Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni sosial layihələr uğurla gerçəkləşir

18 İyul 2017
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2017-ci  ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunmuşdur.

Rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə edilmiş yüksək dinamikaya uyğun olaraq Nəsimi rayonunda da istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində diqqətəlayiq uğurlar qazanılmışdır.

Prezident İlham Əliyevin Bakı şəhərinin problemlərinin həllini sürətləndirmək, paytaxtın ümumi gözəlliyini və rahatlığını daha da artırmaq yönündə gerçəkləşdirdiyi layihələr, dövlət proqramlarında nəzərdə tutulan məqsədyönlü quruculuq-abadlıq tədbirlərinin ardıcıl yerinə yetirilməsi, daxili imkan və ehtiyatların kifayət qədər hərəkətə gətirilməsi Nəsimi rayonunda da dinamik inkişafı və genişmiqyaslı yeniləşməni təmin etmişdir.

Nəsimi rayonu ərazisində cari ilin ikinci rübü ərzində keçirilən bir sıra tədbirlərdə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişlər. İyun ayının 25-də dövlət başçısı Bakıda Yusif Səfərov küçəsinə paralel salınan yeni yolun açılışında iştirak etmişdir.

İclasda bildirilib ki, rayonun makroiqtisadi, tikinti, ticarət və xidmət sahələri üzrə göstəriciləri 2017-ci ilin birinci yarımili ərzində əvvəlki ilin müvafiq dövründən daha dinamik olmuşdur.

Asif Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də Nəsimi RİH məqsədyönlü işlər aparır. Tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırılması sənədlərinin uyğunluğu və hazırlanan layihələrin memarlıq hissələri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılır. 50-dən çox təklif müzakirə edilmiş, müəyyən olunmuş ünvanlar üzrə 18 layihə razılaşdırılmış, 9 layihə üzrə ərazilər boşaldılaraq söküntü işlərinə başlanılmışdır.

İclasda təklif də irəli sürülmüşdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkün və aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıqlarla əlaqədar Nəsimi rayonu ərazisində həyata keçirilən pilot layihələr çərçivəsində inşa ediləcək yaşayış binalarının mənzil fondundan məcburi köçkün və ya aztəminatlı ailələrə əvəzsiz olaraq bir mənzil ayrılması təklifi iş adamları, MTK rəhbərləri tərəfindən dəstəklənmişdir.

Asif Əsgərov məsələnin aktuallığını və əhəmiyyətini nəzərə alaraq, müvafiq işlərin aparılması üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.

 

Elnur HACALIYEV,

“Azərbaycan”