Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yunker Türkiyəni Avropadan uzaqlaşmamağa çağırdı

17 İyul 2017
Fətullah Gülənin terrorçu hərəkatının (FÖTE) tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhd etdikdən sonra Avropa İttifaqı (Aİ) Ankaraya kömək əlini uzadaraq onu dəstəkləmişdir. Bu barədə Avropa Komissiyasının başçısı Jan Klod Yunkerin “Bild am Sonntag” qəzetində dərc olunmuş məqaləsində bildirilir.

Qeyd olunur ki, Türkiyə parlamentinin binasındakı izlər, habelə xeyli sayda dinc vətəndaşın ölümü və yaralanması çevriliş cəhdinə mübağiləsiz sübutlardır.

Məqalənin müəllifi xatırladır ki, çevriliş gecəsi o, Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə birlikdə ittifaqın adından qiyamçıları pisləmişdir. Hökumətə ünvanlanmış məktubda deyilirdi: “Avropa İttifaqı Ankaranı həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləməkdə davam edəcək”.

Yunkerin yazdığına görə, Türkiyənin demokratik, sabit və iqtisadi nöqteyi-nəzərdən uğurlu dövlət kimi qalması Aİ üçün vacibdir. “Türkiyə Aİ-dən uzaqlaşmamalıdır, əksinə, ona yaxınlaşmalıdır” – deyə məqalədə vurğulanır.

Daha sonra məqalədə deyilir: “Türkiyədə ölüm cəzasının tətbiqi Ankara üçün Aİ-nin qapılarını bağlayacaq. Çünki bu, Avropa dəyərlərinə ziddir. Biz Ankara ilə terrorçuluğa qarşı mübarizə və energetika təhlükəsizliyi sahələrində razılaşmalar əldə etmişik və bundan sonra da qarşılıqlı əməkdaşlığımızı addım-addım genişləndirməyə hazırıq. Birlikdə çox şeyə nail ola bilərik və Aİ ilə Türkiyə arasında qaçqınlarla bağlı imzalanmış saziş buna dəlalət edir”.