Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aqrar sektorda “holland möcüzəsi”nin sirri

27 İyul 2017
 

Təkcə lalələr yox, həm də yeni texnologiyalar və elit toxumlar ixrac edən ölkə

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş iclasındakı nitqində ölkənin kənd təsərrüfatındakı vəziyyəti ətraflı təhlil edərək qazanılan uğurları yüksək dəyərləndirmiş, nöqsan və çatışmazlıqların isə yerli və mərkəzi icra orqanları tərəfindən qısa müddətdə aradan qaldırılması tapşırığını vermişdir. Dövlət başçısı xüsusən məhsuldarlıq məsələsini ön plana çəkmiş və bu sahədə gözlənilən nəticələri əldə etmək üçün qabaqcıl təcrübənin öyrənilib yayılmasını tövsiyə etmişdir.
Biz də Prezidentin tövsiyəsinə uyğun olaraq Hollandiyanın dünyada birmənalı şəkildə qəbul edilən qabaqcıl kənd təsərrüfatı təcrübəsi haqqında məqaləni dərc edirik.
Hollandiyanın (bu ölkənin rəsmi adı Niderland Krallığıdır) ərazisi 41526 kvadratkilometr, əhalisi 17 milyondur. Hər ailədə adamların orta sayı 2,3 nəfərdir. Yəni hər 3 holland ailəsinə bir uşaq düşür. Kişilərin orta ömrü 72, qadınların isə 82 ildir. Yaşlı əhalinin 99 faizi savadlıdır. Avropa xəritəsində bu ölkəni az qala lupa ilə axtarmaq lazım gəlsə də, o, dünyanın iqtisadi mənzərəsində xüsusi çəkiyə və böyük uğurlara malikdir. Aqrar sektorun inkişafına görə isə “holland möcüzəsi”nə bütün dünya həsəd aparır.
Hollandiya Qərbi Avropada həmçinin qədim tarixə malik olan diyardır. Bu ölkə Avstraliyanı, Yeni Zelandiyanı, İndoneziyanı və Cənubi Afrikanı kəşf etmişdir və nəhəng kolonial keçmişə malikdir. Bundan savayı, niderlandlar Şimali Amerikaya dəniz yolu açmış, müasir ABŞ-ın şimal ərazilərində ilk dəfə məskunlaşmış xalqlardandır. Onlar 200 il əvvəl Nyu Yorku müasirləşdirmiş, 300 il əvvəl dəniz quldurluğunun əsasını qoymuş, balıq ticarətini yaratmış və hər iki fəaliyyəti qanuni gəlir kimi rəsmiləşdirib leqallaşdırmışlar. Orta əsrlərin vəhşilikləri sırasında Cənubi Afrika Respublikasında aparteidi “kəşf” edən də, diskriminasiya aləti kimi tətbiq edən də onlar olmuşlar.
Fikir vermisinizsə, biz həyət-bacamızı mütləq hasara alırıq, evlərimizin pəncərələrini pərdələrlə örtürük. İstəmirik ki, həyətimizi, evimizin içini görən olsun. Bunu abır-həya, namus-qeyrət məsələsi kimi qəbul edirik. Hollandlar isə bu dəyərləri çoxdan arxivə atıblar. Ümumiyyətlə, bu gün niderlandların nə evində, nə də davranışlarında pərdə var. Heç nələrini gizlətmirlər, açıqdırlar.
Bir sözlə, biz adət və ənənələrə, milli dəyərlərə sədaqətimizi nümayiş etdiririk, niderlandlar isə öz yolu ilə gedir. O, görsə ki, hamı palaza bürünüb sağa sürünür, mütləq palazın altından çıxıb əks istiqamətə cumacaq. Onun azadlıq haqqında anlayışı fərdiliyini qorumaqdan, heç kimə bənzəməməkdən, seçimində müstəqil olmaqdan başlayır. Biz ölənə kimi uşaqlarımızı öyrədirik, dalımızca dartırıq və onlara ağıl verməkdən yorulmuruq. Hollandlar isə övladlarına davranış qaydalarını öyrətmir, ənənəvi ailə dəyərlərini aşılamırlar. Amma uşağın şəxsiyyətinə sayğı ilə yanaşır, onu tərbiyə etmək əvəzinə biliklərə istiqamətləndirirlər. Hər şeyi, hətta təhsilini, peşəsini də uşağın özü seçir.
