Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vətəndaşa layiqli xidmət nümunəsi

18 İyul 2017
 

Hər bir məmur dövlət başçısının fəaliyyətindən örnək götürməlidir

 

Əsl siyasi lider dövlət və cəmiyyət həyatı üçün istənilən neqativ meyillərə qarşı vaxtında adekvat tədbirlər həyata keçirir, istənilən situasiyada xalqının yanında olur, hər bir vətəndaşın mənafeyinə cavab verən çevik qərarlar qəbul edir. Bu da öz növbəsində hər bir dövlət rəhbərindən siyasi peşəkarlıq, erudisiya, uzaqgörənlik, praqmatizm, öz xalqına bağlılıq kimi mühüm keyfiyyətlər tələb edir.
Ümummilli lider Heydər Əliyevin siyasi ardıcılı, Azərbaycanı inkişaf yoluna çıxarmaqla bölgənin liderinə və dünyanın aparıcı dövlətinə çevirən Prezident İlham Əliyevin rəhbərlik fəaliyyətini nəzərdən keçirdikdə onun bu tələblərə cavab verən alternativsiz siyasi lider olduğu bir daha qabarıq görünür. Dövlət başçısı ötən 14 il müddətində mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirərək cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etmiş, vətəndaşları narahat edən problemlərə daim böyük həssaslıqla yanaşmışdır. Zəruri anda yüksək qətiyyət, prinsipiallıq göstərən cənab İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyini əsas götürmüşdür.
Prezident İlham Əliyevin idarəçilik fəaliyyətində diqqəti çəkən üstün məqamlardan biri onun hər zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir. Bu, bir daha göstərir ki, İlham Əliyev üçün insan amili bütün məqsədlərin fövqündə dayanır. Çünki cəmiyyətin tərəqqisi ilə yanaşı, sosial həmrəyliyini təmin edən əsas şərtlərdən biri vətəndaşı düşündürən problemlərin vaxtında həll edilməsi, hər bir insanın dövlət strukturlarına olan müraciətlərinə çevik və ədalətli münasibətin ortaya qoyulmasıdır. Ələlxüsus söhbət sosial dövlətdən, sosial cəmiyyətdən gedirsə, burada vətəndaşı narahat edən məsələlərə diqqətlə yanaşılması olduqca vacibdir. Çünki məhz bu kimi məsələlərin kökündə insanların dövlət orqanlarına inamının və etimadının formalaşması dayanır.
Bir müddət əvvəl Bakının Yasamal rayonunda “Ovçular evi” kimi tanınan ərazidə ağacların kəsilərək yerində hündürmərtəbəli yaşayış binasının tikintisi sakinlərin narazılığına səbəb olmuşdu. Çünki tikintini həyata keçirən şirkət qanunları pozaraq ərazidəki 54 ağacı və yaşıllıqları tamamilə məhv etmişdi. Bu məsələyə Prezident İlham Əliyev dərhal və kəskin reaksiya verdi. Dövlət başçısının göstərişi ilə “Ovçular evi” ərazisində inşa olunan həmin binanın tikintisi dayandırıldı, məsələ nəzarətə götürülərək araşdırılmağa başlandı.
Ümumiyyətlə, ağac əkmək, bağ-bağça salmaq xalqımızın həmişə savab saydığı bir iş olub. Ümummilli lider Heydər Əliyev də xalqımızın mənəvi dəyərlərinə söykənən bu savab əməli yüksək qiymətləndirir, kəsilən ağacı öz qollarına bənzədirdi. Bir neçə il əvvəl, Novruz bayramı ərəfəsində isə ulu öndərin ölməz ideyalarının layiqli davamçısına çevrilmiş Heydər Əliyev Fondu xalqımızın mənəvi dəyərlərinə yüksək ehtiram nümayiş etdirərək “Hərəmiz bir ağac əkək!” devizi altında yaşıllaşdırma kampaniyasına start verdi. Xəzər rayonundan başlayan bu kampaniyaya ölkənin dörd bir tərəfində ictimaiyyət tərəfindən böyük dəstək verildi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan IDEA layihəsinin də əsas istiqamətlərindən biri yaşıllıqların çoxaldılmasıdır.
