Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan qlobal nəqliyyat-logistika qovşağına çevrilir

29 İyul 2017
 

Ölkəmizin tranzit imkanları iqtisadi baxımdan səmərəli və cəlbedicidir

 

Dövlətlər arasında əlaqələrin məzmunu zaman-zaman yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticari və iqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını daim qoruyub saxlayır.
Bu mənada hazırda dünyanın hər yerində istər sərnişin, istər beynəlxalq yükdaşımalar sahəsində ciddi rəqabətin olması təsadüfi sayılmamalıdır. Belə şəraitdə böyük tranzit potensialına malik Azərbaycan müşahidəçi mövqeyində dayana bilməz. Çünki tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub.
Ona görə hazırkı dövrdə Azərbaycanın tranzit potensialının reallaşdırılması ölkəmizin iqtisadi diversifikasiya siyasətində əsas yerlərdən birini tutur. Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etməkdir. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülmüş işlər, iritonnajlı yük avtomobillərinin keçid prosedurlarının sadələşdirilməsi, gediş-gəliş xərclərinin təqribən 40 faizədək aşağı salınması nəticəsində 2017-ci ilin yanvar-iyun aylarında ölkəmizin ərazisindən 16 minə yaxın yük avtomobilinin keçməsi Azərbaycanın tranzit yükdaşımaçılığı sahəsində getdikcə daha üstün mövqelərə sahib olduğunu göstərir. Çünki bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyun aylarında ölkə ərazisindən 5,5 milyon ton yük daşınmışdır. Yüklərin 4,4 milyonu (80 faiz) neft və neft məhsullarının, 1,1 milyonu isə (20 faiz) qeyri-neft məhsullarının payına düşür. Ötən ilin analoji dövrü ilə müqayisədə neft və neft məhsullarının daşınmasında 23 faiz, qeyri-neft məhsullarında isə 36 faiz artım müşahidə olunur.

