Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qadağan olunmuş çimərliklər və qanunsuz ödənişlər

23 İyul 2017
 

Xəzər sahilini biznes məkanına çevirənlər nə rəsmi strukturların tələblərinə məhəl qoyurlar, nə də insanlara rəhm edirlər

 

“Dənizin yanında yaşayasan və kimlərsə sənə burada çimməyi qadağan edə! Elə adam var ki, hər gün dənizdə sərinləmək istəyir. Hər dəfə bunun üçün pul ödəməlidir, yoxsa yaxın çimərliyi yanında qoyub uzaq bir yerə getməlidir?”. Bu sözləri Sahil Məmmədov adlı Səbail rayon sakini deyir.
Yayın hərarətindən sərinləmək üçün insanlar əsasən çimərliklərə üz tuturlar. Təbii ki, hər kəs zaman və məsafə baxımından yaşadığı yerə yaxın olan çimərliyə getməyə çalışır. Amma təəssüf ki, istədikləri yerdə dənizə qovuşmaq bəzən insanlar üçün çətin olur. Səbəb isə çimərlik zonalarının ayrı-ayrı adamlar tərəfindən özəlləşdirilib hasarlanmasıdır.
Konkret desək, ayrı-ayrı şəxslər vaxtilə çimərlik zonalarını özəlləşdirib və orada öz “qanunlarını” tətbiq ediblər. Çimərliyə giriş üçün istədikləri qiyməti qoymaqla bərabər, sahil zolağındakı stol-stul və günlük üçün də əlavə haqq-hesab tələb edirlər. İnsanların üzünə açıq olan pulsuz ictimai çimərliklər isə demək olar ki, yox dərəcəsindədir. Olanlara da suyun çirkliliyi ilə əlaqədar “çimmək qadağandır” lövhələri yerləşdirilib. Di gəl, çim görüm, necə çimirsən, özü də pulsuz...
Dəniz sahilinin zəbti, keyfiyyətsiz xidmət, digər tərəfdən də çimərliklərə girişin ödənişli olması haqlı olaraq istirahətə gələnlərin narazılığına səbəb olur. Belə ərazilərdən biri də Bakının “Şıx” çimərliyidir. Bu ərazinin ümumiyyətlə, çimmək üçün yararlı olmadığını hələ demirik. Bu, məsələnin ikinci tərəfidir. Söhbət dəniz sahilinin hasarlanmasından və dənizi görmək istəyənlərdən pul alınmasından gedir.

 

Xəzərin “Şıx” sahil zonasında açıq bazar

 

Vəziyyətlə yerindəcə maraqlanmaq üçün Xəzər dənizinin “Şıx” sahil zolağına baş çəkdik. Buradakı hər bir çimərlik obyektində olduq, ümumi qiymətlərlə maraqlandıq. Hansına yaxınlaşdıqsa, “giriş 2 manatdır”, “giriş 10 manatdır”, “giriş 15 manatdır”, “giriş 25 manatdır” və s. sözlərlə qarşılaşdıq.
Girişi 2 manat olan çimərliklər sizə elə də ucuz görünməsin. İçəri girəndən sonra stol, stul, çətir və uzanmaq üçün günlük təqdim olunur. Çətirlə birgə stolun qiyməti 10, günlüyün qiyməti isə 3 manatdır. Bu kimi hallara “Qızıl balıq”, “Balıq Evi”, “Eldorado” və s. adlı çimərliklərdə rast gəlinir. “Şıx” Aqua Parka giriş 12, “Dostluq” adlı çimərliyə 5, “Mambo” beach club-a 15, “Ramada Baku”ya isə 25 manatdır. Bəzi obyektlərdə isə avtomobil parkinqinə görə əlavə 50 qəpik və ya 1 manat ödəniş tələb olunur. “Crazy beach” adlı məkana isə maşınla və ya maşınsız daxil olmaq üçün 5 manat ödəməlisən. Hər bir çimərlik obyektində stol və stuldan ötrü də əlavə vəsait - bəzisində 5, bəzisində isə 10 manat tələb olunur. Maraqlı məqamlardan biri də bu obyektlərin çoxunda ödənişlə bağlı heç bir qəbzin verilməməsidir. Bu isə şübhəsiz ki, vergidən yayınma hallarına dəlalət edir.
Digər tərəfdən, baxmayaraq ki, mövsümün əvvəlində müvafiq qurumlar Xəzər dənizinin Səbail və Qaradağ sahil zolaqlarında suyun tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yarada bilən bakteriyaların olduğunu bəyan edib, insanlar yenə də həmin yerlərə üz tuturlar.