Prezident İlham Əliyev ağacların qanunsuz kəsilməsinin yolverilməz olduğunu dəfələrlə bildirib. Bu cür hallara qarşı daim ciddi tədbirlər görülməsini, buna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini tapşırıb.
Azərbaycanı yaşıl diyara çevirməyi, paytaxtda və bölgələrdə ekoloji tarazlığı qorumağı daim diqqətdə saxlayan dövlət başçısının bu sahəyə göstərdiyi qayğının nəticəsidir ki, 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilib. Bu sahədə vəziyyətin daim nəzarətdə saxlanmasında Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, dövlət proqramları xüsusi rol oynayıb. Odur ki, Yasamal rayonunun “Ovçular evi” adlanan ərazisində yaşayış binasının tikintisi zamanı ağacların qanunsuz kəsilməsi və yaşıllıqların tamamilə məhv edilməsi faktına dövlət başçısının dərhal və kəskin reaksiyası bir daha təsdiqlədi ki, ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Prezident İlham Əliyevin hər zaman diqqətindədir. Dövlət başçısının tapşırıqlarına əsasən ərazidə salınan yeni park bunu bir daha təsdiqlədi.
Parkın açılışında iştirak edən Prezident İlham Əliyev bu məsələyə bir daha münasibət bildirərək deyib: “Bu ərazidə heç vaxt park olmamışdır. Bu ərazidə bir çox hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulurdu. Əfsuslar olsun ki, bu işləri görən insanlar buradakı ağacları da kəsmişdilər. Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir, ağacları kəsmək olmaz. Ancaq bir şərtlə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy versin və əgər hansısa dövlət əhəmiyyətli bir layihə üçün ağaclar götürülməlidirsə, onların yeri dəyişdirilməli və yeni ağaclar əkilməlidir. Ona görə mən bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim, şəhər icra hakimiyyətinin başçısını buraya göndərdim və nəticədə belə gözəl bir ictimai yer yaradılıb. Yeni park bu binalarda yaşayan vətəndaşlar üçün istirahət yeridir. Əlbəttə ki, burada hündürmərtəbəli böyük binalar tikilsəydi, bu, ətrafda yaşayan insanlar üçün də problem yaradardı. Ona görə şəhərimizin bu ərazisində yeni park salınıb və hesab edirəm ki, bu, çox əlamətdar hadisədir. Bir daha demək istəyirəm, bu parkın xüsusi tarixçəsi vardır və bütün qurumlara da, şirkətlərə də, iş adamlarına da dərs olacaq ki, ağacı kəsirsənsə cəzan cərimə ilə bitməyəcək”.
Təəssüflə qeyd etməliyik ki, bəziləri ölkəmizdə həyata keçirilən bu kimi savab əməllərə, xeyirxah missiyalara nəinki dəstək verir, hətta olan-qalan ağacları, yaşıllıqları da məhv etmək istəyirlər. Prezident İlham Əliyev bu işdə özəl qurumlara icazə verən məmurlara da xəbərdarlıq etdi. Çünki vətəndaşların dövlət qurumlarından şikayətlərinin səbəbləri məmurların bəzən öz vəzifə borclarına vicdanla yanaşmamaları ilə bağlı olur. Odur ki, hər bir dövlət məmuru dövlət başçısının sözlərindən nəticə çıxarmalı, fəaliyyətindən nümunə götürməli, əsl vətəndaşlıq mövqeyindən çıxış edərək ona həvalə edilmiş vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarmalı, öz məsuliyyətini dərk etməli, səlahiyyətlərini vicdanla yerinə yetirməlidir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”