vitamini mövcuddur.

AZƏRTAC “Zdorovye i meditsina” saytına istinadla xəbər verir ki, balıq yağının tərkibi böyük miqdarda müxtəlif növ vitaminləri və ən əsası omega-3 doymamış yağ turşuları ilə zəngindir.

Yağın tərkibindəki A vitamini selikli qişa hüceyrələrini və dərinin bərpasını təmin edir, dəqiq rəng seçimi və torlanmanın qarşısının alınması baxımından görmə piqmentlərinin formalaşmasına müsbət təsir göstərir. Bu vitaminin orqanizmdə çatışmazlığı dərinin quruluğuna, dırnaqların və saçların zəifləməsinə səbəb olur.

Orqanizmin hüceyrələrinə fosfor və kalsiumun nüfuz etməsində D vitamininin çox böyük rolu var. Bu vitaminin uşaq orqanizminə lazımi qədər daxil olmasına xüsusi diqqət yetirmək lazımdır. Belə ki, uşaq yaşlarda yaranan raxit xəstəliyinin səbəbi məhz orqanizmdə kalsium və fosfor mübadiləsinin pozulmasıdır. D vitamini, eyni zamanda, sinir sisteminin sakitləşməsində, ayaqlarda yaranan qıcolmaların qarşısının alınmasında, orqanizmin böyüməsində, sümüklərin və dişlərin möhkəmlənməsində əsas rol oynayır.

Balıq yağının tərkibində çoxlu miqdarda mövcud omega-3 doymamış yağ turşuları orqanizm tərəfindən iltihab əleyhinə maddə kimi qəbul olunur. Bundan əlavə, omega-3 ürək əzələlərini qidalandıran əsas damarların genişlənməsinə kömək edir, trombun yaranma riskinin qarşısını alır.

Son araşdırmalara əsasən bəlli olub ki, balıq yağı orqanizmdə serotonin hormonunun artmasına səbəb olur. Serotonin depressiyalarla mübarizədə kömək edir, stress hormonları, qıcıqlanma, yaşla əlaqədar əqli zəiflik və yaddaş pozuntularının əmələ gəlməsinin qarşısını alır.

Balıq yağı adətən 15 millilitr olmaqla gündə üç dəfə qəbul edilir.