Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Onların qisasını torpaqlarımızı azad etməklə alacağıq

23 İyul 2017
 

Milli Qəhrəman Rafiq Alıcanov 1965-ci ilin iyulunda Qazax rayonunun Kəmərli kəndində anadan olub. Daha sonra ailəliklə Ağstafa rayonunun Köçvəlli kəndinə köçüblər. Rafiq bu kənddə orta məktəbi bitirdikdən sonra Kalininqrad Ali Hərbi Mühəndislik Məktəbinə daxil olub. Xidmət illərində kapitan rütbəsinədək yüksəlib.

Azərbaycana qarşı erməni təcavüzünün başladığı ilk günlərdən doğma yurda qayıtmağa çalışsa da, yalnız  1992-ci ilin avqustunda vətənə dönə bilib. İlk günlərdən mühəndis-istehkam qoşunlarının yaradılması və formalaşdırılmasında xüsusi fəallıq göstərib. Onun döyüş yolu Qazax, Tovuz, Kəlbəcər, Goranboy, Ağdərə, Tərtər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilandan Naxçıvanadək uzanır. Cəbhə boyu son dərəcə təhlükəli tapşırıqlara rəhbərlik edən istehkamçı peşəkar zabit Alıcanov yüzlərlə döyüşçünü ölümdən xilas edib, onun peşəkar hərbçi fəaliyyəti sayəsində düşmən xeyli texnika və canlı qüvvə itkisinə məruz qalıb. 1993-cü ilin payızında Füzuli uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Yaralı vəziyyətdə əsir düşüb, düşmənin ona verdiyi ağır işgəncələr nəticəsində şəhid olub.

Rafiq Alıcanov ulu öndər Heydər Əliyevin 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Ağstafa şəhərində və ailəsinin yaşadığı Bakıda adına küçələr var. Təhsil aldığı kənd orta məktəbi indi onun adını daşıyır. “Qartal yuvası” və “Ölümə qənşər” adlı bədii-sənədli filmlərdə ondan da bəhs olunub. Xatirəsinə kitablar yazılıb, anım mərasimləri keçirilib. O və onun kimi Vətən uğrunda canından keçmiş bütün qəhrəmanlarımız, igid əsgərlərimiz, cümlə şəhidlərimiz heç bir zaman unudulmayacaq, Azərbaycan xalqının tarixində, qan yaddaşında əbədi yaşayacaq, anılacaqlar!

Bu il də ad günündə Milli Qəhrəman Rafiq Alıcanov Ağstafada, Bakıda, doğulduğu Qazaxda anıldı. Onun həyat və fəaliyyəti gənclərə örnək göstərildi. İşğal altındakı torpaqlarımızın mütləq azad ediləcəyini, bununla da bütün şəhidlərimizin qisasının alınacağına əminlik ifadə olundu.

 

Yaqub İSMAYILOV,

şəhid atası