Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Körpələrə verilən köməkçi qidanın həcmi uşağın yumruğu qədər olmalıdır

26 İyul 2017
Yenidoğulmuşların ana südündən əlavə köməkçi qidalara keçməsi mərhələli şəkildə baş verməlidir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkim-pediatrı, ATU-nun uşaq xəstəlikləri kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Nurangiz Hacıyeva deyib.
Həkim bildirib ki, başlanğıc üçün gübrəsiz meyvə və tərəvəzləri sadəcə pörtlətmək kifayət edər. Belə ki, pörtlədilmiş meyvə və tərəvəzlərin tərkibindəki vitaminlər daha yaxşı saxlanılır.

Hazır pörtlənmiş meyvə-tərəvəz xırdalanır və su əlavə edilərək əzilir. Tərkibindəki mikroelementlərin mənimsənilməsi üçün meyvə-tərəvəzə yağ turşuları, qatıq, şor əlavə edilərək püre halına gətirilir. Uşağa verilən hazır qidanın miqdarı isə hər aya 10 qram hesablanır. Misal üçün altı aylıq uşaq 60 qram belə hazırlanmış püre yeyə bilər. Bu miqdar həcm etibarilə uşağın yumruğu qədər olur.

Altı aya kimi yumurta, yeddi aya kimi ət, bir yaşa kimi inək südü, şəkər və duzun körpənin qidasına əlavə olunması tövsiyə edilmir.