 

Bütün sahilyanı zonalara, çimərliklərə giriş pulsuzdur

 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müvafiq sərəncam verməklə hər dəfə birmənalı şəkildə bəyan edir ki, Azərbaycan ərazisindəki sahilyanı zonalara, çimərliklərə giriş pulsuzdur və buna nəzarət olmalıdır. Binəqədi, Səbail, Xəzər, Sabunçu, Suraxanı və Qaradağ rayonlarının icra hakimiyyətləri başçılarına tapşırılıb ki, ərazilərdə olan çimərliklərin yeni yay mövsümünə hazırlığının yoxlanılması əsasında, əhalinin sahilyanı zonada səmərəli istirahətinə lazımi şəraitin yaradılması üçün müvafiq tədbirlər müəyyənləşdirib, onların həyata keçirilməsini təmin etsinlər. Eyni zamanda, sərəncamda qeyd edilir ki, çimərlik ərazisi və sahilyanı zonanın abadlaşdırılması, təmizliyinin qorunması, əhalinin səmərəli istirahəti üçün lazımi şərait yaradılsın.
Reallıqda isə dənizdə çimmək istəyən hər kəs ödəniş edir. “Şıx” sahil zolağına yaxın ərazidə yaşayan insanların fikirlərini xəbər aldıq. Samir adlı paytaxt sakini dedi ki, burada tez-tez vətəndaşlarla obyekt sahibləri arasında mübahisələr yaşanır. Vətəndaş deyir ki, dənizdə çimmək onun haqqıdır. Buna görə də heç kimə pul vermək istəmir. Amma çimərliyə gələnlərin bəziləri heç bir narazılıq etmir. Giriş üçün nə qədər pul istəsələr verirlər.
Adını demək istəməyən bir sakin isə belə dedi: “Bakı Şəhər İcra Hakimiyyəti qərar verib ki, bütün çimərliklərə giriş pulsuzdur. Amma pulsuz heç dənizə də baxa bilməzsən. Hər tərəfi hasarlayıblar”.
Məsələ ilə bağlı BŞİH-lə telefon əlaqəsi yaratmağa çalışdıq. Lakin cəhdlərimiz uğursuz oldu. Görünən isə odur ki, isti yay fəslində Xəzərin Bakı sahilindən, xüsusən də “Şıx” zolağından pulsuz istifadə etmək mümkün deyil. Özü də söhbət təkcə çimməkdən getmir, dəniz sahilində gəzməyin, yaxud dənizə baxmağın da qarşısı alınır.
Onsuz da Xəzər dənizinin “Şıx” sahil zolağının suyu çimmək üçün zərərlidir!..