Holland yaxşı işini də qəfildən atıb dünya səyahətinə çıxa bilər, kefi istəsə, evini də satar. Biz isə ömrümüz boyu işləyirik, ailə qururuq, ev tikib mal-mülk yığırıq ki, uşaqlarımıza bir gün ağlayaq. Holland belə şeylərdən şoka düşər! O, evinə onunla yaşamağa gələn övladına “yox” deməsə də, ondan ayın axırında kirə pulunu qəpiyinəcən alacaq. Bizim üçün iş, vəzifə müqəddəsdir, holland üçün isə şəxsi həyatı, sağlamlığı daha vacibdir. O, çinli, yapon, ya da malayziyalı kimi lazım gəlsə, 20 saat işləməyi ağlına belə gətirmir. Başqalarına mane olmaq, onların şəxsi həyatlarına qarışmaq, qarşısındakına mövqeyini sırımaq, istəməyənə kömək etmək, məsləhət vermək də bu xalqın mentalitetinə yaddır. Lakin hollandlar xahiş edənə ən yüksək səviyyədə yardım edəcək, əl tutacaq qədər səxavətlidirlər.
Bütün bunlar bizdə elə fikir yarada bilər ki, niderlandların işləməklə araları yoxdur, fransız xalqı kimi kef etməyi daha çox sevirlər. Lakin yalnız kənd təsərrüfatında qazanılan nəticələrə görə onlar “dünyanın aqrar səbəti” titulunu qazanıblar. Hollandiya Avropada kiçik ölkələrdən sayılmasına baxmayaraq, iqtisadiyyatın əksər sahələrində bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edir. O, yalnız lalələr yox, həm də yeni texnologiyalar, elit toxumlar ixrac edən ölkədir. Hollandların, eyni zamanda istehsal etdiklərindən daha artıq məhsul satmaq bacarıqları var. Bu ölkə dünyada ən nəhəng ərzaq istehsalçılarından biridir və yalnız 2015-ci ildə 80 milyard avroluq kənd təsərrüfatı məhsulları istehsal etmişdir.
Yetişdirdiyinizdən artıq məhsul sata bilərsinizmi? Deyəcəksiniz ki, istehsal etmədiyin məhsulu necə sata bilərsən? Axı, özün becərməlisən, istehsal etməlisən, yeməlisən, artığını da satmalısan. Amma niderlandlar təxminən hər il istehsal etdiklərindən 2 milyon ton artıq tərəvəz sata bilirlər! Çünki onlar bazarın necə işlədiyini yaxşı bilir, digər ölkələrdən məhsulu uçuz alıb, emal edərək baha satmağı bacarırlar. Sən demə, özgə qarğıdalısını və kartofunu konservləşdirmək və yenidən qablaşdırıb satmaqla daha çox qazanmaq mümkündür.
Hollandiya kənd təsərrüfatı texnologiyaları və innovasiyaları baxımından da yüksək inkişaf edən ölkələrdəndir. Bitkilərin, mal-qaranın genetikası sahəsində isə dünyada birincidir. Bu ölkənin aqrar möcüzəsinin sirri fantastik qərarlarla yox, düzgün aqrar siyasətlə bağlıdır. Həmin siyasəti parlament debatlarında bərkiyən peşəkar natiqlər deyil, alimlər və mütəxəssislər işləyib hazırlayırlar. Həmçinin onu da unutmaq lazım deyil ki, bütün Avropanın aqrar elitası Hollandiyanın Vaqein Universitetinin məzunlarıdır. Bir də ki, hollandlar nə qədər qayğısız və çərçivələrə sığmayan xalq təsiri bağışlasalar da, bizneslərində mühafizəkardırlar, dəyişikliklərə çətin gedirlər, yüz dəfə ölçüb bir dəfə biçməyi xoşlayırlar.
Niderlandda torpaq o qədər də çox deyil və buna görə də özləri haqqında belə deməyi xoşlayırlar: “Allah torpağı, hollandiyalılar isə Hollandiyanı yaratdılar”. Ərazisinin kiçik, əhalisinin sayına görə dünyada 59-cu yerdə olmalarına baxmayaraq, ÜDM-in həcminə görə dünyanın 20 qabaqcıl ölkələrindən biridir Hollandiya. Çox az adam bilir ki, ABŞ-ın kosmik “Şatl” gəmilərinin 70 faizi holland firması “Philips”in elektronikası ilə təchiz edilir. Hələ ötən əsrdən bəri bu ölkə “Deltaplan” layihəsini reallaşdırır. Bu layihəni qədim Babilistanın asma bağları ilə müqayisə etmək olar. Şeld çayının mənsəbində daim su altında qalan ərazilərdə unikal texnologiyaları tətbiq etməklə xüsusi materiallardan dambalar qurulur, hərəkətdə olan qrunt salınır. Beləliklə, okeanların əraziləri qurudularaq yeni torpaq sahələri salınır. Hollandiyanın ərazilərinə min kvadratkilometrlərlə yeni torpaqlar qatılır, ölkənin ərazisi böyüdülür.
