Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İrina Bokova Beynəlxalq Nelson Mandela Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib

17 İyul 2017


UNESCO-nun baş direktoru İrina Bokova 18 iyul - Beynəlxalq Nelson Mandela Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, müraciətdə İrina Bokova bu əlamətdar gündə azadlıq, ləyaqət və insan hüquqları uğrunda mübarizə aparmış və bu gün də mübarizəni davam etdirən şəxslərə ehtiram ifadə olunduğunu qeyd edir. Bildirilir ki, bu mübarizə iqtisadi, sosial, siyasi, üstəlik iqlim səbəblərindən zəifləmiş cəmiyyətlərdə indiki qədər vacib olmayıb. Müraciətdə, həmçinin UNESCO-nun xoşməramlı səfiri olmuş Nelson Mandelanın ideyalarına sadiq qalmağın vacibliyi vurğulanıb. İrina Bokovanın müraciətinin mətni UNESCO-nun saytında yerləşdirilib.

Nelson Mandela (1918-2013) ömrünün 67 ilini Cənubi Afrika xalqının həyatına müsbət dəyişiklik gətirmək üçün sərf edib. O, 1993-cü ildə Nobel Sülh mükafatına layiq görülüb. 1994-1999-cu illərdə Cənubi Afrika Respublikasının Prezidenti olub və fəaliyyəti dövründə irqi ayrı-seçkiliyə qarşı mübarizə aparıb.

2009-cu ilin noyabrında BMT tərəfindən Nelson Mandelanın doğum günü - iyulun 18-i Beynəlxalq Nelson Mandela Günü elan edilib. Builki günün mövzusu yoxsulluğa qarşı mübarizəyə həsr edilib.