Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Özünüzü bir daha kəşf edin...

23 İyul 2017
 

Ölkəmizdə hər vətəndaşa, o cümlədən əlillərə böyük diqqət və qayğı göstərilir. Bunu şəxsən öz timsalımda aydın görürəm. Dövlətin yaratdığı bütün imtiyazlarından istifadə edirəm.

Hazırda təsviri incəsənət üzrə təhsil alıram. Paralel olaraq dekorativ tətbiqi sənətlə və toxuma ilə də məşğul oluram. Tez-tez satış-sərgilərdə iştirak edir, maddi durumumu yaxşılaşdırıram. Həmişə də əl işlərim tamaşaçılar və alıcılar tərəfindən maraqla qarşılanır.

Bu yaxınlarda Gəncədə keçirilən satış-sərgidə iştiraka dəvət aldım. Sərgiyə 30-a yaxın əl işimi təqdim etdim. Təxminən yarısı satıldı. Bu da məni çox sevindirdi, deməli, mənim əl işlərim evləri bəzəyəcək, uzun illər insanlarda xoş hisslər oyadacaq. Əlbəttə, bu, digər tərəfdən həm də əlavə maddi gəlir deməkdir.

Əlillər adından bizə daim diqqət və qayğı göstərən, cəmiyyətə inteqrasiya olunmağımıza önəm verən hər kəsə minnətdarlığımızı bildiririk.

Eyni zamanda üzümü bədbinliyə qapılan, evdən bayıra çıxmayan əlillərə tutub onları həyata bağlı olmağa, ictimai-sosial fəallığa çağırıram. Fiziki qüsur fəaliyyət imkanlarımızı məhdudlaşdırsa da, həyat eşqimizi söndürməməli, əksinə, bizi həyata möhkəm bağlamalıdır. Hər kəsin mütləq nəyə isə marağı, həvəsi, həm də qabiliyyəti var. Özünüzü bir daha kəşf edin, qurun-yaradın - bu yolla həyatınız maraqlı keçər.

 

Mətanət QULİYEVA,

Gəncə şəhər sakini,  I qrup əlil