 

Səbail və Qaradağ rayonları ərazisində çimmək olmaz

 

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirdi ki, Səbail və Qaradağ rayonlarının sahilboyu ərazilərində çimməyə qadağa qoyulub. Burada bakterioloji cəhətdən dəniz suyu normalara cavab vermədiyinə görə, əhali arasında kütləvi bağırsaq xəstəliyinin yayılma ehtimalı var. Buna görə, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2010-cu ildə 83 saylı qərar qəbul edilib. Elə həmin ildən başlayaraq, qərarın surəti çıxarılır və lazımi orqanlara göndərilir: “Əgər həmin sahilyanı ərazilərdə vətəndaş gedib çimirsə, ərazi polis müvəkkilləri bunun qarşısını almalıdır. Əgər orada “çimmək qadağandır” lövhələri yoxdursa, bunun üçün Mənzil Kommunal Təsərrüfat Departamenti məsuliyyət daşımalıdır. O ki qaldı, həmin iaşə obyektlərinin ərazisindəki dəniz suyuna, aparılan ümumi laborator müayinələrə görə, həmin inzibati ərazidə - Səbail və Qaradağ rayonları ərazisində çimmək olmaz. “Şıx” sahil zonası da buraya aiddir. Söhbət özəl və ya ictimai ərazidən getmir, dəniz suyundan gedir. Heç kim deyə bilməz ki, özəl sektora aid ərazilərin dəniz suyu sahibkar tərəfindən təmizlənir. Xeyr, bu mümkün deyil. O halda mümkündür ki, sahilboyu ayrıca bir hovuz yaradılsın və dənizin suyu oraya qarışmasın”.
Prezident İlham Əliyev ötən həftə Torpaq Məcəlləsinə edilən dəyişikliyi imzaladı. Məcəllənin 46-cı maddəsinə təklif edilən dəyişikliklərə əsasən, ictimai çimərliklərlə bağlı yeni tələblər müəyyənləşdirilir. Belə çimərliklərin ətrafını o halda hasarlamağa icazə verilir ki, hasarlama və bağlama üçün istifadə olunan tikinti-konstruksiya funksiyaları qəfəsli olmalı və görməni məhdudlaşdırmamalıdır. İnsanlar dənizi və dəniz kənarını rahatlıqla seyr etməlidirlər. Tələblərdən biri də odur ki, Xəzər dənizinin sahil boyunda 20-50 metr məsafədə olan torpaq sahələri dövlətin xüsusi mülkiyyətində saxlanılır ki, əhalinin, vətəndaşların dənizlə təmasını məhdudlaşdırmasın. İctimai çimərliklərin ətrafındakı hasarların hər iki yüz metrdən bir, eni 6 metrdən az olmayaraq keçidləri olmalıdır. Bu da ona görədir ki, nəqliyyat vasitələri dəniz kənarına rahat şəkildə girib-çıxa bilsin.

 

İnsanların dənizlə təması məhdudlaşdırıla bilməz

 

Torpaq Məcəlləsinə görə, Xəzər dənizinin Azərbaycan bölməsi üzrə sahilboyu ərazisində 20-50 metr məsafədə olan torpaq fondu dövlətin müstəsna mülkiyyətindədir, yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə icarəyə və yaxud istifadəyə verilə bilər. Deməli, vaxtilə qanunvericilikdəki boşluq çimərliklərlə bağlı yaşadığımız indiki problemlərə gətirib çıxarıb. Amma dövlət başçısının bu sahəyə olan diqqəti gələcəyə doğru ümidləri işıqlandırıb. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, vətəndaşların rahat istirahəti üçün heç bir maneə olmamalıdır. Dövlət başçısı Azərbaycanda torpaq sahələrini özbaşına zəbt edən şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı iki il əvvəl müvafiq sərəncam da imzalayıb. Sərəncamda Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlarda tikinti işləri aparanların cinayət məsuliyyətinə cəlb olunacaqları hüquqi əksini tapır.
Odur ki, bundan sonra Xəzər sahilboyunda hər hansı bir tikinti, yaxud hasarlama işləri aparılmayacaq. Qaldı ki, buna qədərki əngəllərə, vətəndaşlar öz hüquqlarını bilməli və onu tələb etməlidirlər. Hazırkı qanunvericiliyə və müvafiq qərarlara görə, heç kim onların dənizlə təmasını məhdudlaşdıra bilməz!

Elgün MƏNSİMOV,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”