Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Musiqi duyğuları zənginləşdirir və zövqü cilalayır

23 İyul 2017
 

İncəsənətin ən qədim növü sayılan musiqi insan dünyaya gəldiyi ilk çağlardan onun həyatında böyük rol oynayır. Böyüməkdə olan nəslin musiqi mədəniyyətinin, zövqünün yüksəldilməsi  estetik tərbiyədən çox asılıdır.

Bu il 50 illik yubileyini qeyd edən Şabran Rayon Uşaq Musiqi Məktəbi 1967-ci ildə açılıb. İlk illər məktəbdə 2 ixtisas (fortepiano və tar) üzrə dərs keçilib - 36 nəfər fortepiano, 24 nəfər tar ixtisası üzrə şagird qəbul edilib.

Bu gün məktəbdə 7 ixtisas - fortepiano, tar, kamança, qarmon, klarnet, nağara və xanəndəlik ixtisasları üzrə siniflər fəaliyyət göstərir. Məktəbdə 350 şagird təhsil alır. Onlarla 105 nəfər müəllim məşğul olur. Onu da bildirək ki, müəllimlərin hamısı məktəbin öz məzunlarıdır. Onlardan üç nəfəri - Məmmədşah Həkimov, Abbas Kərimov və Nazim Muradəlizadə ilk buraxılışın məzunlarıdır. Hazırda respublikanın müxtəlif ali və orta ixtisas ocaqlarında məktəbin 70 yetirməsi təhsillərini davam etdirir.

Məktəbin şagirdləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən respublika miqyaslı bütün müsabiqələrdə hər il uğur qazanır. Kollektiv rayonun mədəni-ictimai həyatında, mədəni-kütləvi tədbirlərində daim fəal iştirak edir. El şənlikləri də onlara həvalə olunur.

Şabran Musiqi Məktəbi uşaqların gələcəkdə bu peşə ilə məşğul olmasalar belə, onların zövqlərinin yüksəlməsində, duyğularının zənginləşməsində, cilalanmasında böyük əhəmiyyətə, təsirə malikdir. Axı, incəsənət insanları humanist ruhda formalaşdırır. Odur ki, valideynlərin  övladlarının musiqi təhsili almaları, bu məsələyə diqqət ayırmaları müsbət haldır. Çünki uşaqlar arasında fitri istedadlılar kifayət qədərdir. Onları üzə çıxarmaq, yetişdirmək lazımdır. Bu, həm də Azərbaycan musiqi mədəniyyətinə xidmət göstərilməsidir.

 

Çingiz MƏMMƏDLİ,

Şabran