Təbii ki, Azərbaycan ərazisindən beynəlxalq yüklərin daşınmasının çoxalması ölkəmizdə tranzit imkanlarının artırılması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsindən xəbər verir. Ötən illərdə tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli investisiyalar yönəldilib. Bakıda və ölkə regionlarında beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Ən əsası, bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir. Digər tərəfdən, İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan respublikamız digər dəhlizlərlə müqayisədə yüklərin Azərbaycan ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradır.
Bəli, coğrafi mövqe baxımından bir neçə nəqliyyat dəhlizinin qovuşuğunda yerləşən Azərbaycanın tranzit imkanları olduqca böyükdür. Xüsusən hazırda ticarət dövriyyəsi 500 milyard dollar olan Çin və Avropa arasında yükdaşımalarda Şərq-Qərb marşrutundan və onun tərkib hissəsi olan Azərbaycanın nəqliyyat-tranzit imkanlarından istifadə edilməsi vaxt və maliyyə baxımından daha sərfəlidir. Odur ki, ölkəmiz beynəlxalq yüklərin daşınmasının effektivliyini və rəqabətqabiliyyətliyini artırmaq üçün bütün imkanları uğurla səfərbər edir. Bu mənada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) yaradılması ölkəmizin mühüm tranzit uğurlarından sayılır. Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları TBNM-ə qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. TBNM tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır.
TBNM üzrə hərəkət edən qatar orta hesabla 10-12 günə yükləri Çindən Avropaya çatdırır. Bu da marşrutun əsas üstünlüklərindən biridir. Bu marşrut üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensial da mövcuddur. Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və qatarların çatdırılma vaxtı qısalacaq.
Azərbaycanın iştirak etdiyi beynəlxalq nəqliyyat layihələrindən biri “Şimal-Cənub nəqliyyat dəhlizi”dir. Ölkəmizin tranzit potensialının artırılması istiqamətində görülən işlər bu nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsində işlərin sürətləndirilməsini zəruri edib. Bu məqsədlə Prezident İlham Əliyev 2015-ci il dekabr ayında “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələr səfərbər olunub. Artıq Astara stansiyasından İran sərhədinə qədər 8,3 kilometr uzunluğunda dəmir yolu çəkilib. Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatıb. Həmçinin sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi” Azərbaycan üçün çox önəmli marşrut olaraq respublikamızın tranzit potensialından yüksək səviyyədə bəhrələnməyə imkan verəcək. “Bu layihə Hindistandan başlayaraq İrandan keçməklə Azərbaycan, Rusiya, Fin körfəzinə qədər ərazini əhatə edir. Azərbaycan isə “Şimal-Cənub nəqliyyat dəhlizi” çərçivəsində dünyanın böyük iqtisadiyyatlarını birləşdirəcək. Bu layihənin gerçəkləşdirilməsi yüklərin ünvanına çatdırılma müddətlərini 2-3 dəfə azaldacaq. İran bu dəmir yolu layihəsinin inşası üçün 2016-cı ildə Hindistanla müqavilə imzalayıb. Hindistanın “IRCON” dövlət şirkəti dəmir yolunun Çabahardan Zahedana qədər olan 500 kilometrlik hissəsini tikmək barədə razılıq verib. Bu hissəsinin tikintisi üçün 1,6 milyard dollar ayrılıb.
Bu gün dünyanı gəmiçiliksiz təsəvvür etmək mümkün deyil. Dəniz nəqliyyatı ticarətin və qloballaşmanın əsasına çevrilib. Gəmilərlə qida məhsulları, texnologiyalar, dava-dərman və digər vacib mallar göndərilir. Dünyada, xüsusən inkişaf etməkdə olan ölkələrdə əhalinin sayı durmadan artır, bununla əlaqədar ucuz başa gələn və səmərəli dəniz daşımaları iqtisadi artım və davamlı inkişaf üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Dəniz daşımaları bütün dünyada həyat səviyyəsinin sürətlə artmasında mühüm rol oynayır.
Bu ilin 6 ayı ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bütün istiqamətlər üzrə yükdaşımalarında artım qeydə alınıb. Xüsusilə qeyri-neft məhsullarında 43 faizdən çox artım müşahidə olunub.
Azərbaycanda dəniz nəqliyyatının inkişafına xüsusi diqqət yetirilir. Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi tezliklə regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Bu liman Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək daşımalara töhfəsini verəcək. Kompleksin bu ilin sonunda yekunlaşdırılacaq birinci fazasının yükaşırma qabiliyyətinin 15 milyon ton olacağı planlaşdırılır. Bundan əlavə, limanın ətrafında yaradılacaq azad ticarət zonası daha çox yükdaşımaların həyata keçirilməsinə imkan verəcək. Xatırladaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi 3 fazadan ibarət layihədir. Birinci faza bu ilin sonu, gələn ilin əvvəllərində tam yekunlaşacaq. İkinci və üçüncü fazadan sonra limanın ümumi yükdaşıma potensialı 25 milyon tona çatdırılacaq. Limanın ətrafında yaradılacaq Ələt Azad Ticarət Zonasının isə 2021-ci ildən tam fəaliyyətə başlaması nəzərdə tutulur.
İyunun 27-də Varşavada keçirilən Azərbaycan-Polşa biznes forumunda Prezident İlham Əliyev ölkəmizin tranzit uğurlarını ümumiləşdirərək deyib: “Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılması üzərində uzun illərdir ki, çalışırdı və indi bütün zəruri nəqliyyat infrastrukturu artıq yaradılmışdır. Bizim bütün qonşularımızla şimal, cənub və qərb istiqamətində dəmir yolu əlaqəmiz var. Bizim bütün təyyarələri qəbul edə bilən altı beynəlxalq hava limanımız var. Bizim yükdaşıma donanmamız dünya miqyasında fəaliyyət göstərən ən aparıcı yükdaşıma donanmalarından biridir. Ölkəmiz regionla ən yeni magistrallar şəbəkəsi ilə birləşir. Biz daşımaların həcmini Xəzər dənizində yeni tikilmiş ən böyük liman vasitəsilə artırırıq. Onun birinci mərhələsi artıq fəaliyyət göstərir və növbəti il dəniz limanının tikintisinin tamamlanması bizə ən azı ildə 15 milyon ton yük və bir milyon ton konteyneri yükləyib-boşaltmaq imkanı verəcəkdir. Artıq Çindən Avropaya gedən sınaq konteyner qatarları Azərbaycandan keçir. Beləliklə, “Şərq-Qərb nəqliyyat dəhlizi”, demək olar ki, icra edilib. Azərbaycan nəinki təkcə ölkə daxilinə sərmayə yatırmış, eyni zamanda Gürcüstana dəmir yolunu tikmək üçün 700 milyon dollardan çox maliyyə dəstəyi göstərmişdir. İndiki mərhələdə biz İranda dəmir yolunu tikmək üçün maliyyə dəstəyinin göstərilməsi məqsədilə iranlı qonşularımızla danışıqların ən son mərhələsindəyik. Bu dəmir yolu İran dəmir yollarını bizim dəmir yolları ilə birləşdirəcəkdir. Beləliklə, biz çoxsaylı dəhliz formatını, Azərbaycan ərazisindən keçən, Şimali Avropadan Hindistana qədər uzanan Şimal-Cənub və Çindən Qərbi Avropaya qədər uzanan Şərq-Qərb dəhlizlərini yaratmış olacağıq”.
Azərbaycan ərazisindən keçən marşrutlar daha çox iqtisadi potensiala malikdir. Bu sahədə görülən işlər son illər ölkəmizin regionda nəqliyyat-logistika qovşağına çevrilməsinə töhfə verib. Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi də təsdiq edir ki, Azərbaycan hökumətinin bu istiqamətdə gələcək hədəfləri göstərən konkret siyasəti var. Bu hədəflər regional tranzit yüklərin cəlb edilməsi ilə yanaşı, həmin yüklər üzərində əlavə dəyərin yaradılmasına nail olmaq, regionda bu sahə üzrə daha cəlbedici ölkə olmaq və mühüm qovşağa çevrilməkdir. Reallıq ölkəmizin bu hədəflərə doğru inamla irəlilədiyini göstərir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”