Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alınmaz qala - Ağdam kəndi

29 İyul 2017
 

Müharibənin qızğın dövründə belə, yurdu tərk etməyən əhali Ermənistanla sərhəddə mərd-mərdanə yaşayır

 

...Səfalı, gözəl təbiətə malik Ağdam kəndindəyik. Ermənistanla həmsərhəd olan bu kənd Kiçik Qafqazın ətəyində, Tovuz rayonunun Vahidli inzibati ərazi vahidində yerləşir, adı isə rayonun ərazisindəki eyniadlı dağdan götürülüb.

 

Böyük cəsarət və dövlətə, orduya inam

 

Cəbhə xətti kəndin düz yaxınlığından keçir. Ermənistan silahlı bölmələri kəndi zaman-zaman atəşə tutur. Sonuncu böyük təxribat 2007-ci il oktyabrın 16-da baş verib. Ermənistan silahlı qüvvələrinin bölmələri kəndlə sərhəddə davamlı şəkildə güclü yanğınlar törədirlər. Yanğınların Azərbaycanın nəzarətində olan cəbhəyanı əraziyə keçməsi nəticəsində qəbiristanlıq və Azərbaycanın tarixi irsi siyahısında olan “Alı dədə” abidəsi kimi tanınan, yerli əhalinin ziyarətgahı olan Ağa Mir Əli türbəsi də məhv olub.
Son illər isə vəziyyət qismən sabitdir. Hərdən qısamüddətli atışmalar olur, bunun da qarşısı kənddə yerləşən “N” saylı hərbi hissənin igid əsgərləri tərəfindən layiqincə alınır. Düşmənlə sərhəddə olan ağdamlılar ordumuza güvənərək çəkinmədən, qorxmadan yaşayırlar. Onlar ön xətdə keşik çəkən, kəndi, eləcə də ölkə sərhədini qoruyan əsgərlərimizə tam güvənirlər. Hətta qızğın döyüşlərin getdiyi vaxtlarda belə kəndi tərk etməyi ağıllarına gətirmirlər, əksinə, könüllü surətdə ordumuza dəstək, hayan olurlar. Bax budur yurd sevgisinə, bir də orduya güvən.
Müxtəlif dövrlərdə ağır artilleriyanın hədəfi olan, düşmən postları ilə əhatələnən kənddə yaşamaq həqiqətən də böyük cəsarət və dövlətə, orduya inam tələb edir. Bəli, Ağdam kəndinin sakinləri müharibənin ağır fəsadlarına baxmayaraq, bu təhlükəli məkanda yaşamlarını davam etdirirlər, ev tikirlər, oğul-uşaq evləndirib qəhrəmanlar böyüdürlər.

 

Sonuncu qumbarasını köksünə sıxan Milli Qəhrəmanımız

 

