Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Rusiya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

25 İyul 2017
 

Prezidentlərin Soçi görüşü əlaqələrin, o cümlədən strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə xidmət edir

 

Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğa, mehriban qonşuluğa əsaslanır. Bir vaxtlar münasibətlərdə mövcud olmuş soyuqluğa baxmayaraq, əlaqələr artıq strateji səviyyəyə yüksəlib. Münasibətlər beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir, müxtəlif sahələrdə yüzdən artıq sənəd imzalanıb.
Azərbaycan və Rusiya prezidentlərinin son illərdəki rəsmi və işgüzar səfərləri bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib. Bu səfərlər zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, qarşılıqlı informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanıb, yeni əməkdaşlıq tellərinin əsası qoyulub. Ən əsası hər bir səfər münasibətlərin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının intensiv fəaliyyətinin nəticəsi olaraq ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək dinamizmlə inkişaf edir. İdxal-ixrac əməliyyatlarının səviyyəsinə görə Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biri olaraq qalır. Ötən illərdə ölkələrimiz arasında ticari-iqtisadi məsələlərə dair 40-dan çox müqavilə imzalanıb. Azərbaycan ərazisində Rusiya sərmayəsi ilə 600-ə yaxın müəssisə fəaliyyət göstərir.
İctimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında münasibətlər isə xüsusilə təqdirə- layiqdir. Hazırda 15 minə yaxın azərbaycanlı tələbə Rusiyada təhsil alır, Azərbaycanda isə Rusiya ali məktəblərinin filialları uğurla fəaliyyət göstərir. Bu istiqamətdə ən nümunəvi əməkdaşlıq formatı Bakı Beynəlxalq Humanitar Forumudur. Hələ 2010-cu ildə Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə Bakıda humanitar əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumu keçirilib. Sonradan bu forum beynəlxalq status alıb. Əlamətdar haldır ki, Bakı Beynəlxalq Humanitar Forumu hər il keçirilir, onun işində dünyanın elmi-mədəni və siyasi elitasının görkəmli nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.
İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü isə bir daha iki ölkə arasında əməkdaşlığın daim yüksələn xətt üzrə davam etdiyini göstərdi. Bu görüş xüsusilə son dövrlər Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin inkişafında guya problemlərin olması ilə bağlı bəzi məkrli qüvvələrin məqsədli şəkildə yaydıqları fikirlərin əsassızlığını bir daha təsdiqlədi.
Bu görüş barədə əvvəldən məlumat verilməmişdi. Ona görə istər Azərbaycan, istər Rusiya kütləvi-informasiya vasitələrində bu görüşlə bağlı şərhlərə geniş yer verilir. Görünən odur ki, Azərbaycan və Rusiya prezidentlərinin bu qəfil görüşündən Rusiyanın ermənipərəst qrupları həyəcan keçirirlər. Məlum olduğu kimi, şimal qonşumuzda Azərbaycan-Rusiya münasibətlərinin inkişafını istəməyən, beləliklə, Rusiyanın dövlət maraqlarına qarşı çıxan qüvvələr mövcuddur. İki ölkə arasında əlaqələrin ildən-ilə yüksəlməsini xüsusən erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, antiazərbaycan dairələri (o cümlədən Rusiyada müxtəlif dövlət orqanlarına soxulmuş və səlahiyyət əldə etmiş erməniləri, ermənipərəstləri) və bəzi beynəlxalq dairələri narahat edir, bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Bir müddət əvvəl Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi də məhz həmin qüvvələrin məkrli fəaliyyətinin nəticəsi, iki ölkə arasındakı münasibətlərə kölgə salmaq cəhdi idi.
Lakin iki ölkənin münasibətlərinin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir. Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü də göstərdi ki, heç bir qüvvə iki ölkə arasındakı münasibətlərə kölgə salmaq iqtidarında deyil.
Həmin qüvvələr müəyyən mərhələdə istədiklərinə nail ola bilsələr də, son sözü iki ölkənin başçısı deyir. Soçi görüşü zamanı Vladimir Putinin yenicə tanış olduğu “Sirius” təhsil mərkəzi ilə bağlı Prezident İlham Əliyevə məmnuniyyətlə danışması, Azərbaycan-Rusiya münasibətlərinə dair çoxlu birgə planların olduğunu deməsi Rusiyanın dövlət başçısının Azərbaycanla əlaqələrə böyük önəm verməsinin göstəricisi olmaqla yanaşı, bu ölkədəki ermənipərəst dairələrin də planlarını alt-üst etdi: “Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil. Ümid edirəm ki, bizim bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq və əlbəttə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var. Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq imkanına şadam”.
Bu baxımdan Soçi görüşü bir daha onu sübut etdi ki, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyən qüvvələrin niyyətləri puç və mənasızdır. İkitərəfli münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmamış və qarşıdan gələn dövrdə də heç bir nəticə verməyəcək. Çünki Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. Azərbaycan-Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib. Ona görə də bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu mənada Soçi görüşü bir daha Azərbaycan və Rusiya arasında strateji əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi. Hər iki prezidentin görüşdə səsləndirdikləri fikirlərə də nəzər salsaq görərik ki, dövlət başçıları bərabərhüquqlu münasibətlərdən razıdırlar və bunun gələcəkdə daha da güclənməsi ilə bağlı həmfikirdirlər.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu görüşlər ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir: “Biz münasibətlərimizin səviyyəsindən, yüksək səviyyəsindən məmnunuq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir. Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var”.
Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqlədilər, bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirdilər. Prezidentlər ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini də vurğuladılar.
Təbii ki, dövlət başçılarının görüşündə əsas müzakirə mövzularından biri də məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olub. Çünki son vaxtlar qəbuledilməz sayılan hazırkı status-kvonu saxlamağa çalışan Ermənistanın cinayətkar rejiminin daim cəbhə xəttindəki təxribatları səbəbindən vəziyyət gərgin olaraq qalır və işğal faktı aradan qalxmır. Rusiya münaqişənin dinc vasitələrlə nizamlanması üçün vasitəçilik missiyasında mühüm rola malikdir. Görüş zamanı Rusiyanın dövlət başçısı ilə Azərbaycan Prezidenti arasında bu mövzuda söhbətin aparılması çox mətləbdən xəbər verir. Çünki söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılması çox geniş müzakirə olunub, mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi xüsusi vurğulanıb.
Mübaliğəsiz demək olar ki, Azərbaycan-Rusiya münasibətləri ildən-ilə yüksəlir və inkişaf edir. Bu münasibətlər açıq və səmimi xarakter daşıyır. Ölkələrimiz arasında bir çox məsələlərə dair konsensus mövcuddur. Ən əsası münasibətlərin gələcək inkişafına dair sistemli yanaşma mövcuddur. Bütövlükdə, prezidentlərin Soçi görüşü göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri sağlam məcrada inkişaf edir, iki dövlətin və onun xalqlarının iradəsini əks etdirir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”