Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

S.Sarkisyan: “Ermənistan heç vaxt Azərbaycandan varlı olmayacaq”

18 İyul 2017
 

İşğalçı ölkənin rəhbəri Azərbaycana əbədi məğlub olduqlarını rəsmən bəyan etdi

 

Bu gün hərb müstəvisində Azərbaycanın Ermənistandan dəfələrlə üstün mövqedə olması işğalçı ölkədə də açıq etiraf olunur. Ordunun döyüş qabiliyyətini artırmaq üçün Azərbaycan bu gün ən müasir silahlar aldığı halda Ermənistanda əsas etibarilə ötən əsrin ortalarında istehsal edilən hərbi texnikadan istifadə olunur.
Aydındır ki, bütün bunlar Dağlıq Qarabağ münaqişəsi hərbi müstəvidə çözüləcəyi təqdirdə döyüş nəticələrinə də mütləq mənada təsir edən amillərdir. Bunu Ermənistanda da yaxşı bilirlər. İşğalçı ölkədə onu da yaxşı başa düşürlər ki, istər ordunun döyüş qabiliyyətində, istərsə də onun hərbi texnika ilə təminatında Azərbaycanla rəqabət aparmaları qeyri-mümkündür.
Bunu Ermənistan prezidenti Serj Sarkisyan özü də etiraf edir. Bu günlərdə S.Sarkisyan Azərbaycanla sərhəddəki Tavuş bölgəsində olub və erməni mövqelərinə baş çəkib. Daha sonra hərbi geyimdə “Ermənistan” telekanalının “R-Evolyusiya” proqramına müsahibə verib. Müsahibəsində Sarkisyan Qarabağ məsələsinə və Rusiyanın Azərbaycana silah satmasına xüsusi toxunub. Ermənistan rəhbərinin sözlərinə görə, Azərbaycana silah satışına görə Yerevanda Rusiya ilə münasibətlərə yenidən baxmaq çağırışları çox təhlükəlidir: “Bunlar olduqca təhlükəli sözlərdir və olduqca pis situasiya yarada bilər. Deyəndə ki, münasibətlərə yenidən baxaq, o zaman siz kiminlə münasibətlərə yenidən baxmağı və ya yaxşılaşdırmağı nəzərdə tutursunuz? Türkiyə ilə, yoxsa NATO ilə? Fikirləşirsiniz ki, hamı qollarını açıb Ermənistanı ağuşuna almağı gözləyir?”
Ermənistan rəhbəri bildirib ki, ötən ilin aprel döyüşləri zamanı erməni tərəfi Azərbaycanın almağa imkan tapdığı bir sıra silahlara malik deyildi. “Bəyəm bu sirdir ki, Azərbaycan bizdən varlıdır, silahlanmaya və sairə böyük vəsait xərcləyir? Sirr deyil. Ermənistan heç vaxt Azərbaycandan varlı olmayacaq. Və birdən kimsə desə ki, iki ilə, beş ilə Ermənistanı Azərbaycandan daha varlı edəcək, o adamı siyasətdən uzağa qovmaq lazımdır, çünki bu, şarlatanlıqdır, yalandır”.
S.Sarkisyan onu da təsdiq edib ki, Qarabağda hərbi əməliyyatların başlanması onun ölkəsi üçün arzuolunmaz nəticələrə gətirib çıxarar: “Dağlıq Qarabağda döyüş əməliyyatları olduqca arzuolunmazdır və ilk növbədə Ermənistan üçün arzuolunmazdır. Danışıqlar prosesinin alternativi yoxdur. Alternativi döyüş əməliyyatlarıdır ki, bu da arzuolunmazdır. Bizim üçün arzuolunmazdır, üstəlik ola bilsin ilk növbədə bizim üçün”.
Beləliklə, Sarkisyan kifayət qədər maraqlı etiraflar edir. O bildirir ki, ölkəsi Azərbaycanla müqayisədə zəif imkanlara malikdir və bu reallıq dəyişməyəcək. İkincisi, Bakının aldığı silahlar fonunda Qarabağ münaqişəsi Ermənistan üçün qətiyyən arzuolunmazdır. Xüsusən də Azərbaycanın son dövrlərdə Rusiyadan aldığı silahlar Ermənistanı xeyli əndişəyə salıb.
