Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İnkişaf kursu uğurla davam etdirilir

18 İyul 2017
 

Dünən Nərimanov Rayon İcra Hakimiyyətində rayonun sosial-iqtisadi inkişafının 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Yığıncağı giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev dedi ki, rayonda 2017-ci ilin ötən dövrü ərzində nəzərdə tutulmuş bütün proqram və layihələr uğurla icra edilib, rayonun davamlı sosial-iqtisadi inkişafı təmin olunub.

Bildirildi ki, Prezident İlham Əliyevin Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar Nərimanov rayonunun hərtərəfli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni sosial-mədəni obyektlərin yaradılmasına, əhalinin layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verməkdədir.

Rayon iqtisadiyyatında əsas yer tutan sənayenin dinamik inkişafı davam etdirilib və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 421,6 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3,2 faiz artım əldə edilib. İstehlakçılara 1 milyard 417,2 milyon manatlıq və ya bütün sənaye məhsulunun 104 faizi qədər sənaye məhsulu göndərilib. Ötən dövr ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 33,1 milyon manatlıq investisiya yatırılıb.

Qeyd edilib ki, rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 3810 yeni iş yeri açılıb. Eyni zamanda, ötən rüb ərzində rayon rəhbərliyi tərəfindən 1152 nəfər vətəndaşın iştirakı ilə keçirilmiş 13 səyyar görüş və qəbullar zamanı 129 nəfərin müraciəti dinlənilərək öz müsbət həllini tapıb.

Tədbirdə çıxış edənlər rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirib, sakinlərin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər.

Hesabat iclasının yekununda A.Fərzəliyev 2017-ci ilin birinci yarısında görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.

 

“Azərbaycan”