Bu kənd həm də Azərbaycanın Milli Qəhrəmanı Naiq Nəsir oğlu Yusifovun doğma yurdudur. 1970-ci il yanvarın 5-də bu kənddə anadan olan Naiq 22 yaşında müqəddəs şəhidlik zirvəsinə ucalıb.
1987-ci ildə orta məktəbi bitirdikdən sonra sovet ordusu sıralarına çağırılan Naiq əsgəri xidmətini başa vurduğu dövrdə respublikamızda gərgin vəziyyət yaranır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yeni alovlanan zaman Naiq Vətən borcunu yerinə yetirmək üçün ilk addım kimi kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılır. Özü də toyuna bir ay qalmış - 1992-ci ilin mart ayında bu xidmətə başlayır. Böyük qardaşı Namiq Yusifovun da müharibədə olmasına baxmayaraq, Naiq evdən gizlin çıxaraq könüllülər sırasına qoşulur. Hərbi qeydiyyatdan keçmədən döyüşlərə atılır. Ən ağır əməliyyatlarda qəhrəmanlıq göstərir. Naiqin “Çənlibel” deyilən yerdə keçirdiyi ilk uğurlu döyüşü onu növbəti sınaqlara daha da ruhlandırır. 24 mart 1992-ci ildə erməni təcavüzkarları Tovuz rayonunun Koxa Nəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində idi. O, qumbaraatanı düşmənin PDM-nə tuşlayır. Bir an içində maşını alov bürüyür. Naiq döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün canını fəda edir. İrəliyə atılan igid döyüşçünü qumbara qəlpəsi yerə yıxdığından ayağa qalxa bilmir. Lakin ona yaxınlaşan quldurlara avtomatdan atəş açır. Vətənin cəsur oğlu düşmən əlinə keçməmək üçün axırıncı qumbarasını sinəsinə sıxır. Bununla da son nəfəsində özü ilə bərabər ona yaxın düşmən əsgərini məhv edərək şəhidlik zirvəsinə ucalır. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülür.
Naiq məhz doğulduğu kənd uğrunda, Vətən uğrunda canını fəda etdi. Ağdam kəndinin qoynunda şəhid oldu. Ömrünün ən gözəl çağında, 22-ci baharında adını Azərbaycanın şanlı tarixinə yazdırdı. Vətən uğrunda canını qurban verənlər and yerimizdir. Yaşadığımız əmin-amanlığın hər anı üçün onlara borcluyuq. Onların həyat yolu, Vətən sevgisi hər birimiz üçün nümunədir. Onlar təkcə yubiley günlərində, ildönümlərində deyil, hər zaman bizimlədirlər.
Təhsil aldığı Ağdam kənd orta məktəbi bu gün onun adını daşıyır. Kəndin Şəhidlər xiyabanında ucaldılan büstü həm valideynlərinin, həm də bütün həmkəndlilərinin fəxarət ünvanıdır.

 

“Heç nədən qorxmuruq, igid əsgərlərimizə güvənirik”

 

