Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yenilik uğurlu nəticə verdi

23 İyul 2017
 

Artıq orta ümumtəhsil məktəblərini bitirən məzunların, eləcə də onların valideynlərinin və müəllimlərinin həyəcanlı anları demək olar ki, arxada qalıb. Söhbət ali məktəblərə qəbul imtahanlarından gedir. Bu il mənim övladım Ayxan da on bir ildə aldığı təhsilin hesabatını verdi. Nəticə uğurlu oldu. Qəbul imtahanlarının elə birinci mərhələsində 695 bal toplayaraq arzusuna yetdi - Azərbaycan Tibb Universitetinə qəbul olundu.

İndi ailə üzvlərimizin sevinci hədsizdir. Buna görə Ayxanın təhsil aldığı Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin pedaqoji kollektivinə minnətdarlığımı, eyni zamanda dövlətimizin yaratdığı şəraitə, tətbiq olunan səmərəli yeniliyə görə razılığımı bildirmək istəyirəm. Bu il bərdəli məzunlar ilk dəfə olaraq ali məktəblərə qəbul imtahanlarını öz doğma rayonlarında, hətta təhsil aldıqları məktəblərdə verdilər.

Bu səbəbdən abituriyentlər daha az stress keçirdilər, yollarda yorulmadılar, psixoloji sıxıntı yaşamadılar. Eyni zamanda abituriyent ailələrinin əlavə maddi xərcləri də olmadı. Bu hallar nəticələrə də müsbət təsir göstərdi. Heç şübhəsiz Ayxanın da yüksək bal toplamasında bu amillər əhəmiyyətli rol oynayıb.

Onu da deyim ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Bərdə Regional Bölməsi tərəfindən burada digər bölgələrdən olan abituriyentlərin də öz biliklərini maksimum nümayiş etdirmələri üçün lazımi şərait yaradılmışdı.

 

Arif MİKAYILOV,

Bərdə şəhər sakini