Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərmiş şəxs həbs edilib

17 İyul 2017
İyulun 14-də əvvəllər məhkum edilmiş Sumqayıt şəhər sakini, Novruzov Eldar Ağabala oğlu Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən yolun genişlənməsi və abadlıq quruculuq işlərinin aparılmasına, həmçinin ümumi görünüşə xələl gətirən reklam lövhələrinin dəyişdirilməsinə etiraz əlaməti olaraq heç bir əsaslı səbəb olmadan həmin vaxt küçədəki şəxslərin gözləri qarşısında üstündə gəzdirdiyi “Makarov” markalı tapança ilə onlara tərəf üç dəfə atəş açıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), 228.2.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Cinayətin aləti olan “Makarov” tipli tapança Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən götürülüb.

E.Novruzov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

E.Novruzovun əməlinin Cinayət Məcəlləsinin 221.3-cü və 228.1-ci maddələrindən həmin Məcəllənin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd), 315.1-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) və 228.1-ci maddələrinə tövsif edilərək cinayət işi istintaq aidiyyəti üzrə Abşeron Rayon Prokurorluğuna göndərilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.