Düşmənlə sərhəddə mərd-mərdanə dayanan kənd sakinlərinin güvənc yeri də Azərbaycan Ordusudur. Hər tərəfi yaşıllıqlarla, barlı-bərəkətli meyvə ağacları və bol sulu arxları ilə əhatə olunan kənddə hər şey öz axarı ilə gedir. Kimisi tarlada işləyirdi, kimisi də mal-qarasını otarırdı. Yolboyu qarşımıza çıxan adamların yanında ayaq saxlayıb onların gündəlik güzəranlarını xəbər aldıq.
Kənd sakini İsa Əliyev deyir ki, Ermənistanla sərhəddə yaşamaq onları heç nədən çəkindirmir: “Düzdür, hərdən atışma olur. Bəzən gündüz vaxtı mal-qaranı otlaqlara çıxara bilmirik. Amma buna baxmayaraq, özümüzü kənddə çox rahat hiss edirik. Heç nədən qorxmuruq. Bilirik ki, öndə igid əsgərlərimiz bizi qoruyur. Ona görə də hər kəs çox rahat şəkildə öz evində yaşayır”.
Digər sakin Cümşüd Tağıyev isə gündəlik işlərindən bəhs etdi. Deyir ki, əhali heyvandarlıq və əkin-biçinlə məşğul olur: “Hər kəs özünün şəxsi təsərrüfatında çalışır. Həyət-bacasını əkib-becərir, mal-qarasını otarır. Bununla da kənd camaatı gündəlik qida tələbatlarını ödəyirlər. Kəndimiz hərbçilər tərəfindən qorunur. Şükür Allaha, son bir neçə ildir ki, ciddi bir təhlükə hiss etməmişik. Ona görə də öz işimizlə məşğuluq”.
Kənd sakinləri ilə söhbət əsnasında öyrənirik ki, kənddə insanlar üçün hər bir şərait var. Qaz, elektrik, su və s. kommunal xidmətlərlə bağlı elə bir problemləri yoxdur. Yeganə çətinlik çəkdikləri kəndə gələn əsas yolun bərbad durumda olmasıdır. Bir istəkləri yollarının düzəldilməsidir.
Bir qədər söhbətdən sonra kənd sakinlərinin qürur mənbəyi olan Milli Qəhrəman Naiq Yusifovun doğulduğu ünvana üz tutduq.
Hava isti olduğundan ev sakinləri elə həyətdəki cökə ağacının altında kölgələnirdilər. Gəlişimizi bilən kimi başda Naiqin atası, 87 yaşlı Nəsir kişi və anası Xədicə xanım olmaqla hamısı qarşımıza çıxdı. Sanki əziz bir qonaqları gəlmiş kimi bizi qarşıladılar. Çay süfrəsi açıldı.
“Xoş gəlmisiniz, hər dəfə Naiqə görə bu qapıya gələn olanda, elə bilirəm ki, Naiqin özüdür” - deyə, Xədicə nənə köksünü ötürdü, gözləri yaşardı. Sonra Naiqin atası Nəsir kişi söhbəti davam etdirdi. 87 yaşı olmasına baxmayaraq, Nəsir kişi olduqca məğrur görünürdü. Gözləri zəif görsə də, ətrafındakı hər kəsi aydın hiss edə bilirdi. Elə ilk söhbətə də Nəsir dayı başladı: “Uğrunuza xeyir, ay oğullar! Hər kəs ana Vətənini qorumağa borcludur. Bu kənddə hər gün düşmənlə atışmalar olub, raket, bomba yağış kimi yağıb. Ancaq biz Ağdam kəndinin sakinləri yurdu heç vaxt tərk etməmişik. Onu deyim ki, Naiqin 40 mərasimi günü ermənilər həyətdə qurulan mağara 3 bomba atdılar. İki bomba açılmadı, biri isə həyətdən kənara düşüb partladı. Həmin vaxt camaat yemək yeyirdi. Mağarın yanına düşən bombalar partlasaydı, burada bir insan belə sağ qalmazdı. Allahın möcüzəsi idi”.
Xədicə nənənin Naiqlə bağlı şirinli-acılı xatirələri isə süfrə arxasında əyləşən hər kəsi kövrəltdi: “Anayam, mənim üçün oğullarımın hamısı əzizdir. Ancaq Naiq mənim qürur mənbəyim idi. O, uşaqlıqdan qardaşlarından fərqlənirdi. Od parçası idi. Atasına deyirdim ki, bu uşağı özümüzlə saxlayaq. Qorxurdum ki, ona nəsə olar. Adətən, çılğın uşaqlar başıbəlalı olurlar. Elə bu cür də oldu. Naiqi yeddi yaşından məktəbə qoyduq. Orta məktəbi bitirdikdən sonra rus ordusunda xidmətə getdi. Naiq hərbi xidmətdən qayıdanda top-tank gurultusu başladı. Yanımızdan ayrılmasın deyə, onu sevdiyi qızla tez nişanladım. Bir müddət sonra toy edəcəydik. Qismət olmadı. Gecələr gizlincə böyük qardaşının yanına, cəbhəyə qaçırdı. Axır dözmədi, könüllü ərizə yazıb döyüşə başladı. O, düşmənlə savaşı, mübarizəni bizdən, nişanlısından üstün tutdu”.
Bunları danışmaq bir ana üçün həqiqətən çox çətin idi. Göz yaşlarını silib həmin dəhşətli günü bir daha xatırladı: “Evdə oturmuşduq, qəfil dəhşətli atışmalar başladı. Güllələr kəndin bütün evlərinə dəyirdi. Bir az keçdi, atışma səngidi. Gördük ki, yuxarıdan bir maşın gəlir. Düşündük ki, görəsən bu maşın hansı fağırın balasını gətirir. Bəlkə də bizim oğlanlardan biridir. Elə bil ürəyimə dammışdı. Onsuz da narahat idim. Çünki iki oğlum döyüşdə idi. Balamı gətirdilər, bütün rayon həyətimizə töküldü. Həyətdə toy mağarının yerinə yas mağarı quruldu...”
Ortaya sakitlik çökür. Onlar Naiqin yolunu gözləyirmiş kimi gözlərini uzağa dikirlər.
Bir qədər sonra Xədicə nənə söhbətinə davam edir. Deyir ki, Naiqin xoş günü üçün edilən ərzaq tədarükü nə qədər ağır da olsa, onun yasına sərf olunur. Milli Qəhrəmanın Bakıda - Şəhidlər xiyabanında dəfn olunması üçün icazə istəyirlər. Lakin ana oğlunun məzarının ona yaxın olmasını arzulayır. Nişanlısı Naiqdən sonra başqası ilə ailə qurmaqdan imtina edir və uzun müddət yas saxlayır. Ancaq Nəsir dayı və Xədicə nənə bundan çox narahat olur. Üç ildən sonra ağbirçəklik, ağsaqqallıq edərək ona kəndlərindən başqa bir oğlan üçün elçilik edirlər, özləri yenidən nişanlayır, toy-düyün edirlər. Hətta qızın cehizlərini də özləri alırlar.
Bu gün Naiqin və Ağdam kəndindən olan 12 şəhidin adına ehsan bulağı tikdirən ata bunun sərinliyində ürəyini soyutmağa çalışır. Eyni zamanda, Naiqin həm kənd məktəbinin binasında, həm də kənd şəhidləri sırasında yerləşdirilmiş büstündən təskinlik tapır.