Niderland kənd təsərrüfatında bir qayda olaraq Avropa istehlakçıları üçün nisbətən ucuz başa gələn, lakin ekoloji təmiz məhsulun istehsalının artırılmasına üstünlük verilir, toxumçuluq inkişaf etdirilir, quşların və mal-qaranın elit növləri yetişdirilir. Aqrar sektor qibtə ediləcək dərəcədə mexanikləşdirilib və ölkənin istehsal etdiyi aqrar avadanlıqlar dünyanı heyran qoyur. Bu sahəyə aid digər maraqlı fakt: Hollandiyada kənd təsərrüfatı məhsulları istehsalının həcmi ildən-ilə artsa da, bu sektorda əhalinin cəmi 2 faizi çalışır. Heyvandarlığın Ekspert Mərkəzində isə biliklər və proqramların mübadiləsi aparılır, südçülük və donuzçuluq istiqamətlərində yüksək bilikli mütəxəssislər yetişdirilir. Hollandlar istehsal etdikləri maşınlara xüsusi diqqət verirlər, onların texnikaları dəqiq işləyir. Əgər həmin texnika tarlada sıradan çıxırsa, heç kim heç yerə getmir, təmir briqadası özü tarlaya gəlir, nasazlığı aradan götürür. İş başında istənilən fermeri xəstələndiyi halda əvəz edə bilən xidmət yaradılmışdır. Bunlardan əlavə, fermerlər bütün şəraitlə təchiz edilmiş rahat və abad evlərdə yaşayırlar. Holland kəndləri isə kiçik və yaraşıqlı şəhərlərə bənzəyir.
Niderland fermerlərinin torpaq sahələri bir o qədər böyük olmasa da, hər fermer 100 nəfəri ərzaq məhsulları ilə təmin edir. Taxılçılıqda hektarın məhsuldarlığı 60 sentnerə yaxındır. Yetişdirilən məhsul bir qayda olaraq müqavilələr əsasında satılır. Yalnız istehsal olunan məhsulun az bir qismi istirahət günləri birbaşa bazara çıxarılır.
Hollandiyada istənilən işdə 8 saatdan artıq çalışmaq heç kimin ağlına gəlməsə də, aqrar sektorda qaydalar fərqlidir. Fermerlər səhər saat 6-dan axşam saat 9-10-na kimi işləyir, əkin-biçin vaxtı isə onların gecə-gündüzləri olmur. Fermerlərin məzuniyyəti olmur, xəstələnəndə isə bülletenləri ödənilmir. Yaşlarına gəldikdə, əksəriyyəti 50 və ondan yuxarıdır. Çünki holland cavanları oxumaq üçün adətən kənd yerlərini atıb gedirlər və fermerlərin övladları ailə qurmaq məsələsində əziyyət çəkirlər. Şəhərdən gələn hər cavan isə kənd həyatının “romantika”sına dözə bilmir.
Hollandiyada bütün fermerlər məhsullarını daha baha satmaq üçün əlverişli müqavilələr bağlamağa cəhd edir, vergiləri, kredit borclarını vaxtında ödəməyə çalışırlar. Bu da təsadüfi deyil. Qanunlar elə ciddidir ki, istənilən borc və ödəmələrdə gecikmələr biznesi zəiflədə bilər. Qanunvericilik də sərtdir. Məsələn, meşənin, gölün adi çirkləndirilməsi üstündə astronomik məbləğdə cərimələnmək mümkündür. Digər misal: bizdə tırtıllı traktor asfaltı “şumlayıb” gedə bilər. Buna görə traktorçuya irad tutan olmayacaq. Amma Niderlandda fermerin texnikasından təsadüfən asfalta torpaq tökülərsə, traktorçu onu səliqə ilə süpürüb atmalı, sonra asfaltı xüsusi məhlulla yumalı və quru əski ilə silib qurutmalıdır.
Niderlandın ərazisinin 65 faizi kənd təsərrüfatına yararlı torpaqlardır. Bunun 27 faizi əkinlik, 32 faizi otlaqlar, 9 faizi meşə örtüyüdür. Otlaq sahələri hər il intensiv şəhərsalmaya görə 8 faiz azalır. Otlaqlarda 4,5 milyon baş mal-qara saxlanılır və bunun 1,5 milyonu südlükdür. Holland inəkləri ildə 9 min litrdən artıq süd verir və bu göstərici dünyada İsraildən sonra ikincidir. Niderland Avropada yağ istehsalına görə 5-ci, pendir emalına görə 4-cü yerdədir. Dünya üzrə istixanaların da ən böyükləri Hollandiyanın payına düşür və onlar 15 min hektar sahəni əhatə edir ki, bunların da 60 faizi gülçülüyə ayrılmışdır.
Holland fermeri aqrar sahədə dərin biliklərə və böyük təcrübəyə malikdir. O, daim inkişafdadır, yeni texnologiyalara, innovasiyalara can atır, aqrar elmin nailiyyətlərinə sürətlə yiyələnir, eləcə də əl əməyindən minimum istifadə edir, bazar alətlərini çevik işlədir. Bütün bunlar isə ona böyük gəlirlər qazanmağa, kənd təsərrüfatında liderliyi əldə saxlamağa imkan verir.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”