Yeri gəlmişkən qeyd edək ki, Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir. Elə təxminən 10 gün əvvəl iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi Azərbaycana çatdırılıb. Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.
Ötən ayın sonlarında isə Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan Bakıya gətirilən növbəti iri silah partiyası barədə məlumat və görüntülər yayıb. Kadrlardan görünür ki, gələn silahlar arasında “Xrizantema-S” tank əleyhinə raket kompleksləri, bu komplekslərdən ibarət batareyanın idarəolunması üçün 9P157-4 komanda-qərargah maşını, “Xrizantema” raketlərinin qablaşdırıldığı konteynerlər var.
Ümumilikdə Rusiya ilə əvvəldən bağlanmış müqavilələr əsasında təkcə ötən ayın sonunda Bakıya 42 eşelon silah-texnika gətirilib. May ayında isə Rusiyadan Azərbaycana BTR-82A zirehli transportyorlarının böyük partiyası da daxil olmaqla çoxsaylı texnika gətirilmişdi.
Yeni gətrilən “Xrizantema-S” tank əleyhinə raket kompleksi sutkanın istənilən vaxtında istənilən hava şəraitində hədəfi aşkar edib məhv etməyə qadir olan silahdır. Bu raketin zərbəsi qarşısında heç bir, o cümlədən ən müasir tank zirehi dayanmaq gücündə deyil.
Təbii ki, raket kompleksinin hədəfi təkcə tanklar olmaya bilər, bu hədəflərə həm də yüngül zirehli texnikadan tutmuş istənilən başqa hərəkətli və hərəkətsiz obyektlər, o cümlədən möhkəmləndirilmiş atəş nöqtələri daxildir. Lakin “Xrizantema” raketlərindən heç bir tankın yayına bilməyəcəyini nəzərə alan hərbi ekspertlər bu kompleksə “tank qatili” adını veriblər.
“Xrizantema-S” döyüş mövqeyini cəmi 20 saniyədə alır, bunun üçün onun quraşdırıldığı maşının dayanması və daim döyüşə hazır olan iki “Xrizantema”raketinin hədəfə buraxılması kifayətdir. Üstəlik iki raketi eyni vaxtda buraxıla və müxtəlif məsafələrdən iki müxtəlif hədəfi vura bilər. Digər tərəfdən, “Xrizantema-S” kompleksi hədəfi operatorun onu görüb-görməməsindən asılı olaraq məhv edə bilər. Kompleks buna unikal radiolokasiya sistemi sayəsində nail olur. Radiolokasiya sistemi hədəfi aşkar edir və avtomatik rejimdə raketə komanda verir, bu zaman hədəf yüz faiz məhv olunmuş hesab edilə bilər. Bildirilir ki, dünyada başqa heç bir bu cür texnika nümunəsi analoji sistemə malik deyil.
Mütəxəssislər təsdiqləyirlər ki, üç “Xrizantema-S” kompleksi düşmənin böyük sayda qüvvəsinin qarşısını almağa qadirdir. Bu komplekslər döyüşə başlayaraq düşmənin hücum edən tank rotasınının hücumunu poza, cəmi bir neçə saniyədə rotanın tanklarının yarısından çoxunu məhv edə bilər.
Bütün bunlar Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü daha da artırır. Məhz bu səbəbdən Azərbaycanla savaşın yenidən başlaması Ermənistan üçün arzuedilməz hal sayılır. Bunu işğalçı ölkədə ən yüksək səviyyədə də açıq şəkildə etiraf edirlər. Ermənistan rəhbərliyi yaxşı bilir ki, hərbi əməliyyatlar başlansa, çoxsaylı itkilərə məruz qalacaqlar. Eyni zamanda Azərbaycan yeni hərbi əməliyyatların gedişində işğal faktına birdəfəlik son qoyacaq.

Elçin CƏFƏROV,
“Azərbaycan”