 

Kəndə sonuncu dəfə 58 il öncə asfalt yol çəkilib

 

Bir qədər sonra Nəsir kişi kəndin ab-havasından söz açır. Bir az mətləbdən uzaqlaşıb kənd yollarının bərbad olmasından gileylənir: “Qürur duyuram ki, bu dağlarda erməni bir qarış belə torpaq ala bilməyib. Bütün yüksəkliklər bizdədir. Amma Ağdam kəndinin yollarının bərbad olması məni çox narahat edir. Milli Qəhrəmanı olan kəndin yolu belə bərbad olmamalıdır...”
Nəsir kişinin sözlərinə görə, kəndə sonuncu dəfə 58 il öncə asfalt yol çəkilib. İndi tamam yararsız halda olduğu üçün əhali çox əziyyət çəkir.
Elə söhbət zamanı gəlişimizdən xəbər tutan Tovuz Rayon İcra Hakimiyyətinin Ağdam kənd icra nümayəndəsi Həqiqət Məmmədova da həyətə daxil olur. Salamlaşıb hal-əhval tutduqdan sonra Həqiqət xanım da deyir ki, əhalini narahat edən məsələ yalnız yollarla bağlıdır. Digər sosial problemlər həllini tapıb.
İcra nümayəndəsinin dediyinə görə, 480 təsərrüfatı olan kənddə hazırda 1420 nəfər yaşayır. Əhali əsasən heyvandarlıqla, əkinçiliklə məşğuldur. Eyni zamanda, əhalinin əksəriyyəti hərbi hissədə işlə təmin olunub. Kənddə 1 məktəb, 1 uşaq bağçası fəaliyyət göstərir. Əhalinin qorunması üçün üç sığınacaq da tikilib: “Kəndimiz əvvəllər tez-tez atəşə məruz qalırdı. Son zamanlar bir qədər səngiyib. Hərbçilərimizə güvənirik, inanırıq, daim ayıq-sayıqdırlar. Biz də əlimizdən gələn köməyi göstərməyə çalışırıq. Kəndin əhalisi heç zaman buranı tərk etməyib, bu gün də düşmənlə üz-üzə mərd-mərdanə yaşayırlar. İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti sayəsində tezliklə Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq”.
Beləliklə, əzmkar, qonaqpərvər və kəndin mərdlik simvoluna çevrilən ailə ilə sağollaşıb yola düzəlirik. Bir daha əmin oluruq ki, xalqımız Vətən torpağını qanı ilə suvaran şəhidləri, milli qəhrəmanları ilə hər zaman qürur duyur.

Elgün MƏNSİMOV,
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”