Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xoş təəssürat yaratmaq da şərtdir, ərzaq təhlükəsizliyini təmin etmək də...

23 İyul 2017
 

Quba gözəl, gəzməli-görməli rayonlarımızdandır. Burada çoxlu istirahət mərkəzi fəaliyyət göstərir. İsti yay günlərində rayonumuza gələnlərin sayı birə beş artır. Turistlər səyahət üçün ən ucqar dağ kəndlərinə belə gedirlər. Bəzən qonaqların çoxluğundan yol və küçələrdə sıxlıq yaranır.

Unutmaq olmaz ki, turistlər səyahət etdikləri yerlərdə hər detala, hər nüansa diqqət edirlər və son nəticədə bu onların təəssüratını formalaşdırır. Turizmin inkişaf etdirilməsində gəlib-gedənlərin rəyi, təəssüratı isə önəmli rol oynayır. Onlar mütləq sonradan bu barədə internetdə yazır, bəziləri KİV-də çıxış edirlər.

Şübhəsiz, yay aylarında məkanından asılı olmayaraq ən çox tələbat qida məhsullarına, xüsusilə sərinləşdirici içkilərə, dondurmaya, meyvə-tərəvəzədir. Amma tələbatın yüksəlməsi ticarət qayda-qanunlarının pozulması üçün əsas ola bilməz. Təəssüf ki, Qubada da bəzi mağaza, iaşə obyekti sahibləri və satıcıları bunu diqqətdən qaçırır: məhsullar küçələrə, səkilərə çıxarılır, ayaq altına düzülür. Tozun-torpağın, günəşin altında satılan belə məhsullarda hansı keyfiyyət ola bilər? Digər tərəfdən, bu, səkilərdə piyadaların hərəkətini məhdudlaşdırır, bəzi hallarda avtomobil yollarında təhlükəsizliyi pozur. Bu cür xoşagəlməz “mənzərələr” turistlərin də gözündən qaçmır.

Belə hallar təkcə turistlərdə xoş təəssürat yaratmaq naminə deyil, eyni zamanda əhalinin sağlamlığının qorunması və ticarətdə nizam-intizamın təmin edilməsi məqsədilə aradan qaldırılsa daha yaxşı olar.

 

Mehparə XANLARQIZI,

Quba şəhəri