Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Regional İnkişaf İctimai Birliyi Tovuz rayonunda ödənişsiz tibbi müayinələr təşkil edib

25 İyul 2017
 

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Səhiyyə Nazirliyi və Mərkəzi Neftçilər Xəstəxanasının təşkilatçılığı ilə Gəncə-Qazax regionu üzrə - Şəmkir, Ağstafa, Qazax, Gədəbəy, Tovuz rayonlarının sakinlərinin Tovuz Rayon Diaqnostika və Hemodializ Mərkəzində ödənişsiz tibbi müayinələri təşkil edilib.

AZƏRTAC xəbər verir ki, iyulun 21-dən 23-dək davam edən müayinələrə Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı mütəxəssisləri cəlb olunub.

Tibbi aksiya ucqar və sərhədyanı kəndlərin sakinləri də daxil olmaqla ümumilikdə 1288 nəfəri əhatə edib, ehtiyac yarandığı halda laborator yoxlamalar aparılıb, müalicələr təyin olunub.

Müayinələr kardioloji, uroloji xəstəliklər, ümumi terapiya, ümumi cərrahiyyə, oftalmologiya sahələrini əhatə edib.

Xatırladaq ki, Regional İnkişaf İctimai Birliyi Səhiyyə Nazirliyi ilə birlikdə regionlarda mütəmadi olaraq müxtəlif sahələr üzrə ödənişsiz tibbi aksiyalar keçirir.